Hakimiyyət vəziyyətdən çıxmaq üçün hansı ssenarini dövriyyəyə buraxıb?
Azərbaycan hakimiyyəti Gürcüstan Daxili Işlər Nazirliyinin keçirdiyi “heroin əməliyyatı”na aydınlıq gətirmək niyyətində görünmür. Əməliyyat iyulun 11-də keçirilib. Gürcüstan polisi Azərbaycandan gələrək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram maye heroin aşkarlayıb. Bu barədə Gürcüstanın DIN-i rəsmi məlumat yayıb. Məlumatda narkotik maddənin Azərbaycandan keçirildiyi qeyd edilib. Olay beynəlxalq mediada da işıqlandırılıb. Lakin üstündən 5 gün keçməsinə baxmayaraq Azərbaycan tərəfi baş verənlərlə bağlı açıqlama yaymayıb. Hüquq-mühafizə orqanları məsuliyyəti bir-birlərinin üzərinə atır. Dövlət Gömrük Komitəsi ümumiyyətlə susur. Dövlət Sərhəd Xidməti isə anlaşılmaz açıqlamalar verir.
İtlər də, rentgen aparatları da var, amma…
Buyurun Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin rəhbəri Elxan Nağıyevin “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətilə tanış olun:
– Gürcüstan DIN-in Azərbaycan ərazisindən keçirilən 2 ton 790 kiloqram narkotik tutması xəbəri düz deyil?
– Yox. Yəni bizdə belə bir məlumat yoxdur.
– Siz rəhbəri olduğunuz mətbuat xidmətini nəzərdə tutursuz, yoxsa ümumiyyətlə Dövlət Sərhəd Xidmətini?
– Mətbuat xidmətində bu haqda məlumat yoxdur.
– Sizin məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq imkanınız var?
– Əgər elə bir şey varsa, bizim də məlumatımız olur. Yəni bizdə belə bir məlumat yoxdur.
– Gürcüstan Daxili Işlər Nazirliyi rəsmi məlumat yayır ki, Azərbaycan sərhədlərini aşan 2 ton 790 kiloqram heroin Gürcüstanda tutulub. Bundan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin avtomaşının keçdiyi sərhədlərimizdə xidmət aparan əməkdaşların fəaliyyətinin yoxlanılmasına qərar verib?
– Sərhəddən keçə bilməz axı.
– Bəs Gürcüstan DIN niyə rəsmi məlumatda belə yazır? Elə yazaydılar ki, həmin tonlarla heroin Azərbaycanın hava sərhədlərini pozmaqla və ya Dağlıq Qarabağdakı nəzarətsiz ərazilərdən keçirməklə Gürcüstana daşınıb.
– Sərhəd haqda qanunlar, ölkələrarası müqavilələr var. Həmin yük, siz dediyiniz kimi, sərhəddən keçirilib və tutulub. Azərbaycanın müqaviləsi olduğu ölkələrlə belə bir razılaşması var ki, başqa bir ölkənin hər hansı bir yük maşınında daşınan yüklər Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq ağzı bağlı və möhürlənmiş şəkildə keçib gedə bilər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları, sərhədçilər möhürü açıb maşınların yükünə baxa bilməzlər. Yüklərə baxış keçirir Dövlət Gömrük Komitəsi. Fikir verdinizsə, Gürcüstan Daxili Işlər Nazirliyi rəsmi məlumatda yazır ki, yük sərhəddən yox, sərhəd nəzarət məntəqəsindən keçib və içindən həmin narkotik çıxıb. Azərbaycan sərhədçisi ölkədən tranzit olaraq keçən və yaxud sərhəddən möhürlü olaraq keçən avtomaşının möhürünü açıb onun içini yoxlamaq səlahiyyətinə malik deyil. Həmin yükün möhürünü yalnız hansı ölkədə açılmalıdırsa, həmin ölkənin nümayəndəsi aça bilər. Yəni yükün təyinat ölkəsində açılmalıdır. Amma bu o demək deyil Azərbaycan ərazisindən narkotik keçib gedib Gürcüstana. Gün ərzində Azərbaycan ərazisindən minlərlə elə TIR (ağır tonnajlı yük maşını-E.M) keçir və daşıdıqları yük möhürlü olur. Məsələn, Irandan yüklər Azərbaycandan keçməklə Rusiyaya, Ukraynaya və digər ölkələrə gedir. Ölkəyə yük necə möhürlü daxil olursa, elə də çıxır. Sərhədçi başqa ölkələrə məxsus yüklərə baxış keçirə bilməz axı.
– Dövlət Sərhəd Xidmətinin sərəncamında ölkə ərazisindən daşınan yüklərə nəzarət etmək üçün, onların tərkibini müəyyən etmək üçün vasitələr var. Narkotiki qapalı yerlərdə müəyyən edən xüsusi öyrədilmiş itlər, rentgen aparatları da sərhədçilərin sərəncamındadır. Belə olduğu halda həmin yük sərhədçilərin diqqətindən necə yayına bilərdi?
– İtlər də, rentgen aparatları da var. Amma siz nəzərdə tutun ki, 3 ton narkotik keçirənlər bütün bunları yəqin ki, nəzərə alıb. Həmin adam yəqin ki, küçədən keçən adam deyil. Bu dəqiqə bu məsələnin üzərində araşdırma aparılır. Yenə də deyirəm, sərhəddən keçid olmur, gömrükdən keçid olur. Yəni həmin yük gömrük postundan keçib. Orada sərhədçinin işi həmin o rentgen aparatını-filanı istifadə etmək deyil. Sərhədçi dövlət sərhədini mühafizə edir.
Gürcüstan hakimiyyətinə jest?
Məsələ ilə bağlı ən absurd açıqlamanı isə Nartotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev verib. O, iddia edib ki, Azərbaycan tərəfinin bu əməliyyatdan xəbəri olub: “Burda böyük sensasiya doğuracaq bir hadisə yoxdur. Bilirsiniz ki, belə əməliyyatlar məxfi və xüsusi agentura şəbəkəsinin qurulması ilə həyata keçirilir. Gürcüstan polisinin uğurla başa çatdırdığı bu əməliyyatda, şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının da rolu var. Fikir vermisinizsə, Gürcüstanın daxili işlər naziri deyib ki, Əfqanıstanda hazırlanan narkotik Irandan Azərbaycana keçib, ordan da Gürcüstana gətirilib, amma Azərbaycan tərəfi bundan məlumatlı olub. Fikrimcə, bir belə narkotik maddənin ələ keçirərkən, Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları mükəmməl əməliyyat gerçəkləşdiriblər”.
Məzahir Əfəndiyev narkotik maddəni keçirənlərin Azərbaycanda tutulmaması barədə belə “mülahizə” irəli sürüb: “Bilirsiniz ki, Gürcüstanda hökumət yenidir və istəyir ki, əhali arasında böyük rəğbət qazansın. Azərbaycan tərəfi həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarıdır. Bu baxımdan ola bilsin ki, qonşu ölkəyə belə bir jest edilib”.
Məzahir Əfəndiyevin iddiaları hakimiyyəti vəziyyətdən çıxarmağa edilən uğursuz cəhddən başqa bir şey deyil.
Əvvəla, Gürcüstanın daxili işlər nazirinin fikirləri heç də o anlama gəlmir ki, Azərbaycan tərəfi bu olaydan məlumatlı olub və əməliyyata dəstək verib. Əksinə, bəlkə o anlama gəlir ki, Azərbaycan tərəfi ölkədən narkotik keçirildiyini bilib və heç bir tədbir görməyib. Ikincisi, əgər bu əməliyyat iki ölkənin hüquq-mühafizə orqanlarının birgə əməyi olsaydı, bu mütləq rəsmi məlumatlarda vurğulanardı. Tutaq ki, Məzahir Əfəndiyev doğru deyir. Yəni, Azərbaycan Gürcüstanın yeni hökumətinə rəğbət qazanması üçün jest edib. Axı məsələ artıq beynəxalq miqyasda müzakirə mövzusudur. Azərbaycan hakimiyyəti narkobiznesi himayə edən və ya buna şərait yaradan hökumət kimi beynəlxalq hesabatlara düşmək təhlükəsilə üzləşib. Yəni, hökumət bu qədər riski gözə alıb özünü yox, Gürcüstan iqtidarının rəğbət qazanmasını düşünür?