Eldəniz Quliyev isə əsl məhkəmə predmetinin Ehsan Zahidovun açıqlamasının olduğunu düşünür
DİN rəhbəri Ramil Usubov Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü, rejissor Eldəniz Quliyevi məhkəməyə verdiyi barədə məlumat vermişdik. Nəsimi Rayon Məhkəməsində qaldırılan iddiada E.Quliyevin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunması tələb edilir. İlk məhkəmə iclası sentyabrın 1-nə təyin olunub. Bu arada E.Quliyevin mətbuatda dərc olunan məqaləsinə DİN mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov münasibət bildirib. Yazı bir sıra saytlarda dərc olunub. Amma E.Zahidova aid yazıda E.Quliyevin ünvanına bir sıra sərt ittihamlar səsləndirilib. E.Zahidova məxsus bir sıra sərt fikirləri diqqətinizə çatdırırıq: «Ziyalı adına ləkə yaxan, bu ada xələl gətirən, bu adın arxasında gizlənərək başqalarına çirkab atan Eldəniz Quliyev yəqin onu da bilmir ki, daxili işlər orqanlarının işgüzar nüfuzunu gözdən salmağa, polis əməkdaşlarının şərəf və ləyaqətinin təhqirinə yönəlmiş cızmaqarasına görə qanun qarşısında məsuliyyət daşıyır. Hətta olmuş olsa belə, bir nəfərin neqativ hərəkətinə görə onun təmsil etdiyi quruma qarşı əsassız ittihamlar irəli sürmək, onların ünvanına KİV vasitəsilə təhqirlər yağdırmaq birbaşa cinayətdir”.
R.Usubovun vəkili Əlirza Həbilov qəzetimizə açıqlamasında bildirdi ki, E.Quliyev onunla bağlı məhkəməyə edilən müraciətlə bağlı yanlış fikir formalaşdırmağa çalışır: «Eldəniz Quliyevin də əyləşdhiyi avtomobil yol hərəkəti qaydasını pozduğuna görə saxlanılır. Avtomobilin sürücüsü güman ki, Eldəniz müəllimə yaxın adamdır. Avtomobil saxlanıldıqdan sonra sürücü barəsində protokol tərtib olunub. Sürücü qayda pozuntusuna yol verdiyinə görə barəsində protokol tərtib olunmasına etiraz etməsə də, Eldəniz Quliyev kəskin ifadələr işlədib. Hətta polis əməkdaşına reket də deyib».
DİN-in siyasətlə məşğul olmadığını deyən Ə.Həbilov vurğuladı ki, ona görə mətbuatda DİN-in adının siyasi sifariş icra etməkdə hallanması yanlışdır: «Eldəniz Quliyev məqaləsində polisi təhqir edən ifadələrə yol verib. Amma mətbuatda belə təqdim olunur ki, baş verənlər Eldəniz Quliyevin siyasi fəaliyyəti ilə bağlıdır. Əgər kimsə yol verdiyi yanlışlığı etiraf edirsə, onunla barışmaq şansları yaranır. Amma hazırda belə meyil hiss olunmur».
E.Quliyev «Azadlıq»a açıqlamasında bildirdi ki, ona qarşı polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır. E.Quliyev bildirib.
ki, yol polisi əməkdaşlarının heç bir səbəb olmadan sürücünü saxladığının və pozuntu haqda protokol tərtib etməsinin şahidi olub. Və o, bu barədə düşüncələrini sosial şəbəkədə paylaşaraq, daxili işlər nazirinə müraciət edib: «Mən bu hadisə baş verən zaman sadəcə olaraq yol ilə keçmişəm və hadisəni izləmişəm. Bunlar çox şey deyə bilər. Yəqin bir azdan deyəcəklər ki, mən polisə tapanca və avtomat da çıxarmışam. Qəribəsi odur ki, Ramil Usubovun vəkili mətbuatda çıxışında bəyan edib ki, hüquqlarını qoruduğu şəxs məni nazir kimi yox, adi vətəndaş kimi məhkəməyə verir. Mənim paylaşdığım statusda Ramil Usubov barəsində bir kəlmə də yoxdur. Cəmisi bir yerdə hörmətli nazir ifadəsi işlədilir. Əgər bu təhqirdirsə, mən heç nə anlamıram».
E.Zahidovun açıqlamasına da münasibət bildirən E.Quliyev vurğulayıb ki, E.Zahidovun da yazısından görünür ki, əsl təhqirə məhz o yol verib: «Ehsan Zahidov öz açıqlamalarında məni ittiham edir və satausumda guya Azərbaycan polisinə şər-böhtan atdığımı, polisin şərəf və ləyaqətini dörd- beş yerdə təhqir etdiyimi deyir. DİN nazirinin məni məhkəməyə verməsinə də məhz bu statusun səbəb olduğunu bildirir. Mən sosial şəbəkədə həm öz yazdığımı, həm də Ehsan Zahidovun mənə cavabını yerləşdirmişəm. Bu iki yazını müqayisə edən həqiqəti çılpaqlığı ilə görür. Çox təəssüf edirəm ki, DİN-in mətbuat xidmətinin rəis müavini bu cür şəxsdir. İndi bir söz deyəcəm AzTv stilində çoxsaylı polis «müraciətləri» daxil olacaq».
Onu da qeyd edək ki, E.Quliyevin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edəcək.
Bu arada E.Quliyevə qarşı irəli sürülən ittihamlar ictimaiyyətdə birmənalı qarşılanmayıb. E.Quliyevin məhkəməyə verilməsinə etirazlar davam etməkdədir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal vurğulayıb ki,
Milli Şura onu sonadək müdafiə edəcək: «Eldəniz bəylə bağlı baş verənlər birmənalı olaraq siyasi sifarişdir. Ona qarşı xüsusi ittiham qaydasında iş qaldırılması Eldəniz bəyin iqtidara qarşı barışmaz mövqeyi və MŞ-dakı fəaliyyəti ilə baglıdır. Polis orqanlarında baş verən qanunsuzluqları dilə gətirən ziyalıya qarşı yüksək səviyyədə ittiham verilməsi bu cəmiyyətdə baş verən hüquqi nihilizmin bariz nümunəsidir. Əgər özünü güzgüdə əyri görürsənsə güzgünü sındırmaga nə hacət? Vətəndaşın verdiyi qanunsuzluq haqda məlumatı yoxlamaq, araşdırmaq əvəzinə ona qarşı iş qaldırmaq ancaq qanunsuzlugun tügyan etdiyi ölkədə mümkündür.
MŞ olaraq bizlər Eldəniz bəyin hüquqlarını sona qədər müdafiə etmək əzmindəyik. Düşünürəm ki, bu proses bu işi qaldıranların özlərinə qarşı ittiham prosesinə çevriləcək. İqtidar mənsubları agıllı olmalı və bu prosesin qarşısını vaxtında almalıdır və bu absurd ittihamı dayandırmalıdır.”
Hikmət