«Saxta vəsiqə nömrəsi ilə də şərh yazmaq olar»
Bu günlərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov elektron media ilə bağlı xüsusi tədbirlər görüləcəyini açıqlayıb. O, belə tədbirlərə aid təkliflərin payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacağını da vurğulayıb. Siyavuş Novruzovun dediyinə görə, təkliflər gerçəkləşsə, istər saytlarda, istərsə sosial şəbəkələrdə hər hansı istifadəçi öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib sonra şərh yaza biləcək. Onun fikrincə, bu qayda bəzi saytlarda yayılan təhqir və söyüşlərin qarşısını alacaq. Millət vəkili, adlarını açıqlamasa da, bu təcrübənin xarici ölkələrdə də tətbiq olunduğunu diqqətə yetirib.
RUS AVTOMOBİLİNƏ «MERCEDES» MÜHƏRRİKİ?
İnformasiya texnologiyaları mütəxəssisi Cahid İsmayıloğlu sözügedən təcrübəyə dünyanın heç bir ölkəsində rast gəlmədiyini deyir:
«Qeyri-professional fikirdir. Saxta adla şərh yazan, saxta şəxsiyyət vəsiqəsinin nömrəsi ilə də yaza bilər. Bunun nəzəri cəhətdən ehtimal olunan bir yolu ola bilər. Polislər vətəndaşların şəxsiyyət vəsiqələrinin nömrəsi qeyd olunmuş bazadan yararlanaraq, vətəndaşların şəxsiyyətini müəyyən edirlər. Tutalım, həmin bazanı hər bir saytın şərh bölümü ilə əlaqələndirib, bir funksiya yaratmaq olar, amma bu da texniki baxımdan mümkünsüz görünür. Dünyanın heç yerində belə bir şey yoxdur. Təsəvvür edin ki, sovet avtomobilinə «Mercedes» mühərriki taxırsan».
Cahid İsmayıloğlu müzakirəyə çıxarılacaq təklifi senzuraya cəhd kimi dəyərləndirir:
«Əslində, məsələnin kökündə nəzarət dayanır. Hökumət istəyir ki, interneti tam nəzarətə götürsün. Unutmaq lazım deyil ki, internet sel kimi bir şeydir. Qarşısını tutsan, haradansa yırtıq tapıb çıxacaq. Bunu İranda da, Türkiyədə də gördük. Əslində, təhqir məzmunlu şərhlərə saytların özü nəzarət etməli və buna cavabdeh olmalıdır. Bir də, şərh yazanın IP ünvanı görünür. Həmin ünvanla onun hansı kompüterdən, hansı ünvandan yazdığını müəyyənləşdirmək olar. Bu yeni «kəşf» nəyə lazımdır, axı?».