Bu gün «nurçular» az qala bütün dövlət qurumlarında mühüm postlara yiyələniblər
Son günlər ölkədə nurçu qalmaqalı həbslər və istefalarla müşahidə olunur. Rəsmi qurumlar “nurçu” şəbəkəsini araşdırmağa başlayıb. Daxili Işlər Nazirliyinin ard-arda Bakı şəhərində, Göyçay və Qazax rayonlarında bu şəbəkəyə qarşı əməliyyat keçirməsi və bir xeyli “nurçu”nu saxlaması da həmin prosesin tərkib hissəsi sayıla bilər.
Kiminə görə təriqət, kiminə görə hərəkat, kiminə görə də bir qrup camaatın birliyi olan “nurçuluq” nə olmasından asılı olmayaraq yayıldığı hər bir dövlət, millət üçün potensial təhlükə mənbəyidir. Əksər ölkələr “nurçuluğ”un nələrə yol açdığını vaxtında anlayıb bu barədə ciddi tədbirlər görməyə başlasa da, Azərbaycanda bu iş bir qədər ləng həyata keçirildi. Müşahidələr göstərir ki, bu gün “nurçular” az qala bütün dövlət qurumlarında mühüm postlara yiyələniblər. Nəzarətlərində kifayət qədər təhsil müəssisəsi (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Qax, Zaqatala, Quba, Qusar və s. fəaliyyət göstərən lisey və ali məktəbəqədərki təhsi müəssisələrində, Qafqaz Universitetində təhsil alan tələbələri yayılmaqda olan “nurçuluq” virusunun potensial qurbanları hesab etmək olar), öz təbliğatlarını istənilən formada apara biləcəkləri KIV (təkcə “Zaman” qəzetini qeyd etmək kifayətdir, maraqlıdır ki, tirajı məxfi saxlanılan bu qəzetin bölgələrdə abunəçi sayı hətta rəsmi dövlət qəzetlərindən dəfələrlə çoxdur-?! – A.) var.
Şəkildə gördüyünüz bu bağ evi Mingəçevir şəhərində, Kür çayının sahilində yerləşir. Əldə etdiyimiz məlumatlara görə, son günlərədək bu ev “nurçular” dərsxanası kimi fəaliyyət göstərib. Dərslərin Müşfiq Nəcəfov adlı bir şəxs tərəfindən keçirildiyi bildirlir. Qeyd olunur ki, M.Nəcəfov Türkiyədə təhsil alıb. Təhsilini başa vurub geri döndükdən sonra bu işlə daha ciddi məşğul olmağa başlayıb. Hətta qardaş ölkənin tanınmış din xadimlərindən bir neçəsinin onun qonağı olduğu da söylənilir. Ətrafda yaşayanların sözlərinə görə, son günlər ölkənin ayrı-ayrı bölgələrində bu təriqətdən olan insanlara qarşı keçirilən əməliyyatlardan sonra “dərsxana”dan bir növ əl-ayaq çəkilib. Ancaq bunun nə qədər davam edib-etməyəcəyi bəlli deyil. Hələliksə “nurçu”ların şəhərin Sağ Sahilində və Mingəçevir kəndi adlanan ərazidəki məsciddə, o cümlədən gizlin evlərdə toplaşdığı bildirilir. Bu məkanlarda isə “dərslərin” Camaləddin və Türkiyədə təhsil almış Vüsal adlı bir nəfər tərəfindən aparıldığı qeyd olunur.
Maraqlıdır ki, müxtəlif təriqətlərin nümayəndələri kimi “nurçular” da özlərinin hansısa təriqətin daşıyıcısı olmasını danırlar. Bu isə onların doğru yolda olmadıqlarının, daşıdıqları dəyərlərin haqq olduğu qənaətində olmamalarından xəbər verir. Əks halda bunu açıqca bildirər, təbliğiylə məşğul olar, bütün cəmiyyətin qəbul etməsinə çalışardılar. Əgər “nurçular” bu gün bunu etmirlərsə və hətta adlarının açıqlamaqdan çəkinirlərsə, sözsüz, bu, qaranlıq mətləblərdən xəbər verir.
Azər