Ölüm puluna şərik olan nazirlik…
Ünvanlı Sosial Yardım üçün ayrılan 1 milyard 208 milyonun 604 milyonu mənimsənilib
Dünya təcrübəsində Ünvanlı Sosial Yardım (ÜSY) yoxsul ailəyə ölməmək üçün verilən puldur. Bu məbləğ insanın minimum fizioloji tələbatını qarşılayır. Bəs Azərbaycanda necədir? Ünvanlı sosial yardım ünvanına çatırmı?
Yarı məndə, yarı səndə…
52 yaşlı Leyla Fərhadova Bakıda işləyir, amma Xaçmazda yaşayır. 100 manat maaş alan qadın evində yaşayan qızı və nəvəsi üçün çörək pulu daşıyır. Qızının yoldaşı 3 ildir rəhmətə gedib. 1-ci sinifə gedən oğlu ilə Xudatda yaşayır. Leyla Fərhadova ailənin ehtiyaclarını qarşılamaq üçün Sosial Müdafiə Nazirliyinin Xaçmazda yerləşən nümayəndəliyinə müraciət edir. Aprel ayını sənədləri toplamağa həsr edib bunları mayda nümayəndəliyə təqdim edir. “Bu gün gələrsən, sabah gələrsən – deyə yola verirlər. Yanımda bir nəfər qoca kişi var idi, onunla razılığa gəldilər ki, yardımın 6 ayını onlar götürəcək, yarısını kişi. Pulun yarısını onlara verəcəmsə, neyləyirəm, elə oturub balalarımı dolandıraram”.
L.Fərhadova yaşayış yerindən, iş yerindən arayış, mərhumun ölüm kağızı, uşağın doğum haqqında şəhadətnaməsinin surətini, öz şəxsiyyət vəsiqələrinin surətini, sığortanı ödədiyi ilə bağlı qəbzi nümayəndəliyə təqdim edib. Deyir ki, hər dəfə daha çox sənəd istəyirlər. “Az qala deyələr ki, ölən adamın skletin də gətirin ki, inanaq. Biz qanunla sosial yardım istəyirik. Hər dəfə soyuqda, çovğunda, istidə gedirik yenə də uzadırlar. Bu gün qazdan gəlib deyirlər ki, 50 manatdan artıq borcu olanların qazın kəsirik. Deyirəm, haradan verim?”.
Qadın deyir ki, nümayəndəlikdəki işçilər gələn insanlarla kobud danışır və sənədlərə düzgün baxmırlar. O, qızına qarşı hörmətsizlik edildiyini də deyir. “Nümayəndəlikdəki işçi qızıma deyir ki, övladını dünyaya gətirəndə fikirləşmək lazım idi… Bu sözləri yolda dayanan qadına deyərlər”. Ünvanlı Sosial Yardımın verilməsi ilə bağlı Ilham Əliyevin 2005-ci ildə verdiyi fərmanı Nazirlər Kabineti 2006-cı ildə təsdiq etdi. Həmin ildən başlayaraq ailələrə ÜSY verildi. Sənədə əsasən yardım üçün müraciət edən ailələrin 6 ay öncəki gəlirlərinə baxılır. Ailədən bir nəfər təmsilçi seçilməklə ÜSY almaq üçün ərizə yazır və “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışı təqdim edir. Zəruri hallarda gəlirlər və ailə üzvləri haqqında əlavə sənədlər istənilir. Ailənin hər hansısa üzvü əmək qabiliyyətli olduğu halda işləmirsə Məşğulluq Idarəsinə müraciət edir. Idarə 10 gün müddətində ona cavab verməlidir. Cavab gəlməsə, həmin şəxsə müavinət verilir. Ən aşağı müavinət 55 manatdır. Hər uşağa görə də 5 manat 50 qəpik verilir. Komissiya təqdim olunmuş sənədlərə 10 gün müddətində baxır və məlumatları yoxlamaq gərəklidirsə, proses daha 10 gün uzadılır. ÜSY bir ailəyə bir neçə dəfə verilə bilər. Bununla bağlı məhdudiyyət yoxdur. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar, sənədlər verildikdə ailə 2 il müddətinə sosial yardım almaq hüququnu itirir.
Yarısına qane olmayan hamısından olur…
Malik Cəbrayılov Quba şəhərində yaşayır. Ailəsi 7 nəfərdən ibarətdir. Beş uşaq atası olan M.Cəbrayılov bir dəfə Ünvanlı Sosial Yardım alıb. Amma bu il yardım ala bilmir. “Iş olanda 5-10 manata fəhlə işləyirəm. Birinci il sənədləri verəndə pul istəmədən yardım verdilər. Ikinci dəfə sənədləri apardım, dedilər 6 ayı bizim, 6 ayı sizin, razı olmadım. Mikayıl (SMN işçisi) dedi ki, 6 ayın pulu dövlətə keçir. Dedim dövlətə keçirsə, dövlətə verilsin, daha kasıb-kusubun adı niyə çəkilir? Kim ki, 6 ayın pulun onlara verməyə razı olur, onlara sosial yardım verilir”.
Sosial Müdafiə Nazirliyinin Qubadakı nümayəndəliyinə get-gəldən sonra M.Cəbrayılova deyiblər ki, ona yardım düşmür. O deyir ki, ünvanlı sosial yardım aldığı ildən indiki vəziyyəti fərqlənmir. “Mən 6 aylıq şərtə razı olmadım deyə dedilər ki, ”sənə düşmür””.
Qubada yaşayan digər sakin Bəsti Abbasovanın yaşamağa evi yoxdur. O, yoldaşından ayrıldıqdan sonra 5 yaşlı qızı ilə qohumlarına sığınıb. O, iki dəfə ÜSY alıb. “Kartı alıram, 6 ayın tamamında pulu çıxarmaq istəyəndə görürəm yoxdur. Deyirlər ki, sənin ilin tamam oldu. Bir dəfə 8 ay almışam, bir dəfə 6 ay… Qalan ayların Sosial Müdafiə Nazirliyinin işçiləri götürür. Nə qədər ağladım, sızladım, icra hakimiyyətinə getdim, xeyir eləmədi. Birinci dəfə 60 manat, ikinci dəfə 70 manat almışam. 2012-ci ilin noyabrında ikincisinin vaxtı bitdi. Burada daha çox varlı adamlara verirlər sosial yardımı. Bir ümidim sosial yardımdır, onu da ala bilmirəm”.
27 yaşlı Cavid Məmmədov Şabran rayonunda yaşayır. O 5 nəfər ailə üzvü ilə aylıq 300 manat gəliri ilə dolanır. Deyir ki, ehtiyaclarını qarşılaya bilmir. “Atam dəmir yolunda çalışır 120 manat alır. Mən də 180 manat qazanıram. Torpaq, mal-qaram, maşınım yoxdur. Sosial Müdafiə Nazirliyinə getdim, işçi dedi ki, atan hökumət işində işləyir deyə sənə sosial yardım düşmür. Mən də bundan sonra getmədim. O pula ehtiyacım var. Maaşla heç nə eləyə bilmirəm. Elə bir vəziyyətdəyəm ki, nə bilim…”.
Ünvanlı Sosial Yardıma 1 milyarddan çox pul ayrılıb
2012-ci ilin göstəricilərinə görə ölkədə 6 faiz yoxsul var. Ünvanlı dövlət sosial yardım təyin olunmuş ailələrin sayı 2012-ci ildə 120,478 olub. Bir nəfərə düşən orta aylıq ünvanlı sosial yardımın məbləği 23.66 qəpikdir. 2006-cı ildən bu il də daxil olmaqla Ünvanlı Sosial Yardım üçün 1 milyard 208 milyon manat vəsait xərclənib. Ekspetlərin fikrincə, bu il də ötən ilki kimi 207 milyon manatın xərcləniləcəyi gözlənilir. Bu ilin birinci rübündə 123 261 min ailəyə ünvanlı sosial yardım verilib. Bir ailəyə düşən orta məbləğ 117 manat 83 qəpikdir.ÿ
Dövlət Statistika Komitəsinin göstəricilərinə nəzər yetirdikdə 2009-cu ildən bu vaxta qədər ailələrə düşən ünvanlı sosial yardımın azalması müşahidə olunur. Əgər 2009-cu ildə 163.409 ailə ünvanlı sosial yardım alırdısa, 2012-ci ildə bu rəqəm 120.478 ailədir. Bu müddətdə 42. 931 ailə yoxsulluğun daşını atıbmı?
Milli Məclisin aprelin 30-da keçirilən iclasında çıxış edən millət vəkili Əli Məsimli ölkədəki yoxsulluq həddinin süni şəkildə aşağı salındığını bildirdi: “Son illlər rəsmi statistika məlumatları əsasında Azərbaycanda yoxsulluq göstəricisi ildə orta hesabla 1,6 faiz aşağı düşür. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi də buna müvafiq olaraq ünvanlı dövlət sosial yardımı alanların sayını ildə orta hesabla 20 min nəfərə qədər azaldır. Yoxsulluq kimi ciddi məsələyə bu cür yanaşılması Azərbaycanda sosialyönlü bazar iqtisadiyyatı quruculuğu haqda konstitusion tələblərə, ”Ehtiyac meyarı haqqında” qanuna ziddir. Çünki yoxsulluq həddində yaşayış minimumu – xərc maddələri, ünvanlı sosial yardım isə gəlir maddələrinə əsasən hesablanır. Yaşayış minimumu – 2013-cü il üçün 116 manat, ehtiyac meyarı isə 93 manat olmaqla, yaşayış minimunundan 23 manat və ya 25 faiz aşağıdır. Belə bir şəraitdə kiminsə, 116 manatdan çox qazanmağa başlamasının fizioloji cəhətdən mövcudluq uğurunda mübarizə aparan və ünvanlı dövlət sosial müdafiəyə ehtiyacı olan insanların durumuna nə dəxli var? Yəni vətəndaşların 116 manatdan çox qazanmağa başlaması, ildə 20 min nəfərini qanunvericiliklə onun haqqı olan vəsaiti almaqdan məhrum etmək üçün əsas ola bilməz”.
Ölməmək üçün verilən pul yoxsulluq siyahısını azaldır
Iqtisadi Tədqiqatlar Mərkəzi ünvanlı sosial yardımın (ÜSY) verilməsi ilə bağlı 7 ildir araşdırma aparır. Mərkəzin Idarə Heyətinin sədri Qalib Toğrul “Azadlıq”a deyir ki, hər il ÜSY verilən ailələr müəyyən qədər azalsa da, ondan faydalananların sayı 500 min nəfərdən aşağı düşmür. “Bəzən fərdlərin sayı 700 min nəfəri də keçib (2009-cu ildə 749,965 nəfər olub S.V)”.
Ünvanlı sosial yardım almaq üçün hər ailə üzvünə düşən gəlir 93 manatdan artıq olmamalıdır. Bu, ehtiyac meyarıdır. Ölkədə minimum əmək haqqı 93 manat 50 qəpik, yaşayış minimumu 116 manatdır. Iqtisadçı bildirir ki, ÜSY məbləği hesablanan zaman ehtiyac meyarı yox, yaşayış minimumu əsas götürülməlidir. “Ünvanlı sosial yardım haqqında” qanunda da ehtiyac meyarının yaşayış minimumuna çatdırılması tələbi qoyulub. Ehtiyac meyarının heç bir iqtisadi əsası yoxdur. Onu ölkə prezidenti büdcə paketi ilə birgə təsdiqləyir. Ehtiyac meyarının hansı iqtisadi hesablamalar əsasında müəyyənləşdirilidiyi qaranlıqdır. Amma yaşayış minimumunu Nazirlər Kabineti konkret ərzaq, qeyri-ərzaq, xidmət növündə 3 kateqoriya üçün (uşaqlar, əmək qabiliyyətli əhali və pensiyaçılar) hesablayır. Düzdür, onların da hesablamasını obyektiv saymaq olmaz. Ancaq hər halda ehtiyac meyarından yüksəkdir. Bizim hesablamalarımıza görə, yaşayış minimumu 116 manat yox, 210-215 manatdır”.
Q.Toğrul yoxsulluq həddinin və səviyyəsinin hesablanmasında metodoloji səhvlərin olduğunu qeyd edir. “Ölkə prezidenti Nazirlər Kabinetinin son toplantısında bildirdi ki, ilin sonuna kimi 6 faizlik yoxsulluq səviyyəsi də ləğv olunacaq, ölkədə yoxsul qalmayacaq. Onda belə çıxır ki, növbəti ildən Azərbaycanda sosial yardım almalı adam olmayacaq? Yoxsulluqla bağlı göstəriciləri Dövlət Statistika Komitəsi hesablayır. Onların metodologiyası ilə hesablayanda ünvanlı sosial yardım da əhalinin gəlirlərinə aid edilir. Eyni zamanda, müxtəlif kateqoriyalı torpaq sahələrinin gəlirliliyi sosial yardım məbləği hesablanarkən aşağı, əhalinin gəlirləri hesablanarkən yuxarı qiymətləndirilir. Bütün bunlar, yəni metodoloji uyğunsuzluqlar yoxsulluq səviyyəsi ilə bağlı qarışıq vəziyyətin meydana çıxmasına səbəb olur”.
Iqtisadçı ÜSY-nin ünvanlılığna şübhə ilə yanaşır. “Ünvanlılıq aşağı səviyyədədir. Bir çox hallarda yardımlar aztəminatlı olmayan ailələrə verilir. Bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni təkliflər hazırlayır. Ola bilsin ki, gələcəkdə ailə üzvlərinin sayı az olanlara sosial yardım verilməsin. Əslində, bu prosesi təkmilləşdirməklə sosial yardım alanların sayını azaltmaq, ünvanlılıq göstəricisini yüksəltmək olar”.
Q.Toğrul ÜSY verilən ailələrin 40 faizindən çoxunun iki və çoxuşaqlı ailələr olduğunu və 20 faizindən çoxunun bu yardımı 4-5 dəfə aldığını bildirir. “Adam var ki, 2006-ci ildən sosial yardım alır. Əgər ailədə həmin il uşaq doğulduğunu nəzərə alsaq, onda o, artıq 2-ci sinifə gedir. Yoxsuluq həm də təhsildə və səhiyyədə özünü göstərir. Ailəsində heç kimin işləmədiyini, amma hər ay pul alındığını görən uşaq bu vəziyyətə alışacaq. Eyni zamanda, yoxsul ailələrin yaxşı müalicə almaq imkanları da məhduddur. Mütləq ”Özünədəstək” layihəsinə keçənlərin sayını artırmaq, bu layihəni respublika miqyasında tətbiq etmək lazımdır. Bunun üçün isə təşviqedici, həvəsləndirici təkliflər hazırlanmalıdır”.
2010-ci ildən başlanılan “Özünədəstək” layihəsinə indiyədək 13 rayondan 271 ailə cəlb olunub. Bu layihə üçün büdcədən əlavə vəsait ayrılmır. Vəsait ÜSY üçün nəzərdə tutulmuş puldan köçürülür. Layihəyə qoşulan vətəndaş şəxsi təsərrüfatını inkişaf etdirib gəlir götürmək üçün illik ÜSY məbləğini birdəfəlik alır. “Hələ ki bu layihəyə çox az adam gəlir. Bir ailəyə orta hesabla 120 manat aylıq sosial yardım düşdüyünü hesab etsək (son məlumatlara görə, bu rəqəm 114 manatdır), illik məbləğ 1500 manata yaxın edir. Bu məbləğlə iş qurmaq xeyli çətindir. Hesab edirik ki, hər ailəyə 4000-5000 manat ayrılmalıdır. Eyni zamanda, bu layihənin ayrıca maliyyələşmə mənbəyi olmalıdır, ÜSY-yə ayrılan vəsaitin bir hissəsi bura yönəldilməməlidir”- deyə Q. Toğrul bildirir.
Iqtisadçı-alim Nazim Məmmədov ÜSY-ni rüşvət verməklə alan şəxslərin bu yardımı haqq etmədiklərini deyir. “Azərbaycan reallığında qanuni ünvanlı sosial yardım alanlarla yanaşı kifayət qədər qanunsuz yollarla, o cümlədən rüşvət müqabilində ÜSY alanlar mövcuddur. O vətəndaşlar pulla sosial yardım alırlar ki, onlar gəlirlərinin səviyyəsinə görə bu kateqoriyaya, yəni yoxsul kateqoriyaya uyğun deyillər. Bu şəraitdə insanlar razılaşmaya gedir. Mən də millət vəkilliyi dövründə kəndbəkənd gəzmişəm, bu iddiaları araşdırmışam. Bu yardımı alanların əhəmiyyətli hissəsi rüşvət şəklində yardım alıblar. O, yoxsul adam deyil, özünü təmin edən adamdır. Yoxsulun yardımına göz dikən məmurun isə gözünü çıxarmaq lazımdır. Amma vətəndaş da dövlətdən ”qanunsuz yardım almaqla” kiminsə haqqını yeyir və onlar bilməlidirlər ki, dövlət ən yoxsul insanlarına ÜSY verməklə, onları ayaqda saxlamaq istəyir. Hər şey qanunauyğun aparılsaydı, ola bilər ki, bu yardım 130 min ailəyə verilməyə də bilərdi, 60 min ailəyə verilərdi, 110 manat yox 220 manat köçürülərdi…”.
N.Məmmədov bölgələrdə ÜSY alan şəxslərin 50-70 faizinin göstərdikləri ünvanda yaşamadıqlarını bildirir. “Onlar iqtisadi miqrasiya nəticəsində başqa yerlərə yayılıblar və onların gəlirləri var. 4 milyon 600 min iş qabiliyəti olan Azərbaycan vətəndaşının cəmi 2 milyona yaxını sosial sığorta haqqı ödəyəndir (yəni qeydiyyata düşüb), muzdla çalışanlar bundan da azdır, cəmi 1 milyon 500 min nəfər. Bizdə kölgə iqtisadiyyatının səviyyəsi ən azı 60%-dən yüksəkdir, demək olar ki, kölgə iqtisadiyyatında fəaliyyət göstərənlərin sayı real iş qabiliyyətli əhalinin yarısıdır. Təxmin etmək olar ki, Ünvanlı Sosial Yardım alanların yarı faizi onu haqq etmirlər”.
Iqtisadçı bildirir ki, Azərbaycanda yoxsullar rəsmi rəqəmlərdəki kimi 6 faiz deyil, daha çoxdur. O, yoxsulluq səviyyəsinin Almaniyada 15, Italiyada 20 faiz olduğu halda Azərbaycanda 6 faiz olmasına inanmır. “Bizdə insanlar dövlət qurumlarına müraciət edib özlərini işsiz kimi qeydiyyata saldırmırlar”.
Iqtisadçı ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdirilməsini istəyir. “Biz də, müstəqil iqtisadçılar da, həmkarlar ittifaqları da, yaşayış minimumunu hesablamışdıq. Bu, 180 manata yaxındır. Bizdə yoxsulluq həddini ehtiyac meyarı ilə müəyyən edirlər. Mənə elə gəlir ki, bu da reallığı əks etdirmir. Bu gün bir vətəndaşın real olaraq 180 manatdan az təmin olunması qeyri-mümkündür. Indi tətbiq olunan yaşayış minimumu 116 manat da köhnə indikatorlarla hesablanır, ona görə də yoxsulluğun, işsizliyin səviyyəsi statistikada belə aşağıdır”.
Iqtisadçı yoxsulluğun azaldılması üçün xarici maliyyə institutları vasitəsi ilə xarici ölkələrin iqtisadiyyatına yatırılan vəsaitlərin ölkəyə gətirilməsini təklif edir. “Xarici maliyyə institutlarında 50 milyarda qədər vəsaitimiz var. Onlar idarəedilməsindən gələn gəlir ildə 1 faizə yaxındır. Amma bizim ölkəmizdə kənd təsərrüfatı, emal sənayəsi ilə məşğul olan sahibkarlar 18-20 faizdən aşağı biznes kredit, 30 faizdən aşağı istehlak krediti ala bilmirlər. Bizim pulumuz çox olsa da ölkədə pul çox bahadır. Insanlar işləmək istəyir, bunu ancaq stimullaşdırmaq lazımdır. Inhisarçılıq aradan qaldırılmalıdır. Dövlət pul imkanlarını vətəndaşa yönəltməlidir. Bu zaman vətəndaş çox qazanmaqla öz ailə-büdcə problemlərini həll edəcək, dövlət büdcəsinə daha çox vergi ödəmiş olacaq, təbii ki, belə olan şəraitdə dövlətdən Ünvanlı Sosial Yardım, müavinət istəməyəcək”.
Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ilham Məmmədov “Azadlıq”a deyir ki, ÜSY-nin alınmasında rüşvət faktı ola bilməz. “Bu gün məmur vətəndaş arasında şəffaflığın təmin edilməsində kifayət qədər addımlar atılıb. Nazirlikdə Ictimai Şura yaradılıb. Bu Şura üzvləri hətta vətəndaşların qəbulu zamanı da iştirak edirlər. Vətəndaşların şikayətlərinə online baxılması həyata keçirilir. 11 növ elektoron xidmət göstərilir, 142 qaynar xətt nömrəsi işləyir. Vətəndaşın məmurdan şikayəti varsa, nazirlikdə qəbula yazıla bilər”.
I.Məmmədov deyir ki, “Özünə dəstək” layihəsi olsa da ÜSY heç vaxt dayandırılmayacaq.
Rəsmi rəqəmlərlə 4 milyon manatdan çox ÜSY mənimsənilib
Nazirlik inkar etsə də Respublikanın Baş Prokurorluğunun bu ilin may ayı ərzində məhkəməyə göndərdiyi cinayət işləri arasında Sosial Müdafiə Nazirliyinin işçilərinin sayı çoxdur. Bu ilin 4 mayında Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rəhman Yusifov və mərkəzin əməkdaşlarının işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müəyyən edilib ki, 2008-2012-ci illər ərzində Ünvanlı Sosial Yardım almaq üçün onlara müraciət edən 174 rayon sakinindən 187 min 208 manatÿpulu rüşvət kimi alıblar. Nazirlik işçiləri daha sora aldatma yolu ilə onların plastik kartlarını ələ keçirərək bankomatlardan ümumilikdə 69 min 729 manatÿpulÿçıxarıb mənimsəyiblər. Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyev rayon sakinindən 400 manat rüşvət tələb edərkən həbs edildi. Aydın oldu ki, Ə.Əliyev 2009-2010-cu illərdə rayonun 200 sakininə 567 min 293 manat məbləğində ünvanlı sosial yardımın təyin edilməsi barədə yalan məlumatlar daxil edib, qərarları imzalayıb. Həmin sənədlərlə 606 min 987 manat məbləğində külli miqdarda pul vəsaitləri mənimsənilib. Həmin mərkəzdə 2008-2010-cu illərdə sosial yardım almaq üçün müraciət edən 200-dən artıq rayon sakinin hesablarından 1 milyon 130 min 348 manat məbləğində pul götürülüb. Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsi baxır. Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2011-2013-cü il tarixədək 2 milyon 236 min manat məbləğində vəsaitin mənimsənilməsi aşkar edilib. Bu işin istintaqı gedir. Bu il həm də Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin ayrı-ayrı əməkdaşlarının vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqla onlara sosial yardımların ayrılması, digər hallarda isə vətəndaşlara veriləcək yardımların ilk 3-5 ayının pul vəsaitlərinin götürülməsi faktları üzrə cinayət işləri başlanılıb. Sumqayıt şəhəri üzrə vətəndaşların 2 min 010 manat, Nizami rayonu üzrə isə 2 min 926 manat məbləğində pulunu götürərək mənimsəyiblər. Prokurorluğun açıqladığı rəqəmləri hesabladıqda aydın olur ki, 2008-ci ildən bu günə qədər yoxsullara ölməmək üçün veriləcək Ünvanlı Sosial Yardımın 4 milyon 235 min 208 manatı mənimsənilib. Amma qəzetimizə danışan şikayətçilərin və ekspertlərin fikrini nəzərə alsaq, 2006-cı ildən (bu il də daxil olmaqla) Ünvanlı Sosial Yardım üçün ayrılan 1 milyard 208 milyon manatın yarısı mənimsənilib. Bu da 604 milyon manat edir. Nəzərə alaq ki, bu, ölməmək üçün verilən puldur…
Sevinc Vaqifqızı