Mayın 27-də Milli Elmlər Akademiyasında PA rəhbəri Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib. Milli Şuranın sədri, tarixçi-alim Cəmil Həsənli bu hadısəyə Facebook səhifəsində münasibət bildirib:
Dəyərli dostlar! May ayının 27-də AMEA-nın Rəyasət Heyətində növbəti hoqqabazlıq baş verib. Elmi ictimaiyyətimiz prezident administrasiyasının başçısı Ramiz Mehdiyevə növbəti dəfə yarınmaq və yaltaqlanmaq üçün böyük şans əldə edib. Bu günlərdə onun adından nəşr olunmuş “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimat mərasimi sözün tam mənasında Ramiz Mehdiyevi, onun son illərdə “parlayan” tarixi “yaradıcılığını” mədh etmək üçün müstəsna imkanlar yaradıb. Deyən yoxdur ki, Ramiz Mehdiyev hara, Nadir şah hara? Bir vaxtlar Sovet dövründə əmək haqları universitetin kassasından verilirdi və bir qayda olaraq pul veriləndə böyük növbələr olurdu. Pul almağa gələn kafedra müdirləri isə növbəsiz kassaya yaxınlaşanda kitabxanaçılıq fakültəsinin müəllimi şair təbiətli Murad müəllim Şəmsizadə dedi ki, bunlara bax elmə soxulmaqları az deyil, indi kassaya da növbəsiz soxulurlar.Mən əvvəllər də demişən və bir daha təkrar edirəm ki, istər Səfəvi dövləti, istər Nadir şahla bağlı yazılan bu “dahiyanə” əsərlərin Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Bu əsərlərdən Ramiz Mehdiyevə aid olan yalnız həmin kitabların üzərindəki ad və soy addır. Tarix elmin bu qədər gülünc vəziyyətə salmaq olmaz. Tədbirdə iştirak edən prezident aparatının rəsmisi Eldar Əmirov öz çıxışında deyib ki, “araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır, yoxsa dəyərli əsər ortaya qoymaq mümkün deyil”. Tədbirdə çıxış edənlərin hamısının dəyərli əsər kimi qiymətləndirdiyin “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının müəllifi Ramiz müəllim istifadə etdiyi ilkin mənbələrin hansının dilini bilir. Bəlkə “müəllif” Nadir şah haqqında yetərli söz demək üçün bir güşəyə çəkilib fars dili, ərəb dili, əski Osmanlı dilini öyrənib və öyrəndikləri dillər əsasında XVIII əsrə aid İran mənbələrini incələyib, bizim xəbərimiz yox. Təqdimat mərasimində Ramiz Mehdiyevin Nadir şah dövrünə aid olan bir sıra diplomatik sənədləri ilk dəfə Azərbaycan dilində nəşr etməsi millətə, xalqa, elmimizə xidmət kimi qiymətləndirilib. Əvvəla sual olunur cənab Mehdiyev bu sənədləri hansı dildən, hansı dilə tərcümə edib. Tərcümə edən şəxs ilk mənbələrin yazıldığı dili bilmirsə onu necə tərcümə edib. Bir müddət əvvəl Ramiz Mehdiyevin ermənilər əleyhinə yazdığı bir məqaləni rus dilindən “Azərbaycan” qəzetində gedən tərcüməsində yazılırdı ki, ermənilər belə hərəkətləri ilə özlərini “küncə təpişdirdilər”. Görünür tərcümə sahəsində bu yenilikdən ruhlanan Ramiz müəllim indi də orta əsr mənbələrin tərcüməsinə girişib. Tədbirdə iştirak edən hər kəsə gün kimi aydındır ki, Ramiz Mehdiyev belə şeylər yaza bilməz, sadəcə olaraq vəzifəsindən istifadə edib Azərbaycan tarix elmini gülünc vəziyyətə salır, onu gülüş və ironya hədəfinə çevirir. Tutalım deyək Ramiz Mehdiyev başı çıxmadığı, ona aid olmayan şeylərlə məşğul olmağa özünə icazə verir. Bəs təqdimat mərasimində bülbül kimi ötən akademiklər, müxbir üzvlər, professorlar öz əməllərindən utanmırlar, xəcalət çəkmirlər. Mən həmin adamların adlarını burada çəkirəm ki, qoy gənclərimiz, Azərbaycan ictimaiyyəti bu adamları tanısınlar və bir neçə il sonra bu adamlar öz keçmişlərinə baxanda utansınlar. Akif Əlizadə – AMEA-nın prezidenti, İsa Həbibbəyli – AMEA-nı vitse-prezidenti, Yaqub Mahmudov – Tarix institutunun direktoru, Musa Qasımlı – Dünya siyasəti institutunun direktoru, Paşa Kərimov – Əlyazmalar institutunun direktor müavini və adlarını çəkməyə utandığım başqaları. Əgər bu adamlar Nadir şah Əfşar haqqında mükəmməl məlumat almaq istəyirlərsə, tarix elmləri doktoru Mehman Süleymanovun bu yaxınlarda gerçək mənbələr əsasında hazırladığı 740 səhifəlik “Nadir şah” əsəri nəşr olunub, alıb ondan faydalansınlar. Ölkədə qəribə bir vəziyyət yaranıb. Ramiz Mehdiyev xəbəri olmadağı başqaları tərəfindən hazırlanmış kitablar və məqalələr nəşr etdirir, sonra həmin məsələ qalır bir tərəfdə, bir qrup yaltaq utanıb-qızarmadan başlayır onun dahiliyindən, “nadir” elmi istedadından dəm vurmağa. Hələ bu cəfəngiyyatları xarici dillərə tərcümə edib Azərbaycanı rüsvay etməkdən də çəkinmirlər. Söhbət ciddi elmdən gedirsə, Rusiya, İran, Türkiyə və digər qonşu ölkələrdə çox yaxşı bilirlər ki, Səfəvi imperiyasından və ya Nadir şah mövzusunda Azərbaycanda kimlər yaza bilər, kimlər ciddi söz deyə bilər. Qəribədir ömrü böyu türkçiliyə qarşı mübarizə aparan Ramiz Mehdiyev, indi Nadir şahın “türk mənşəyini” sübut etmək üçün başa çıxmadığı orta əsr mənbələrinin təfsirinə girişib. Elə akademik ölkəni böyük söküntü meydançasına çevirmiş “ölüm üzlüklərinin” sökülməsi, bu üzlüklərin doğurduğu fəsad nəticəsində, içərisində 4 azyaşlı uşağın olduğu 15 nəfərin həyatı bahasına başa gələn 19 may faciəsinə də aydınlıq gətirsə pis olmaz. Axı bu məsələlərə aydınlıq gətirmək onun bilavasitə vəzifə borcudur. Yuxarıdan güclü himayə olmasa idi, əks təqdirdə Bakı şəhər icra başçılarının böyük həvəslə özlərini pərvanə kimi oda vurub az qala bütün şəhəri ölüm üzlükləri ilə üzləməyə böyük həvəs göstərmələrinin ayrı izahı yoxdur. Yeri gəlmişkən Nadir şah Əfşar öz zamanında özbaşınalıq edən məmurları, harınlıq edən tayfa başçılarını, özlərinə aid olmayan işlərə müdaxilə edən vəzir-vəkilləri ciddi şəkildə cəzalandırırdı.