Aslan İsmayılov: «Bundan sonra polisin insanları alçaltmaq, döymək və öldürmək haqqı var!»
Polislər tərəfindən döyüldüyü bildirilən Badamdar sakini Zakir Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov məlumat verib. Aslan Ismayılov bildirib ki, Xətai Rayon Məhkəməsi Zakir Hüseynov barəsində həbs qərarının verilməsi barədə təqdimatı rədd etmişdi: “Bakı Şəhər Prokurorluğu bu qərardan protest vermişdi. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə proses keçirilib və prokurorluğun protesti təmin olunub”.
Aslan Ismayılov bildirib ki, Zakir Hüseynov barəsində həbs qətimkan tədbirinin seçilməsi onun üçün gözlənilməz olub. “Çünki mən Daxili Işlər Nazirliyində olmuşdum və mənə demişdilər ki, məsələ obyektiv araşdırılacaq”, – deyə vəkil əlavə edib.
Aslan Ismayılov deyib ki, Zakir Hüseynovun polis tərəfindən döyülən anası və qızı ilə isə maraqlanan yoxdur: “Bir dəfə prokurorluğa çağırıb ifadələrini alıblar və tibbi müayinədən keçmələri üçün göndəriş veriblər. Onlar da artıq tibbi müayinədən keçiblər. Və bundan sonra məsələ ilə maraqlanan olmayıb”.
Aslan Ismayılov baş verənlərlə bağlı facebook səhifəsində də maraqlı statut paylaşıb: “Bakı Apelyasiya məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında öz evində polis tərəfindən anası, həyat yoldaşı, qızı və özü döyülən, təhqir olunan Zakir Hüseynov həbs edildi.
Siyasi partiyalar, Milli Şura, QHT-lər, insan hüquqları ilə məşğul olan təşkilatlar, ziyalılıq uğrunda mübarizə aparanlar, susun!
Bundan sonra polisin insanları alçaltmaq, döymək və öldürmək haqqı var!”
Xatırladaq ki, Zakir Hüseynov və ailə üzvləri aprelin 8-də polislər tərəfindən qəddarlıqla döyülüb. Məsələnin kökündə onunla keçmiş kürəkəni Tural Əhmədov arasında yaranmış problem dayanır. Tural Əhmədovun valideynləri vəzifəli şəxslər olduğu üçün polis bu məsələdə onun vəkili kimi çıxış edir.