Kamil Vəli Nərimanoğlu
Salam Ustad! Bu gün Sizin Doğum gününüzdür. Bu gün (məqalə avqustun 16-da yazılıb)yenə Sizin ruhunuza üzümü tutub sözlərimi deməyi özümə borc bilirəm. Bu söz yalnız mənim sözüm deyil, vurğunu olduğunuz millətin sözüdür. Bu sözləri demək başımızın borcudur. Günümüzün qəribəlikləri az deyil. Günümüzdə ağır sosial problemləri, siyasi zorakılığı hətta hüquqa sığmayan hərəkətləri görməzdən gəlib ayla-ulduzla danışan, guya dünya zövqlərinə etinasız olan bir sürü dərviş Azərbaycanı ağzına götürüb. Guya onlar mələklərlə danışırlar, iblislə əlləşirlər… Adam istəyir hayqırsın ki, ay dərviş baba hər gün yaşadığınız haqsızlığı, iştirak etdiyiniz haqsızlığı qoyub mələklərlə nə işin var, mələklərlə sənin nə əlaqən var.
Amma dərvişanə insanlarımız, dərviş anları, günləri, ayları hətta bəzən illəri yaşayan insanlarımız da çox olub. Məhəmməd Hadi, Səməd Mənsur, Islam Ibrahimov, Vidadi Məmmədov, Natiq Səfərli, Tanrıqulu, Akif Səməd… Azərbaycanda elm sahəsində son dərviş Möhsün Nağıyev idi. Sənət aləminin son dərvişi Səttar Bəhlulzadə idi. Bir də özünü dərvişliyə vuran əllamələr var ki, onların dərvişliklə bir əlaqəsi yoxdur. Şəxsən tanıdıqlarımdan Azərbaycanda bilib duyan, bildiklərini də dərindən açıqlayan nadir insanlardan biri Əbülfəz Elçibəydir. Amma Əbülfəz Bəyə dərviş demək yanlışdır. O, dövlət xadimi və siyasətçidir. Təmizliyi, saflığı, təmənnasızlığı onun xislətindən, qanından gəlirdi ki, o xislətə dərviş xisləti demək olar.
Bəxtiyar müəllim, Siz şərəfli həyatınızda, günlük siyasətlə məşğul olmadınız. Hər gün dəyişən siyasi ab-hava Sizin maraq dairənizdən uzaq idi. Ürəyinizdəki istiqlal ideyası demokratik dəyişmələr və insan haqları məsələsindən çox üstün idi. Onun üçün Siz bu istiqlal naminə onun öndəri və şəhidi Elçibəyi də sevirdiniz. Ən gözəl şeirlərinizdən birini ona həsr etmişdiniz. Heydər Əliyevi də dövlətçilik və istiqlalın qorunması naminə sevdiniz və yüksək qiymətləndirdiniz. Vətənin taleyi üçün nanə yarpağı kimi əsən ürəyinizdə şair həssaslığı aparıcı idi.
Mən Sizin bu mövzuda ədalətli olub-olmadığınızı mühakimə etmək istəmirəm. Indi buna haqqım yoxdur. Sağ ikən əziz müəllimim və ərk yerim kimi sözümü demişəm. Artıq sizin Ruhunuz qarşısında biz hamımız borcluyuq. Çünki istiqlal hər şeydən müqəddəsdir.
Ustad, 2-3 gün öncə Azərbaycan böyük bir övladını itirdi. Cavad Heyət ustadımızın ruhu Sizin yanınıza gəldi. Artıq Siz birlikdəsiniz. Bütöv Azərbaycan bir yana, ürəyi də susdu. Vətən bir daha yetim qaldı. “Varlıq” dərgisinin qurucusu dünyaca məşhur böyük cərrah-alim dilçi-ədəbiyyatçı, ilahiyyatçı-filosof Cavad Heyət bütün dünyada Azərbaycanın səsi kimi tanınır və sevilirdi.
Mən Sizin Cavad Heyətlə birlikdə Türkiyədəki günlərinizi çox yaxşı xatırlayıram. Siz Türkiyəni ata evi bilirdiniz. Istanbulda tibb təhsili almaqla bərabər Istanbulda ədəbi-mədəni həyatını dərindən bilan Cavad Heyət Türkiyəni qardaş eli bilirdi. Onun bütöv Azərbaycan problemi ilə bağlı Türkiyə Prezidentinə yazdığı böyük bir məktub ciddi tarixi sənəddir, aldığı mükafatlar, nəşr etdiyi kitablar, çıxışlar və s… ona qardaş Türkiyədə əbədi şöhrət və məhəbbət qazandırmışdı. Nurlu, mehriban, dərin insanı itirməklə biz heç vaxt unudulmayacaq – Vətən mücahidini, bütünlük mübarizini itirdik.
Həyatının son illərini Bakıda yaşasa da ürəyi Təbrizlə çırpınan Cavad Heyətin Sizinlə vəhdətləşən birlik, bütövlük idealı yetim qaldı.
Vətənsevər fikir və iş adamı dostunuz Əli Polad 4 dildə iri həcmli Təbriz kitabı hazırladı. Türkiyə türkcəsi, farsca və ərəb əlifbası ilə, Azərbaycan türkcəsində yaxında 2 cildə Bakıda yayımlanacaq və təqdim olunacaq. Azərbaycan türkcəsində hazırlanmış kitab hər ikinizin, eyni zamanda Şəhriyarın Təbrizli-Bakılı, qələm və düşüncə adamlarının vəsiyyətinin gerçəkləşməsidir.
Könül birliyində yaşatdığımız tarixi bütünlüyümüz bu cür kitab abidələrində əbədiləşirsə, nə mutlu bizə.
Əli Poladın hazırladığı Şəhriyar-Bəxtiyar CD-si hələ tamamlanmayıb, Sizin səs kaydınızı evində, boxçasında saxlayan.
Sizin irsinizi mərkəzləşdirən böyük ev-muzeyin olmaması görüləcək işləri çətinləşdirir. Unutmayaq ki, Şəhriyar-Bəxtiyar yolu bizim sabaha açılan yolumuzun şah damarıdır. Bizim birliyimizi istəməyənlərə ən böyük zərbə bizim bu birlik ətrafında bütünləşməmiz və bu yolda görə biləcəyimiz işlərdir.
Məkanı Milli Akademiyanın Ədəbiyyat və Dil institutları, Ədədbiyyat muzeyi, Bakı Dövlət Universitetinin Türk-Dil Qurumu, Atatürk Kültür Mərkəzi olan təşkilatlar Azərbaycanda və Türkiyədə əməkdaşlıq etməli, birgə fəaliyyətə imkan daxilində Təbriz, Dərbənd, Borçalı… da cəlb edilməli, Ifrat Əliyeva və Ramazan Qafarlı kimi Sizin irsinizi ciddiyət və məhəbbətlə öyrənən elm adamlarına yaradıcılıq və fəaliyyət üçün imkan yaradılmalıdır. Şəhriyar-Bəxtiyar konsepti bütöv orta və ali məktəblərdə keçirilməlidir. Ədəbiyyat muzeyinin Şəhriyar-Bəxtiyar salonu olmalıdır.
Sizin səsiniz, nəfəsiniz gəldikcə, ruhunuz xatırlandıqca Vətən daha güclənir, daha çox özünə gəlir və özü olur. Teatrlardan, təhsil-elm, mədəniyyət mərkəzlərindən Şəhriyar-Bəxtiyar səsi, Mehmet Akif, Fazil Qısakürək, Nazim Hikmət, Həmid Nitqi, Savalan, Rəsul Rza,.. səsi heç bir vaxt kəsilməməlidir.
Biz gücümüzün, təpərimizin harda olduğunu unuduruq, Ustad.
Və unutduqca da daha çox məhrum oluruq, kölə oluruq, ayrı düşürük, yaddaşsızlıq mərkəzinə düçar oluruq. Bizim sözlərimiz Araz, Təbriz, Kərkük, Dərbənd, Irəvan, Borçalı, Göyçə… sözləri unudulduqca onların yerini düşmən dəyirmanına su tökənlərin bic kəlmələri yer aldıqca biz özümüz olmaqdan çixmağa məhkumuq.
Təəssüflər olsun ki, nə bizim dərsliklərimiz, nə də mədəniyyət-təhsil konsepsiyamız, strateji düşüncəmiz bu istiqamət doğrultusunda deyil.
Hara gedirik, niyə gedirik, nə zamana qədər yollarda azıb qalacağıq… Kimsə bilmir, Ustad.
Ruhunuza ağırlıq gətirmək istəməzdim. Deyə bilməli olduqlarımın bir qismini söyləməyi özümə borc bildim. Əgər Quzeydən gələn soyuq Yeni Avrasiya qarı-küləyi, Cənubdan gələn uyutma rüzgarı, erməni təhdidi və daxili susqunluq, ətalət olmasaydı onları söyləməyə ehtiyac qalmazdı.
Mən Sizin Ruhunuzun necə narahatlıq keçirdiyini fiziki-bioloji şəkildə hiss edirəm, Ustad. Özü də tək mən yox. Mən də o hiss edən yüzlərdən, minlərdən, onminlərdən biriyəm, Ustad.
Ustad, Sizin də çox sevdiyiniz ve sayğı duyduğunuz Rəcəb Tayyib Ərdoğanı Türkiyə milləti ilk dəfə Cümhurbaşqanı seçdi.
Demokratiyanın və milli-dini-mənəvi yüksəlişin simvolu olan bu seçimə təəssüf Azərbaycanda yerləşmiş və təhsil sistemindəki az-çox uğuru paralel dövlətçiliyə çevirmiş Fətullahçı camaat bu qələbəyə şərik ola bilmədi. Bu, Azərbaycanda yaşayan, işləyən camaatın fikridir və çox da əhəmiyyətli deyil, inşallah bu qrupun özbaşınalığına da son qoyular. Başda “Zaman” qəzeti və “Xəzər” televiziyası olmaqla kraldan daha çox kralçı olan yaltaqlıq qalxanına və onun arxasındakı siyasi oyunlara son qoyulacağına əminəm.
Gürcüstan ve Ukrayna örnəyi bizə çox şey deyir. Xalqın əzmi hər şeyə qadirdir, gərçəyin və həqiqətin başladığı məqamdır. Bəli, ölümlər var, məhrumiyyətlər yaşanır. Ancaq Azadlıq adlı fenomen qurbanlarsız mümkün deyil.
Rusiyanın mediasında, rəsmi dairələrində faşist adlandırılan Ukrayna xalqı öz torpağında öz haqqını müdafiə edir. Hakimiyyət dəyişməsi gürcü xalqının iradəsini və seçimini dəyişə bilməz.
Bədbəxt erməni xalqı Rusiyanın boyunduruğu altında qalmağa məhkumdur. Bəs Azərbaycan?
Azərbaycan böyük bir sualın və dəngə adlı yükün altinda əyilir. Ya millətin həqiqəti, ya da mənfəət dairələrinin və milyarderlərinin istədikləri Azərbaycan böyük bir dilemma qarışısındadır. Bunun adı istiqlalın olumu ve ya ölümü də adlana bilər. Divar bitməkdə, oyun sonuna doğru gəlməkdədir.
Azərbaycanda yaltaqlıq biznesin birinci növüdür. Yaltaqlan vəzifə al, pul al, sərvət al, ad al, san al.
Bu yaltaqlar ordusu Qarabağı azad edə bilməz, özlərini deyil öz millətini aldadan fırıldaqçı dəstəsi Azadlıq missiyası qarşısında aciz və fərsizdir.
Alim adlanan əllamlara, yazıçı adlanan şarlatanlara, ictimai xadim adlanan lotulara, kefli Isgəndər kimi “Tfu sizin üzünüzə” deməmək mümkün deyil.
Ustad, “sözdən qızarmayan bozarmış üzlər” üçün ayıb olan heç nə yoxdur.
Üzünə salıb deputatlıq eləyən cahillər, nadanlar, ağa qara deməyi əxlaq hesab edən üzdəniraq ziyalıların dəyərindən danışmaq, onların ismini zikr eləmək belə gühandır.
Polisi alimindən, müəllimindən, həkimindən qat-qat çox məvacib alan ölkənin torpağında fitnə-fəsadın günü-gündən artması təbiidir.
Məmləkətin günü bu, güzaranı bu, Ustad.
Bu məmləkətin dərdi çəkilməz. Dərd çəkənin, qeyrət çəkənin dartıb dərisin boğazından çıxararlar. Bir dəfə dərsdə bir tələbə dostumuz Sizdən soruşdu ki, “Siz hansı ədəbi cərəyana məxsussunuz, özünüzü hansı ədəbi cərəyandan bilirsiniz?”
Siz gülümsəyə-gülümsəyə qısa ve aydın cavab verdiniz: “Oğlum, mən özümü heç bir ədəbi cərəyana məxsus hesab etmirəm. Düzünü bilmək istəsən, mən ədəbi cərəyanın içində deyiləm. Ədəbi cərəyan mənim içimdədir. Nə yazacağımı, nədən yazacağımı, necə yazacağımı ruhum mənə söyləyir. Ruhuma kimin söylədiyini vallah bilmirəm.”
Bu gözəl sözlərin, bu günəş işığında sözün həqiqəti deyil, vətənin həqiqəti üzərində durmaq istəyirəm.
Şeirin şərəfi, əxlaqsızlığın abır-həyanı, əyriliyin düzü kəsdiyi zamanda nə Qarabağ, nə Vətən, Ustad.
Böyük oyunçular böyük oyun oynayar, kiçik oyunçular kiçik. Şeytan buranı özünə paytaxt seçib ve halından da məmnundur.
Mən Sizin, Xudu müllimin və Əbülfəz Elçibəyin ruhlarınızdan utandığım və xəcalət çəkdiyim üçün deyə bilmədiyim və deyə bilməyəcəyim həqiqətlərin hamısını yaza bilmirəm. Yaxşılar, namuslular çəhrayı vətən içində görünmürlər, görünə də bilməzlər. Bu işıqlı, göydələnli, par-par yanan Bakı namuslu adamları, vicdan sahiblərini elə bir hala salıb ki, məzarlıq şükür yeri, həbsxana da umud yeri olub.
Nə oyunlar oynanır, Ustad.
Bu Vətəndə hüquq və hüquqşünas anlayışı haqq üçün deyil, haqsızlığı qorumaq, hüququ oyuncağa çevirmək üçündür. Əsil hüquqşünas zülm boyunduruğu altındadır.
Könlünü Allaha təqdim etmişlər o dünya üçün yaşayır. Könlünü sənətə, sözə vermişlər virtual-sanal dünya seçib bu dünyanı tərk etmişlərdir. Zəhmətilə, şərəfilə yaşayanlar şərəfsizlərin qapı quludursa nə haqq, nə ədalət, Ustad.
Putinin “Yeni Avrasiya”sı böyüdükcə Elçibəyin, Sizin istiqlal savaşınız, Məmməd Əmin Rəsulzadənin, minlərlə Istiqlal şəhidinin ideaları heç olub gedəcəkdir, Ustad.
Ancaq Azərbaycan türkü olaraq yaşamaq getdikcə zorlaşırsa bunun səbəbi kimdir?
Qürbətdə vətənin problemindən danışmaq qeybətdən başqa bir şey deyildir. Çünki hər ölkənin öz problemi var. Dərdi hər yerdə danışmaq çarə deyil. Bu dərdi içinə tökə-tökə ölmək, çürümək yeganə yoldur. Biz qurbətçilər içimizdəki vətəni şikəst övladımız kimi sevməyə məhkumuq. Vətən atılmaz, vətən satılmaz. Sizdən öyrəndiyimiz budur, Ustad. Ancaq Vətənə daraşmış bu qurd-quş Vətənin ətini yedikcə, Vətənin sümükləri sızladıqca Sizin Vətən, torpaq haraylı misralarınız qurğuşun kimi boğazımıza tökülür.
Və hərdən bezginlik içində Vətənsizlərə həsəd aparıram. Axı Vətən nədir ki? Vətən yalnız torpaq, dağ-daş, su deyil. Vətən min illərdən gələn, yaddaşdır, ağrıdır, sevincdir, eşqdir, xatirədir, qan və süd qohumluğudur, dostluqdur, barlı-bərəkətli günlərdir, toylar-büsatlardır, yaslar-iztirablardır.
Vətən damarımızda axan qandır.
Vətən ruhumuzun təkrarsız şəkli-şəmaili, anlamı, fəlsəfəsidir. Vətəni Vətən yapan Mirzə Cəlil, Sabir, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir bəy, Məhəmməd Əmin, Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Şəhriyar, Həmid Nitqi, Bəxtiyar Vahabzadə, Əli Kərim, Xudu Məmmədov, Elçibəy kimi insanlardır. Onların yaratdığl məktəblərdir, övladlardır. Vətəni Vətən yapan ölməz şəhidlərimizdir.
Bizlər sizlərdən uzaq düşdükcə Vətənin sözü, çörəyi, qüdsiyyəti qeybə çəkilirsə, görəsən suç kimdədir, Ustad?
Sürü-sürü parazitlər vətənin canına darışıbsa, yaltaqlar sinif kimi formalaşıbsa, təpədən aşağı korrupsiya ve rüşvət bataqlığı ölkəni içinə alıb boğursa, çarəmiz nədir, Ustad?
Özünü dərvişliyə vurmuş lotu-potu ölkəsimi deyim, gözdən qıl çəkənlərin məmləkətimi deyim, burda mənəm Bağdadda kor xəlifə bağıran diktatorun dövlətimi deyim, yoxsa heysiz-gücsüz düşmüş zavallı insanların yurdumu deyim, bilmirəm, Vallah, Ustad, bilmirəm…
Böyük dövlətlərin ayağımıza vurduğu neft rəngli qandal, boynumuza keçirdiyi neft qoxulu buxov bizim müstəqilliyimizi kölgə, şübhə altına alıb.
20 il öncə şahlanan o millət Güneydə də, Quzeydə də məhkumdan da məhkum, məzlumdan da məzlumdur.
Dini, əqidəsi, tarixi, mənliyi, hər gün təhqir və təhrif edilən milləti şablon içiboş şüarlarla uyudan, laqqırtı ədəbiyyatı ilə təhrif etmək, böyük mənəvi tarixi dəyərləri, korrupsiya, istismar basqı vasitəsinə çevirmək Vətənin əlini-qolunu budamaq deməkdir, milləti manqurtlaşdırmaqdır.
Bu günün Azərbaycanı ən böyük postmodernizm həqiqəti sənətdə deyil, bu günün Azərbaycan gərçəkliyindədir.
Bəlaları Yazıçılar Ittifaqında, Aşıqlar Birliyində axtaranlar unudurlar ki, bəlanin toxumlarını, piramidanın təpəsini, millətin başına corab hörən iç və dış güclərdə aramaq gərəkdir. Zindanda yatan övladların günahı kimdədir, Ustad?
Hüququn, demokratiyanın, insan haqqının tapdalandığı, heçə sayıldığı ölkədə hər şey bayağıdır, oyundan başqa bir şey deyil.
Vətəni talayan “vətənpərvərlər”, “millətçilər” Sizlərin vətən, millət anlayışını murdarlayanlardır, Ustad.
T.Svyatoxovski “Rusiya və Azərbaycan” adlı dəyərli əsərinin bir bölməsini “Yerli komunistlər və müstəqilliyin başı üzərində qara bulud” adlandırıb. Burada inqilablar ve siyasi oyanmalar dövrü (1905-1920) təhlil edilir, quzeydə Azərbaycan Demokratik Respublikasının, güneydə Azadistanın problemləri araşdırılır. Zamanimızda “siyasi mafiya, xarici kapital və müctəqilliyin başı üzərində bulud” araşdırılmasının yazılmasına ehtiyac yaranmışdı.
Z.Bzejinski qoy papaöını qabağına qoyub fikirləşsin.
Ünlü tarixçi və əqidə dostlarım Cəmil Həsənlinin, Nəsib Nəsibzadənin, Ismayıl Musayevin tədqiqatlarının birəbeş artmasının səbəbi yaşadığımız siyasi gərginliklərdir.
Bu sahəni gündəlik siyasi oyunlarla, partiya daxili çəkişmələrlə, uydurma seçki illüziyası ilə pərdələmək mümkün deyil. Yalançı gündəm günün tale yüklü məsələlərini örtüb pərdələyə bilmədiyi kimi “ləbleyk ədəbiyyatı”, “bəy tərifi” kimi yazılar da günün ağrısını ictimai siyasi problemlərin məğzini açmaq gücündə deyil.
Ustad, suyun dibinə doğru getdiyimiz bu ağır zamanda yenə də ümidimiz Allahın səbri, ədaləti, millətin əzmidir. Siz böyüklərimizin sözü bizim ümid yerimizdir. Allahdan ve böyükdən ümid kəsilməz.
Şikayətlərimi, etirazlarımı, arzularımı, ümidlərimi Sizə söyləməyib kimə söyləyə bilərəm ki?! Bədbin ruhda yazmağımı, mənim nadanlığımı bağışlayın, Ustad Ruhunuz şad olsun. Sizin doğum gününüz millətin sabahına işıq salsın.
Allah sizə qəni-qəni rəhmət eləsin…