Sabiq millət vəkili “Azadlıq”a müraciət yolladı
Sabiq millət vəkili Hüseyn Abdullayev Azərbaycan hökumətinin onu İnterpol vasitəsilə axtarışa verməsi faktı ilə razılaşmayaraq uzun müddətli yazışmalar aparıb və İnterpola təqdim etdiyi sənədlər əsasında bu axtarışın uydurma cinayət işi əsasında verildiyini sübut edib. İnterpol Hüseyn Abdullayevi axrtarışdan rəsmən çıxarıb. Bununla bağlı Hüseyn Abdullayev “Azadlıq” qəzetinə açıqlama yollayıb.
“Hörmətli həmvətənlərim, sevimli xalqım.
Nəzərinizə çatdırıram ki, vəkilərimin uzun müddətdir apardıqları qarışılıqlı yazışmaların nəticəsində mərkəzi Fransanın Lion şəhərində olan Beynəlxalq Polis təşkilatı- İnterpol avqust ayından mənim haqqımda axtarışı öz rəsmi veb səhifəsindən çıxarmışdır.
Hesab edirəm, belə bir mühüm faktın özü də mənim nə qədər günahsız olduğumu bir daha təsdiq edir. Eyni zamanda, bu hadisə onu göstərir ki, Azərbaycanda mövcud olan despotik reji təmsilçilərinin mənə qarşı yönəltdikləri saxta ittihamları tamamilə qərəzli və sübutsuz, heç şübhəsiz ki, siyasi motivlərlə bağlı olmuşdur.
Dəyərli dostlarıma bir məlumatı da çatdırıram ki, mən bundan sonra öz Ana Vətənim Azərbaycandan başqa dünyanın bütün digər dövlətlərinin ərazisinə sərbəst gedib- gəlmək hüququna malikəm. Niyə, Azərbaycandan başqa? Çünki Azərbaycan hökuməti hələ də, mənə qarşı açdığı uydurma cinayət işini bağlamır. Hələ də mənə və mənim ailə üzvlərimə qarşı öz çirkin siyasi təqiblərini davam etdirir.
Əzizlərim! Bu açıqlamanı yekunlaşdırmazdan öncə, son zamanlar üzləşdiyim çətin bir dönəmdə mənə göstərdikləri böyük mənəvi dəstəyə görə həm doğma Azərbaycanımızda yaşayan dəyərli insanlara, həm də müxtəlif səbəblərdən öz Ana Yurdunu tərk edib xaricdə yaşamağa məcbur olan bütün bacı-qardaşlarıma, ağsaqqal-ağbirçəklərimə öz adımdan və ailəmizin adından təşəkkürümüzü bildirirəm.
Onu da xüsusən qeyd etməliyəm ki, taleyimin qarşılaşdığı bu ağır günlərdə təməl insan haqları prinsiplərinə ciddi önəm verən və mənim hüquqlarımın qorunmasında tam ədalətli mövqe nümayiş etdirən Almaniya dövlətinə və çox böyük hörmət bəslədiyim alman xalqına minnətdarlığımı bildirirəm”.