«Ümid edirik ki, Avropa Şurasındakı bəyanatlarınıza sadiq qalacaqsınız…»
Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT rəhbəri xüsusən son dövrlər bu sektora artan təqib və təzyiqlərlə əlaqədar dövlət başçısı Ilham Əliyevə müraciət edib.
Müraciəti imzalamış QHT rəhbərləri bildirir ki, onların təşkilatlarının fəaliyyəti iflic vəziyyətinə düşüb. Onlar bu durumun Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi kimi icra orqanlarının səyi nəticəsində yarandığını vurğulayıblar: “Ilk növbədə qeyd edirik ki, ölkəmizdə dövlət qeydiyyatına alınmış 3000-ə yaxın QHT-dən cəmi 20-25-i demokratiya və insan hüquqları sahəsində çalışır. Qrant almış milli QHT-lərin Azərbaycanın Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş siyahısından da göründüyü kimi, qrantların illik məbləğinin cəmi 5-6 faizi demokratiya və insan hüquqları sahəsində çalışan təşkilatlara ayrılır. Bununla belə, məhz bu təşkilatların fəaliyyəti son 3-4 ay ərzində ciddi məhdudiyyətlərə məruz qalıb.
Baş Prokurorluq və Ədliyyə Nazirliyi qanunlardan kənar tədbirlər tətbiq etməklə bu 20-25 QHT-nin fəaliyyətini dayandırmağa nail oldular. Məsələn, “Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nda qrant müqavilələrinin qeydiyyata alınmasından imtina nəzərdə tutulmadığı halda, Ədliyyə Nazirliyi bir sıra müstəqil QHT-lərin qrant müqavilələrini qeydiyyata almaqdan imtina edib. Bu zaman Ədliyyə Nazirliyi iki tərəf arasında bağlanmış müqavilənin məzmununa qanunsuz olaraq müdaxilə edir. Bundan başqa, bir sıra tanınmış QHT-nin həm özlərinin, həm də rəhbərlərinin bank hesablarına məhkəmə qərarı ilə həbs və ya kimlərinsə şifahi göstərişi ilə məhdudiyyət qoyulması həmin təşkilatların fəaliyyətini iflic edib. Son günlərdə Vergilər Nazirliyi bu QHT-lərin bəzilərində yoxlamalara başlayıb. Göründüyü kimi, müstəqil QHT-lərin fəaliyyətinə müdaxilə edilməsi hüquqi normalara əsaslanmayıb. Həm də bu müdaxilələrin yalnız müstəqil QHT-lərin fəaliyyətinə tətbiqi də bu problemlərin hüquqi məsələlərlə əlaqəsinin olmadığını göstərir.
Demokratiya və insan hüquqları sahəsində çalışan 20-25 QHT-nin hamısının fəaliyyəti hazırkı məqamda müxtəlif qanunsuz əsaslarla dayandırılıb. Etiraf edirik ki, bu müraciəti həmin QHT-lərin yalnız bir qisminin imzalaması qalanlarında onun nəticəsinə ümidsizliyin olmasındadır. Müraciəti imzalayanlar inanmaq istəyirlər ki, bəzi icra orqanlarının müstəqil QHT-lərə qarşı basqıları onların özbaşına təşəbbüsləridir və Sizin Avropa Şurasında çıxışınız zamanı demokratiya və insan hüquqları barədə səsləndirdiyiniz bəyanatlara ziddir. Bununla ümid edirik ki, Siz öz bəyanatlarınıza sadiq qalaraq müstəqil QHT-lərə qarşı yol verilən qanunsuzluqların qarşısının alınmasına göstəriş verəcəksiniz”.
Müraciəti Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Leyla Əliyeva, Azər Mehtiyev, Qalib Bayramov, Əsabəli Mustafayev, Rəsul Cəfərov, Şəhla Ismayıl, Elçin Abdullayev və Zöhrab Ismayıl imzalayıb. Onlar eyni zamanda, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə də müraciət ediblər.
2009-cu ildən bəri real əsası olmayan arqumentlərlə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasına məhdudlaşdırma xarakterli xeyli əlavə və dəyişikliklər edildiyini yada salan QHT rəhbərləri Şuranın da bu dəyişiklikləri dəstəkləyənlər sırasında olmasından təəssüfünü ifadə edib. Son 3-4 ayda bəzi icra strukturları qanundan kənar tədbirləri sayəsində müstəqil QHT-lərin fəaliyyətini tamamilə dayandırdığını vurğulayan müraciət müəllifləri Şuranın sədri kimi, Azay Quliyevi öz səlahiyyətləri və hüquqi imkandan istifadə edərək, qrant müqavilələrinin qeydiyyatı, bank hesablarına həbs qoyulması və ya bank əməliyyatlarının məhdudlaşdırılması sahəsindəki maneələrin aradan qaldırılması, vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyəti üçün müvafiq tədbirlər görməyə çağırıb.