Sərnişindaşıma nəqliyyat nazirindən alındı; Məsələnin kökündə «nurçu faktoru»nun dayandığı deyilir
Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib.
Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumata görə, Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması qərara alınıb. Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə Azərbaycanın 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq. Maliyyə Nazirliyinə bu qərarla ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə isə Bakı Şəhər Icra Hakimiyyəti ilə birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb.
Bakı Şəhər Icra Hakimiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada “BakuBus” MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil edəcək.
Sərnişindaşımanın Ziya Məmmədovdan alınması nəqliyyat nazirinə ciddi zərbədir. Bəs ona qarşı belə bir addımın atılmasının səbəbi nədir? Bəzi mülahizələrə görə, məsələnin kökündə “nurçu qalmaqalı” dayanır. Hələ ötən saylarımızda məlumat vermişdik ki, Ərdoğanın Bakı səfərindən sonra Ziya Məmmədov təşvişə düşüb. Səbəb isə nazirin yaxın ətrafında da nurçuların olmasıdır. Ziya Məmmədov onlardan birini – “Baku Taxi Company”nin rəhbəri Ilqar Qasımovu işdən çıxarıb. Məhz nurçu olduğunu görə. Lakin sonra məlumat yayıldı ki, nazirin köməkçisi Ziya Əliyevin də nurçularla əlaqəsi var. Iddialara görə, Day.az saytının rəhbəri, nəqliyyat nazirinin oğlu Anar Məmmədovun xaricdə Azərbaycanın təbliği ilə bağlı fəaliyyətinə dəstək verən, onun “piar”ı ilə məşğul olan Elnur Baimov da nurçulara bağlıdır. Hətta Ziya Məmmədovun oğlu Anar Məmmədovun nurçuları maliyyələşdirməsi barədə də xəbərlər də yayılıb. Ziya Məmmədov da məhz bundan narahat idi. Görünür, nəqliyyat naziri ətrafındakı nurçuları təmizləməyə macal tapmamış onun özünün çökdürülməsinə başlanılıb.