Oxucusunun sayı səhifələrinin sayınnan az olan “Yeni Azərbaycan” qəzetinin əməkdaşlarınnan qeyri kimsənin tanımadığı, istedadı mədəsində olan “görkəmli” cızma-qaraçılardan biri olan Pərviz Sadayoğlunun “Şuşa xəyanətlərinin şərikləri-xəyanətkar Leyla Yunusova-Barseqyan, satqın Rəhim Qazıyev…” adlı şedevri
1989-cu il Oktyabr ayının 19-da Ağcabədidə həmin dövrün Kommunist rəhbərlərinin rüşvətxorluğuna qarşı baş vermiş xalq üsyanından qorxuya düşüb partiya biletinə, raykomun 2-ci katibi vəzifəsinə, kabinetinə tüpürərək canını götürüb qaçmış, hal hazırda parlamentdə “danışmaq gümüşdürsə, danışmamaq qızıldır” atalar sözünü fəaliyyət devizi seçərək lal-dinməz əyləşən təyinatlı deputat Tahir Rzayevin “Rəhim Qazıyev də, Leyla Yunusova da Azərbaycana xəyanət edən adamlardı” sitatı ilə başlayır.
Ağcabədi olayınnan 25 il keçdikdən sonra, o dövürdəki olaylar zamanı həmin rayonun partiya komitəsinin 2-ci katibi olaraq vəzifə borcunu şərəflə yerinə yetirmək əvəzinə, rayon camahatının qəzəbinnən çox-çox dəyərli canını götürüb qaçan hal hazırda təyinatlı deputat 1/4 əsirdən sonra cəsarətə gələrək, çox dərin qatlarda yerləşən, indi isə nalə çəkib, ona rahatlıq verməyən “vicdanının” səsilə danışmaq, 25 il qursağında saxlamış, həmin dövürdə vətənə xəyanət etmiş, Ağcabədini qarışdırmış, onu və onun kimi “fədakar” rayon rəhbərlərini isti yuvalarınnan, “halal” qazanclarınnan məhrum etmiş Leyla Yunusu və Rəhim Qazıyevi məhşər ayağına çəkmək qənaətinə gəlmişdir.
Maşallah, Allah pis gözdən, bəd nəzərdən saxlasın. Hörmətli oxucular, Siz bu varlıqdakı dönməz əqidəyə, heyrətamiz prinsipiallığa, məxvi sirrləri uzun müddət ciyərini vərəm edərək saxlama qabiliyyətinə diqqət yetirin. Şükürlər olsun ki, Tahir Rzayev 25 il belində gəzdirdiyi ağır yükdən böyük fədakarlıqla qurtula bilib. Onun Ağcabədi olayları barəsində “Politika az” saytına 20.08.2014 il tarixində verdiyi şər-böhtan dolu açıqlamaya mən “Azadlıq” qəzetinin (həm də saytının) 21.08.2014 tarixli sayında ondan fərqli olaraq konkret faktlarla cavab verdim və və bu dəyərli, təyinatlı deputat ürəkli olsun deyə, onun üçün “doğma” və “əziz” bir redaksiyada debata çağırdım. Təbii ki, o özündə cəsarət tapıb debata gəlmədi. Mən Ağcabədi olayları barədə bir daha danışmaq zərurəti görmürəm.
Yuxarıda qeyd etdiyim yazının müəllifi Şuşa, Laçın rayonlarının işğalı barədə öz ağlına, səviyyəsinə uyğun mülahizələrini sərgiləyir. Yazdığının fərqinə varmayan, əmrlə, “Fatı qalx, Fatı otur”timsalında əlinə qələm alıb ağlına gələni sayıqlayan yazarlara çox yazığım gəlir, həm də bu cür sifarişli yalan-böhtan yazanlar cəmiyyət üçün “SPİD” virusunnan da təhlikəlidirlər. Hər bir vicdanlı Azərbaycan vətəndaşı Şuşanın, Laçının və ümumiyyətlə bütün işğal altında olan rayonlarımızın işğal səbəblərini öyrənməlidir, bilməlidir. Və bu işğala səbəb olan hər bir kəsi lənətlədamğalamalıdır. Onların xalq qarşısında edam olunmasını tələb etməlidir. Ərazilərimizin işğal səbəbləri və səbəbkarlarının qərəzsiz, ədalətli araşdırıb ortaya çıxarıb xalqa təqdim etmək, əlindəki qələmin bəşəriyyət tarixində icad olunan silahların ən qüdrətlisi olduğundan bixəbər qalan sənin kimi sifarişlə cızma-qara, şər böhtan yazan rəzil jurnalist adlandırılan binəvaların və yuxarıdan gələn sifarişlə saxta höküm çıxaran nadan, cahil hakimlərin qaldıra biləcəyi daş deyil.
Konkret olaraq Şuşa-Laçın rayonlarının işğalı ilə əlaqədar 1994-1995 ci il və 2002-2003-cü illərdə 51 cildlik, 11000 səhifəlik istintaq materiallarına əsasən məhkəmə prosesləri keçirilib. Vətənini sev ən, vicdanı, qeyrəti olan hər bir Azərbaycan vətəndaşı həmin rayonun işğalının səbəblərinin və səbəbkarlarının kim olduğunu bilmək istəsəydi gəlib həmin məhkəməni izləyərdi, xəyanəti, cinayəti törədən şərəfsizləri də amansız nifrət dolu baxışları ilə lənətləyərdi. Sən və təyinatlı deputat Tahir Rzayevə və sizinlə həmrəy olanlara üzümü tutub deyirəm, ey psevda vətənpərvərlər, həmin məhkəmələr keçirilən müddətdə hansı süpürgənin arxasında gizlənmişdiniz? Niyə həmin yerlərdə iziniz-tozunuz yox idi? Ümumi milli faciəmiz olan Şuşa Laçın və digər rayonlarımızın işğalı həqiqi mənada sizin olmayan vicdanınızı ağrıtsaydı, heç olmasa internet vasitəsi ilə Şuşa-Laçının işğalı barədə “YOUTUBE”-a qoyulmuş 100 (yüz) seriyalı sənədli məhkəmə proseslərindən bixəbər olmazdınız. Siz sifarişlə yazanların, danışdırılanların faciəsi ondadır ki, səsi eşitsəniz də onun haradan gəldiyindən bixəbər olursunuz. Ona görə ki, robotlar kimi başınızın ağalarının verdiyi proqramlarla kortəbii hərəkət edirsiniz. Mahiyyətini dərk etmədiyiniz əmrlərin müti icraçısısınız! Hüquqi dövlətdə sifarişlə yazdığınız cızma-qarada Leyla Yunus və mənə ünvanladığınız şər-böhtana görə Pərviz Sadayoğlu sənə, və təyinatlı deputat Tahir Rzayevə hal-hazırda Azərbaycanda kağız üzərində rəsmi qüvvədə olan, lakin yuxarıların istəyi ilə ayaqlar altında taptanan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açıla bilər. Lakin burası Azərbaycandır. Ancaq unutmayın ki, 1937 ci illərin, SSRİ kimi nəhəngin sonunu görmək bizə nəsib olub. İnsəallah bu rejimə də sizin kimi robot-qul rəzilliyi ilə qarınlarını doyurmaq xatirinə şərəfsizcəsinə xidmət edənlərin sonunu görəcəyik !!! Ey “günə arxayın olub paltarını isladan” binəvalar, unutmayın ki, Leyla Yunusa verilmiş CM-nin məlum maddəsinə müvafiq məhkəmə hökmü yoxdu !!! Yuxarıdan olunan bütün amansız təziqlərə, göstərişlərə baxmayaraq mənə vətənə xəyanət maddəsi verilməyib, və verilə də bilməzdi. Ona görə ki, qaranlıq otaqda olmayan qara pişiyi tapmaq qeyri-mümkündü !!!
Pərviz Sadayoğlu, cızma-qaranın sonunda mənə ünvanladığın iki suala cavabla yazımı yekunlaşdırıram. Ünvanladığın sualları olduğu kimi hörmətli oxuculara təqdim edirəm. Ona görə ki, sənin cızma-qaranı və ümumiyyətlə əməkdaş olduğun palaz boyda qəzetin redaksiya əməkdaşlarınnan qeyri oxuyanların sayı barmaqla sayılan qədərdir. Bu acı həqiqəti yəqin ki, özünüz də bilirsiniz.
1. Rəhim Qazıyev, görəsən, bu gün hansı mənəvi haqla onun kimi min bir xəyanətə(Maşallah, sənətkardakı riyazi dəqiqliyə bir fikir verin ! red R.Q) imza atmış L.Yunusova-Barseqyanın müdafiəsinə qalxıb?
2. Görəsən, Rəhim Qazıyev hərdən özünə bu sualı verirmi: mənim bu xalqın arasında gəzməyə haqqım çatırmı?!
Verdiyin, mənasını özün də dərk etmədiyin hər iki sual üçün təşəkkür edirəm. Hər iki suala çox sadə, hətta sənin və Tahir Rzayevin də başa düşüb inkar edə bilməyəcəyi əyani faktlarla cavab verəcəm ki, başa düşüb, vicdanınız varsa bir az da olsa xəcalət çəkəsiniz.
Birinci sualda mənasını özün də dərk etmmədən “mənəvi haqqın varsa” deyərək Uca Allahın bəndələrinə verdiyi, yığılan milyardlarla rüşvət pullarına alınması mümkün olmayan mənəvi dəyər kimi müqəddəs nemət anlayışına toxunursan. Mənəvi dəyər kimi Uca İlahi nemətinə sahib olan şəxsin hökmə inamı, imanı və həssas pak vicdanı olur. Ey özündə olmayanı özgələrdə axtaranlar, bu gün sizlərdən ötrü əstağfirullah bütləşdirilib Allahı səviyyəsinə qaldırılmış Heydər Əliyevin 1969-1987 ci illərdə ayağının toxunu yalamaq üçün növbəyə düzülmüş , onun tərəfindən müxtəlif dövlət, hökumət vəzifələri almış rəzil məxluqlar, O hakimiyyət olimpindən aşağı salındıqdan sonra və əsasən də 1990-1993-cü illin qış aylarına kimi, indi Tahir Rzayevin təyinatlı deputat kimi oturduğu Parlamentin iclas zalında nələr baş verdiyinin canlı şahidlərinnən biri də mənəm. Heydər Əliyev tərəfindən laiq olmayan vəzifələrə təyin edilən həmin şərəfsizlər , onu həmin parlamentdə təhqir etdilər., söydülər, ayaqlarını döşəməyə döyərək fit çalıb çıxışını yarımçıq kəsməyə məcbur edib tribunadan düşürdülər. Bax, mənəviyyat deyilən, mübarək ilahi dəyərdən məhrum olan həmin məxluqlar 1993-cü ilin 15 iyunundan sonra heç nə olmayıbmış kimi yenə də ATA deyib onun üstünə yüyürdülər, nəinki əlini, ayağını, hətta naməhrəm yerlərini öpməyə də hazır olduqlarını xəcalət belə çəkmədən bəyan etdilət. Heydər Əliyev onların çoxunu alçaldaraq, üzünə tüpürərək qəbul etdi. Ona görə ki mövcud rejimi yaşatmaq üçün Heydər Əliyevə manqurdlar, maddi dünya malına sahib olmaq xatirinə son həddə kimi alçalmağı özünə rəva bilən mənəviyyatsız rəzillər gərək idi. Necə deyərlər, Aşıq gördüyünü çağırar.Ona görə də mənəviyyatdan, əqidədən bixəbər olan sənin kimilər şər-böhtanlarla dolu ittihamlarla həbs olunan Leyla Yunusu mənim müdafiə etməyimi heç cürə anlaya bilmirlər, bilməyəcəksiniz də !!! Ona görə ki, sizin kimi bu maddi dünya xatirinə yaşayanları alqışlarla qaldırdığınızın müəyyən müddətdən sonra söyüb fitə basaraq təpəsi üstə saldığınızın kimliyi zərrə qədər də maraqlandırmır. Buyur, bax sitatlarınnan istifadə etdiyin Tahir Rzayev üzvü olduğu, vəzifə aldığı, “doğma kommunist partiyası”nı əziz canına təhlükə yaranan kimi qoydu qaçdı. Bir xeyli ortada yedi, qıraqda gəzdi. İndi də “haqqın” yolunu tapıb yeni “doğması YAP-ın köməyi ilə parlamentdə deputat təyin olunaraq özünə rahat eşənək tapması bir yana, rejim üçün xoşagəlməz şəxslərin ünvanına xəcalət çəkmədən uydurulmuş yalan-böhtanları sənin kimi “ədalətli” qələm ustalarının vasitəsi ilə olmuş həqiqətlər kimi cəmiyyətə sıramağa çalışır.
Mən tanıdığım hər bir şəxsi məni gözləyən təhlükəlləri, həbsləri, məhdudiyyətləri qətiyyən nəzərə almadan müdafiə etmişəm, edirəm və edəcəyəm. Yuxarıda qeyd etdiyim dövürdə Heydər Əliyevin üstünə təhqirlər, söyüşlər dolu kimi yağanda onu da müdafiə etmişəm. İndi də Leyla Yunusu necə tanıyıramsa, o cür də müdafiə edəcəyəm. Ona görə də sizdən ötrü çox dəyərsiz olan anlamadığınız mənəviyyat kimi İlahi dəyərdən danışmağı, yazmağı sizə məsləhət görmürəm.
Pərviz Sadayoğlu, verdiyin ikinci suala konkret faktlarla cavab verəcəm. Buyurun, ikinci sualınızın cavabı ilə qismən də olsa tanış olun.
Mən ölkəmizdə tam xaosun höküm sürdüyü, keçmiş sovet ordusunun Azərbaycanda yerləşən hərbi hissələrinin kimsə tərəfindən müqavimətə rast gəlmədən respublikamızda at oynatdığı bir dövürdə Müdafiə naziri təyin olunmuşam. (18.03.1992) Onda Müdafiə Nazirliyi altı aylıq idi. Nazir olduğum 11 ay müddətində Şuşa-Laçın kimi ağır itkilərimizdən dərhal sonra, yenicə silahlanmış qeyrətli balalarımızın şücaəti, qanı canı bahasına DQ-nın ümumi ərazisinin 52%-ni, o cümlədən Ağdərəni, Şamuyan kəndi, Gülüstanı, Gədəbəydən Baş kəndi, Laçın rayonunun 67 yaşayış məntəqəsini şərəfsiz ermənilərdən azad etdik.1988-ci ildən ermənilər tərəfindən bağlanan Tər tər-Kəlbəcər yolunu tamamilə açdıq və yol bizim nəzarətimizə keçdi. Qeyrətli döyüşçülərimiz Xankəndinin 8-10 km-ə çatdılar. 164 il Azərbaycanı təpiyi altında əzən 1920-ci ildə milli Azərbaycan hökumətini süqut etdirən, şərəfinə Heydər Əliyevin abidə yapdırdığı 11-ci qızıl ordunun ələflərinin əlində olan bütün hərbi əmlakı Respublikanın mülkiyyəti edərək işğalçı ordunun bütün hissələrini (104-cü Gəncə desant divizyası istisna olmaqla) 24 Avqust 1992-ci ildə ərazimizdən çıxardıq. Gəncədə yerləşən 104-cü DD-sı isə 24 May 1993-cü ildə ərazimizi tərk etdi. AR-nın MN-in tam strukturu , Hərbi Prokurorluq, Hərbi Tribunal, ordu nizamnaməsi, əsasnaməsi yazıldı. 09 Oktyabr 1992-ci ildə möhtəşəm parad keçirildi.
Mən 1993-cü il 17 Fevral tarixində üçüncü istefa ərizəmi verib nazir vəzifəsinnən gedəndə Azərbaycan MN-in S.Q-nın avanqard hissələri Xankəndinin 8-10 km-də dayanmışdı. Tər tər -Kəlbəcər yolu tamamilə bizim silahlı qüvvələrimizin nəzarətində idi. Laçın rayonunun şimaldan 53, cənubdan 14 yaşayış məntəqəsi azad olunmuşdu. Laçın dəhlizi düz xətt boyunca bir km-dək daralmışdı.
Heydər Əliyev törədilən təxribatlar və itkilər hesabına hakimiyyətə gəldikdən az sonra keçmiş iqtidar komandasından mən Rəhim Qzıyevi müsbət xarakterizə edərək 29 İyul 1993-cü ildə Milli məclisin birbaşa canlı yayımında gedən iclasda Baş Nazirin Hərbi Sənaye Kompleksi üzrə (indiki Müdafiə sənayesi Naziri) muavini vəzifəsinə təstiqləmək üçün səsə qoydu. Mən söz alıb çıxış edərək həmin vəzifəyə getməkdən imtina etdim. Bu vəzifə H.Əliyev tərəfindən mənə təqdim olunan gün Şüşanın işğalından 14 ay 21 gün keçmişdi. Dahi şəxsiyyət adlandırdığınız , Azərbaycanda üzdə olan adamlar haqda ən xırda detallardan da xəbəri olan H.Əliyev müharibə gedən bir ölkədə çox mühüm post olan HSK-a məni başçı qoyanda Şuşanın işğaı səbəblərinnən doğurdanmı bixəbər idi?
Ay binəvalar, sizlərdən fərqli olaraq çoxlarının bildiyi, kimsənin inkar edə bilmədiyi tarixi həqiqətləri yazıram. O vaxt H.Əliyevə təriflər söyləyərək , Allah eləməmiş, ikiqat əyilərək həmin vəzifəni qəbul edib xalqımızın qanını soranlarla bir sırada durub milyardlar sahibi olsaydım indi Şuşa-Laçının işğalında günahkar kim olacaqdı?
Ey sual sahibləri, artıq ərazilərimizin işğalı məqsədi ilə ölkəmizdə gedən elan olinmamış müharibənin 26-cı ilinə qədəm qoymuşuq. Bu müddətdə Müdafiə Nazirliyində mənnən əvvəl üç, mənnən sonra dörd çiyinlərində zərli paqonlar, sinələrində bərq vuran orden medallar gəzdirən o qüdrətli generallar Nazir vəzifəsiniicra ediblər. Nəmən Nazir gələnə qədər, nə də mən istefa verib gedənnən sonra bu yedi generalın dövründdə yeddi metr torpaq azad edilməyib. Biz qeyrətli vətən oğullarının canı, qanı hesabına azad etdiyimiz ərazilərin üçdə ikisinidə daxil olmaqla altı rayonumuzu, yəni ümumi ərazilərimizin 20 % -ni işğal altına salıb xəcalət çəkmədən rüşvətlə yığdıqları milyardlar hesabına dəbdəbəli illalarda harın həyatı sürən və bu harınlıqları görüb, görməməzliyə vuranlar mənə həmin sualı ünvanlayanda düşünsünnlər ; SİZİN BU XALQIN İÇİNDƏ YAŞAMAĞA HAQQINIZ VARMI ?
Sizinlə və sizin kimi düşünənlərlə canlı debata həmişə hazıram. Canlı yayımda sizə ünvanlayacağım çox sualım var.
P.S. Qəribə burasıdır ki, belə məzmunlu sualları mənə ünvanlayan varlıqların tam əksəriyyəti vətənimizdə real müharibənin getdiyi, silah sürsatın, hərbi təlim görmüş bir dənə də taborumuzun olmadığı bir vaxtda vətənin müdafiəsindən müxtəlif bəhanələrlə başını götürüb qaçan, fərarilik edən, ortada yeyib qıraqda gəzən “namus” “qeyrət” “cəsarət”sahibi olan “şərəfli” şəxsiyyətlərdi. Bütün bunlara baxmayaraq yuxarıda qeyd etdiyim həmin sualların müəllifi və ya müəllifləri yəqin ki şəxsiyyət vəsiqələri olan ölkə vətəndaşlarıdır.