AXCP fəalına qarşı daha bir qərəzli məhkəmə qərarı verildi
Bakı Apelyasiya Məhkəməsi AXCP fəalı Murad Ədilovun şikayətinə baxıb. Bu gün keçirilən prosesdə hakim Qədim Babayev Nərimanov məhkəməsinin qərarından verilən şikayətə baxaraq onu təmin etməyib. Bu barədə Murad Ədilovun vəkili Yalçın İmanov “Azadlıq”ı məlumatlandırıb.
O bildirib ki, şikayətləri Murada saxlanarkən və Sabirabad polis şöbəsində olarkən verilən işgəncə faktlarının tanınması ilə bağlı olub.
Vəkil bildirib ki, Murada verilən işgəncə faktlarının araşdırılması respublika çərçivəsində başa çatdıb. Bu işlə bağlı artıq yaxın günlərdə Avropa İnsan haqları məhkəməsinə şikayət göndəriləcək.
Murad saxlanılarkən öz iradəsi əleyhinə ifadə vermək üçün bir saata yaxın işgəncə verilib. O, döyülüb, təhqir edilib, ac və susuz saxlanılıb. Hələ işgəncə prosesində iştirak edən 7 nəfərdən ikisinin adı bəllidir. Onlar Sabirabad polis rəisinin müavini Əlifağa Kazımov və Sabirabad Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Vüsal Şəbəndiyevdir.
Maraqlıdır ki, hər iki şəxs uzun müddətdir polis idarələrində işgəncə faktları ilə medainın diqqətindədilər. Kazımov Zaqatala və Masallıda işləyərkən ruhailərə qarşı işgəncələri və şərləmələri ilə “məşhurlaşıb”, Şəbəndiyev isə facebook fəalı Bəxtiyar hacıyev Kəpəz rayonunda tutularkən ona qarşı zorakılıq etmişdi.
Qeyd edək ki, Murad Ədilovun məhkəməsi qapalı keçirilsə də, partiyadaşları ona dəstək üçün Apelyasiya məhkəməsi önündə toplaşmışdılar.
S. Novruz