Nəsimi Rayon Məhkəməsi jurnalistin vəkillərinin yazılı qeydinə baxmaqdan imtina edib
Iyulun 14-də Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist, “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun barəsindəki həbs-qətimkan tədbirinin müddətini daha dörd ay uzatdı.
Jurnalistin vəkilləri bu qərardan apellyasiya şikayəti verib. Eyni zamanda, müdafiə tərəfi sözügedən məhkəmə iclasında yol verilmiş qanun pozuntularına dair qeydlərini Nəsimi Rayon Məhkəməsinə göndərib. Lakin dünən vəkillərə məlum olub ki, Nəsimi Rayon Məhkəməsi müdafiə tərəfinin yazılı qeydinə baxıb hər hansı qərar qəbul etmədən işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bu barədə məlumat verən vəkil Elmar Süleymanovun sözlərinə görə, bu, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinin tələblərinin pozulmasıdır: “Həmin maddəyə əsasən, məhkəmə iclas protokoluna dair yazılı qeydlər verildiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir”.
Baş verənlərlə əlaqədar vəkillər Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Müdafiə tərəfi Nəsimi rayon məhkəməsi tərəfindən qanunun pozulması ilə əlaqədar olaraq, Rauf Mirqədirovun barəsində həbs-qətimkan tədbirinin müddətinin daha dörd ay uzadılmasına dair qərardan verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının baxışından çıxarılmasını istəyir. Vəkillər həmçinin yazılı qeydlərinə baxılıb qərar qəbul edilməsi üçün işin Nəsimi Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş edib.
Aytən