Mirvari Qəhrəmanlı: «Hakimiyyətin atdığı addımlar qarşıdakı aylarda müstəqil QHT-lərlə bağlı vəziyyətin normalaşacağını deməyə əsas vermir»
QHT-lərin fəaliyyətinin məhdudlaşdırıldığı, müstəqil təşkilatların bank hesablarına həbsin qoyulduğu bir ərəfədə dövlət başçısı İlham Əliyev «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Hökumət mətbuatı bu fərmanı QHT-lərlə bağlı qanunvericilikdə ciddi dəyişiklik adlandırıb. Amma fərmana diqqətlə nəzər saldıqda sənədin qanunvericilikdə daha çox kosmetik dəyişikliklərə xidmət edir.
Bəs hakimiyyətin bu cür təşəbbüsləri QHT-lərlə bağlı qanunvericilikdə mürtəce dəyişikliklərin aradan qaldırılacağına ümid verirmi?
QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklərin noyabrın 1-də təsdiq olunacağını deyən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı vurğuladı ki, 2009-cu ildən indiyə kimi QHT-lərlə bağlı baş verən dəyişikliklərin heç biri vətəndaş cəmiyyətinin inkişafına xidmət etməyib: «Dövlət başçısı əgər həqiqətən də ölkədə korrupsiyaya qarşı real mübarizənin aparılmasını, büdcə xərcləmələrində şəffaflığın yaradılmasını, insan hüquqlarının qorunmasını istəyirsə o zaman QHT-lərlə bağlı qanunvericilikdəki mürtəce dəyişikliklərin qarşısını almalıdır. Bu dəyişikliklər əsasən QHT-lərin qeydiyyatı, onların bank hesablarına həbsin qoyulması ilə bağlıdır. Hazırda QHT sektorunda olduqca gərgin vəziyyət hökm sürür. Artıq bizim QHT-nin əməkdaşları üç aydır ki, əmək haqqı ala bilmirlər. Amma hazırda hakimiyyətin atdığı addımlar, nümayiş etdirdiyi niyyət qarşıdakı aylarda bu isitiqamətdə vəziyyətin normalaşacağını deməyə əsas vermir».
Xəyal