Dövlət Komitəsi səbəbləri açıqlamır, şirkət isə “2 ildir fəaliyyət göstərmirdik” deyir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qarant İnvest” MMC-nin lisenziya fəaliyyəti dayandırılıb. Komitədən Lent.az-a verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti üçün verilmiş lisenziya bu il sentyabrın 16-da dayandırılıb.
Qeyd edək ki, bununla da qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
“Azadlıq” “Qarant İnvest” lisenziyası fəaliyyətinin dayandırılmasını araşdırıb. “Qarant Holdinq”dəki mənbələrdən bizə daxil olan məlumatda bildirilir ki, “Qarant İnvest” 2011-ci ildə yaradılıb. Broker fəaliyyəti göstərməsi üçün 5 illik lisenziya alıb. MMC “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib.
“Şirkətin yaradılmasında məqsəd beynəlxalq maliyyə bazarlarına yatırımlar qoyulmasında vasitəçilik etmək olub. Qısa müddət sonra “Qarant Holdinq” bu fəaliyyəti məqbul hesab etməyib. 2 il imiş ki, “Qarant İnvest” fəaliyyət göstərmirmiş”, – deyə mənbə qeyd edib.
Mənbə “Azadlıq”a onu da deyib ki, “Qarant Holdinq” QKDK-nin vaxtından əvvəl “Qarant İnvest”in lisenziyasının ləğv edilməsinə heç bir etirazı yoxdur.
Qeyd edək ki, “Qarant Holdinq”in rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Ramin DEKO