Sabirabad camaatı və Vəkillər Kollegiyası bunları bilib, başına çarə axtarmalıdı…
Bizdə bir el məsəli var, deyirlər, suyun lal axanı, insanın yerə baxanı! Çətin tərbiyə olunan uşaqlar üzrə mütəxəssis, Sovet pedaqoqu Makarenko isə öz təcrübəsinə əsaslanaraq, bu deyimi daha da gücləndirib. O yazırdı ki, bəzən müəllimlər sinifdə diqqətlərini dəcəl şagirdlərin üzərində cəmləməklə zahirən sakit görünən başqa şagirdlərin xuliqanlığına, intizamsızlığına və başqa neqativ hərəkətlərinə şərait yaradır. Yəni, müəllimin fikri-zikri beş-altı çılğın, dəcəl şagirdin üzərində cəmlənir, belədə isə diqqətdən kənarda qalan, sakit, amma mahiyyətcə dağıdıcı olanlar “dərə xəlvət, tülkü bəy” şəraiti əldə edirlər.
Bu müqəddimə zahirən sakit, təmkinli duruşu, həlim xasiyyəti ilə seçilən, buna görə də ətrafdakılar tərəfindən “qız-gəlin qədər abır-həyalı” şəxs kimi tanınan, lakin törətdiyi bəd əməllərin miqyası yeddi bal zəlzələ gücündə olan bir şəxsə həsr edilib. Bu adam sıradan biri olmadığından, onun kimliyi ictimai əhəmiyyət daşıdığından, qəzet səhifəsində ondan bəhs eləmək nə ayıbdı, nə də qeyri-peşəkarlıq.
Kim demiş ki, “hər şeyin təzəsi, dostun köhnəsi”?
Bu şəxsin adı Səxavət Məmmədlidir. O, Sabirabad rayonunda yeganə vəkildi. Yazıq Sabirabad, sən nə millət vəkilinindən yarıdın, nə də adi vəkilindən!
Üzləşdiyimiz fəlakətin miqyasını təsəvvür eləmək üçün nəzərə alın ki, Sabirabad kimi böyük bir rayonun əhalisinə (150 min) təkcə bu şəxs hüquqi xidmət göstərir. O, az qala alternativsizdi. Oxucu haqlı olaraq indi sual verməkdə haqlıdır ki, nə olsun?
Elə isə keçək işin mahiyyətinə. Səxavət Məmmədli ilə tanışlığımız bu günün işi deyil. Mən onu 2000-2006-cı illərdə Xalq Cəbhəsinin yerli qərargahında iclasdan iclasa görər, hətta nə qədər qəribə olsa da, dünyanın gərdişindən də söhbət edərdim.
Qardaşım Murada da onunla tanışlıq qismət olmuşdu. O, bir zamanlar Səxavətlə eyni binada çalışmışdı – Murad Mülki Mühafizədə işləyərkən. Muradla onun çay-çörək kəsdiyi olmamışdı, amma yadımdadı ki, qardaşım Səxavətlə kitab dəyiş-düyüşü edərdi. Onun oxuduğu kitabları Səxavət istəyərdi, ya da əksinə. Mən bunlardan xəbərdar idim.
“Lal Hüseyn”in layiqli davamçısı
Tarix 11 avqust 2014-ü göstərəndə Səxavət Məmmədli yeni qiyafədə (biz hələ bilmirik ki, bu onun son qiyafəsidi, yoxsa hələ sürprizlər davam edir) qarşımızda peyda oldu. Oxucuya bir qədər uzunçuluq görünsə də, vəkil kimi onun xidmətlərindən istifadə edən zavallı sabirabadlıları, eləcə də vəkillərin qanuna uyğun fəaliyyətinə cavabdeh olan Kollegiyanı xəbərdar eləmək üçün bir az detallara varmağa məcburam.
11 avqustda Muradı polislər şərləyib evdən aparanda mən Bakıdaydım. Bilirdim ki, vəkil kimi Murada onu təqdim edəcəklər. Dərhal Səxavətə zəng elədim. Istədiyim tək bir şeydi: “Muradı gör, ona ürək-dirək ver, de ki, narahat olmasın, öz əleyhinə heç nəyə qol çəkməsin, günü sabah onu peşəkar vəkillərlə təmin edəcəm”.
Cavab, can dərdi “yaxşı-yaxşı” oldu
Ürəyim sakitlik tapmayıb, yol boyu bir neçə dəfə də Səxavətə zəng vurub, bu məzmunda xahişlər elədim. Çünki geridə qalan bir neçə məhkəmə işlərində onun “atar damardan məhrum”, güc orqanları qarşısında təpərsizliyinə şahidlik eləmişdim.
Rayona yetişdik. Bizə təbii ki, polis şöbəsində Muradla bağlı nə informasiya verdilər, nə də görüş imkanı. Bu müddətdə isə etdiyim aramsız zənglər qarşısında Səxavət sanki lal olmuşdu. Ondan sözün əsl mənasında kəlbətinlə söz çıxarırdıq. “Muradı döyüblərmi?”, “Murad nə deyir?” tipli suallarıma, ən yaxşı halda aldığım cavab bu idi: “Sonra, sonra… Çıxım zəng edəcəm”.
Sən demə, bu adam bizi yola verdiyi müddətdə Murad vəhşilərin amansız işgəncəsi altında idi. Birdən ağlıma gəldi ki, bu adam yəqin ehtiyat edir, mənimlə danışa bilmirsə, özünə daha yaxın olan biri ilə ətraflı danışa bilər. Araya ortaq tanışlarımı saldım. Onlardan yalnız və yalnız bu suala cavab almağı xahiş elədim: “Muradı döyməyiblər ki?”
Cavab gəldi ki, yox, hər şey qaydasındadı.
Işgəncəni gizlədən vəkil özü də işgəncə iştirakçısına bərabərdi…
Səhəri gün polisdəki mənbələrdən Muradın döyülmə xəbərini aldım. Yenə Səxavətə və ortaq dostlarıma zəng elədim. Mənə də, dostlarıma da dedikləri fəqrlənmədi. Görünür, çox intizamla öhdəlik götürmüşdü. Səxavət Murada heç bir işgəncə verimədiyini deyirdi. Təki, belə olaydı…
Lakin qədim peşə kimi, yalanın da ömrü 40 gün çəkmir, Murad həbs-qətimkan tədbirilə bağlı qərar verilən ilk məhkəmə iclasında, eləcə də mənə elədiyi zəng zamanı Sabirabad polisində işgəncəyə məruz qaldığını dedi. Mən xəbər aldım ki, bəs sən bunu Səxavətə demişdin? Murad bildirdi ki, Səxavətə tapşırdığı elə yeganə söz elə bu olub: “Qardaşıma de ki, mənə burda işgəncə verilib…”
Bu “vəkil”in, üzünə iffət maskası taxmış birinin açıq-aşkar elədiyi xəyanət polisin elədiyi vəhşilikdən də betər rüsvayçılıq idi. Təzyiqim həmin an bəlkə də rekord vurdu. Əlbəttə, Səxavəti axtardım. Ondan bu əməlinin səbəbini soruşdum. Onun qarşısında sadə suallar qoydum. Məsələn, dedim ki, sən axı bu işgəncəni niyə gizlətmisən? Nədən qorxmusan? Sənin imkanın var idi ki, özün də deməsən, bunu başqası vasitəsilə çatdırasan. Səxavət dedi ki, o, Murada işgəncə verildiyini görməyib. Tamam, görməmisən, bəs Murad sənə bu haqda nəsə deyibmi? Danmadı, bildirdi ki, deyib. Bəs niyə gizlətmisən? Bu anda dili topuq çaldı. Söhbətimiz “sən artıq mənim üçün ölü birisən” qiymətləndirməmlə bitdi.
“Morq”dan təntənəli dönüş
Tarixdə fenomenlər olub ki, onlar öləndən sonra da proseslərə təsir ediblər. Məsələn, deyərlər, buqələmunluqda ad qazanan Cozef Fuşe özündən sonra müxtəlif araqarışdırıcı məktublar qoyub gedibmiş. Sanki bu dünyda yaratdığı konfliktlər azmış kimi, bu məktublarla yaranan hoqqalarla o dünyada da ruhunu əyləndirmək niyyəti güdüb. Hə, mənim dəfn elədiyim Səxavətin fuşesayağı yenidən qabağıma çıxacağı ağlıma gəlməzdi.
O, növbəti dəfə Muradın cinayət işi ilə tanışlıq zamanı peyda oldu. Nə görsək yaxşıdı? Bu adam vəkillik andını, vəkillik haqda qanunu, əsrlərdən bizə yadigar qalan mərdliyi unudaraq, Murada qarşı hal şahidliyi edib. Yəni, elə bir protokola qol çəkib ki, orada guya, Murad saxlanılarkən, üstünə baxış keçirilərkən üzərindən narkotik çıxdığı yazılıb. Bildiyiniz kimi, siyasi fəalların üzünə dayanmaq üçün hakimiyyət adətən cəmiyyətin aşağı qatında dayanan bomjlar, 5 qəpiyə hər şeyə tüpürməyə hazır olanlardan istifadə edir. Bu dəfə istisna baş vermişdi, bilmirəm, qardaşım Murada hörmətdənmi, yoxsa Səxavətə verilən qiymətdən, hal şahidi kimi kostyumlu, qalstuklu “ziyalı”nı seçmişdilər.
Tanıdığın, “salaməleyküm”ün olan bir adamın belə bir quru şərdə üzünə durmasının nə demək olduğunu bütün vicdanlı adamlar bilir. Mənim üçün Səxavətin artıq hüquq-mühafizə orqanların “marionetkası” olduğu şübhə doğurmurdu. Sadəcə, hələ də özümü inandıra bilmirdim ki, bir adam bu qədər qanunsuzluğa, namərdliyə əl atsın.
Baş verənləri onu tanıyan bir neçə hörmətli adama da danışanda onlar şoka düşdülər, əlbəttə ki, inanmadılar. Amma onun “mübarək” imzasını dostlara göstərəndə vəziyyət ciddiləşdi. Bu insanların Səxavətə qınağı onu bir vəkil kimi özünümüdafiəyə səfərbər elədi. Mən uzaqda olduğumdan, o, xəbər göndərdi ki, bəli, imza olub, amma o imza başqa şeyi təsdiqləmək üçündü. Yəni, Səxavət and-aman elədi ki, o, Muradın işində hal şahidliyi eləmək üçün o imzanı atmayıb, narkotik-filan da görməyib. Bu imza Muradın izahat verməkdən imtinasını təsdiqləmək barədədir.
Yada salım ki, Murad ona qarşı keçirilən əməliyyatın saxta, siyasi sifariş olduğunu bildirərək, heç bir sənədə imza atmayıb.
Öz adını qoruya bilməyən vəkil, başqasını necə qoruya bilər?
Qəlbim rəhmə gəldi, dedim lap yaxşı, ona öz şərəfini qorumaq gözəl imkan yaradırıq, qəzetə məqalə yazsın ki, o imza nədir. Yazmadı. Məhkəməyə şahid kimi dəvət elədik ki, gəl Muradı yox, öz vəkil şərəfini müdafiə elə. Bütün israrlarımıza rəğmən, adam gizləndi, prosesə gəlmədi.
Bütün olub bitənlər bu…
Onun bizimlə düşmənçilik eləməyə heç bir əsası, səbəbi yoxdu. Bizdən umacağı olmayıb. Beləliklə, aydın olur ki, onu bu qanunsuz, ədalətsiz hərəkətə vadar edənlər var. Onu bu işə vadar edən qüvvə o qədər qüdrətlidir ki, Səxavət şəxsən tanıdığı insanlara qarşı da “uf” demədən belə hərəkətlərə yol verirsə, burada tək Muradın yox, Sabirabadın 150 minlik əhalisinin halına acımaq lazımdı. Bizim qanuna görə, vəkil fəaliyyətə başlayanda belə bir and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
Yuxarıda göstərdiyimiz faktlardan aydın olur ki, bu adamın fəaliyyətində mərdliyin “m”i belə yoxdur. Üstəlik, o, avtoritar rejimlə əlbir olaraq, insan hüquq və azadlıqları üçün çalışan insanlara torba tikilməsində “ilana ağu verən kərtənkələ” rolunu oynamaqdadı. Öz tanıdığı halal adamların şərlənməsində rol alan vəkilin başqalarının başına gətirdiklərini təsəvür etmək çətin deyil. Sabirabad camaatı gec də olsa, bu təhlükənin fərqində olmalıdı.
Vəkillər Kollegiyasına çağırış
Hər fürsətdə müstəqil, azad fikirli vəkilləri cəzalandırmağa bəhanə axtaran Vəkillər Kollegiyası da bu yazını müraciət kimi diqqətə ala bilər. Kollegiya bu suala cavab axtarsın ki, bir vəkilin peşə etikasını pozaraq fəaliyyət göstərməsi, vəkil andına sədaqətsizlik göstərib insanların həyatının darmadağın edilməsində rol alması onları nə dərəcədə məmnun edir? Ümumiyyətlə, son dövrlər vəkillərin “hal şahidi” kimi istifadə edilməsi Kollegiyanın tənəzzülü kimi başa düşülməlidir, yoxsa inkişafı?
Natiq Güləhmədoğlu