Yol qəzasında övladını itirən «McDonalds» rəhbərinin ailəsi barışığa sövq edilir
Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu 1998-ci il təvəllüdlü Ilham Əsgərlinin işi üzrə məhkəmə prosesinin təkrar ekspertiza rəyi alınana qədər təxirə salınması haqda yazmışdıq. Əldə etdiyimiz məlumatlara görə, artıq təkrar ekspertizanın rəyi alınıb. Indi məhkəmənin növbəti iclasında rəyin açıqlanacağı gözlənilir.
Xatırladaq ki, ötən il sentyabrın 27-də Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.
Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclas cəmiyyətdə kifayət qədər səs-küy yaradıb. Yol qəzasında dünyasını dəyişən Sənan Mirzəyevin atası, “McDonalds” Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev bildirib ki, icra başçısı məhkəməyə təzyiq edir və oğlunu məsuliyyətdən yayındırmaq üçün 1 milyon pul verib. Məhkəmə prosesi də ona uyğun gedir.
Maqsud Mirzəyev məhkəmədə deyib ki, qəzadan sonra oğlu Sənan normal şəraiti olmayan Sabunçu xəstəxanasına, Ilham Əsgərli və Pərvin Fətullayev isə M. Nağıyev adınaÿTəcili Tibbi Yardım ÿXəstəxanasına aparılıblar. Daha sonra icra başçısı öz oğlunu təcili olaraq Türkiyəyə müalicəyə yollayıb. Ancaq Maqsud Mirzəyev Amerikada olduğuna görə övladı xəstəxanada baxımsız qalıb və həyatı xilas edilməyib. Hadisə barədə Sənanın evinə məlumat da verilməyib.
Maqsud Mirzəyev oğlunun ölümündə icra başçısının oğlunu təqsirli bilir və onun sərt cəzalandırılmasını tələb edir. Hesab edir ki, məhkəmə icra başçısının oğlunun məsuliyyətini azaltmaq üçün təqsiri yük maşını sürücüsünün üzərinə yıxmaq istəyir.
Təkrar ekspertiza məsələsinə gəlincə, bu barədə vəsatəti Ilham Əsgərlinin vəkiliÿ qaldırıb və dövlət ittihamçısı da həmin vəsatətlə razılaşıb. Lakin zərərçəkmiş Maqsud Mirzəyev, eləcə də yük maşınının sürücüsü Əhliman Süleymanov və onların vəkilləri vəsatətə qəti şəkildə etiraz ediblər.
Belə ki, hadisədən təxminən 1 ay sonra iş üzrə avtotexniki ekspertiza keçirilib və verilən rəy icra başçısının oğlunun əleyhinə olub. Rəyə əsasən, Ilham Əsgərli avtomobili yüksək sürətlə idarə edib, üstəlik, qanun yol vermədiyi halda, sağdan manevr etməklə ötməni həyata keçirmək istəyib. Bundan başqa, Ilham Əsgərli sükan arxasında sürücülük vəsiqəsi olmadan əyləşib.
Buna görə də zərərçəkmiş tərəf təkrar ekspertiza rəyinin obyektiv olacağına şübhə ilə yanaşır. Məhz sonuncu iclasda Maqsud Mirzəyev bildirib ki, Səbail rayonunun icra başçısı Asif Əsgərov özü ona deyib ki, ekspertiza rəyinin (ilk ekspertiza nəzərdə tutulur – red.) belə olacağını bilsəydi, başqa cür hərəkət edərdi… Maqsud Mirzəyevin ittihamına görə, qəza baş verən gün təqsirləndirilən tərəfin əsas işi adları dəyişmək olub, ya da buna cəhd edilib.
Maraqlıdır ki, qəza baş verəndən iki gün sonra (sentyabrın 29-da) hadisə ilə bağlı Bakı Şəhəri Xəzər Rayon Prokurorluğundan “Trend”ə verilən məlumatda Sənan Mirzəyevin adı çəkilsə də, onunla birgə olan və yaralanan iki nəfərin adı açıqlanmır. “Trend”in həmin tarixdə yaydığı Daxili Işlər Nazirliyinin rəsmi məlumatında isə Pərvin Fətullayevin adı çəkilsə də, Ilham Əsgərlinin adı göstərilmir.
Redaksiyamıza təqsirləndirilən tərəfin bu işə öncə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmasına səy göstərdiyi də məlum olub. Lakin zərərçəkmiş tərəfin təkidi ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Görünür, məhkəmə prosesinin rayon çərçivəsində aparılmasında maraqlı olan tərəf hadisənin ölkə miqyasında ictimailəşməməsinə çalışıb.
Məlumatlara görə, artıq məhkəmə prosesi hakimiyyətin ən yuxarı səviyyəsində də rezonans yaradıb. Səbail rayonunun icra başçısı Asif Əsgərovun davranışı birmənalı qarşılanmayıb və onun vəzifədən azad edilib-edilməməsi sualı gündəmə gəlib. Lakin Asif Əsgərov həmyerlisi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrı olduğundan hələ ki qoruma altına alınıb.
Mirzəyevlər ailəsini üzən səbəblərdən biri də məhz Asif Əsgərov kimi şəxsin indiyədək vəzifədə saxlanılması və onun öz qulluq mövqeyindən sui-istifadə etməsidir. Zərərçəkmiş ailəyə, qarşı tərəflə barışığa getməsi üçün mənəvi təzyiq göstərildiyi də əldə etdiyimiz məlumatlar sırasındadır. Belə ki, bəzi nüfuzlu şəxslər Mirzəyevlər ailəsi ilə “olacağa çarə yoxdur” tipli söhbətlərlə təsir edir, onlara inad etməməyi məsləhət görürlər. Başqa sözlə, ailəni nakam övladının qanının yerdə qalması ilə barışmağa sövq edirlər. Ailə üzvləri isə bu çağırışları rədd edir və övladlarının qanının batırılması ilə barışmayacaqlarını bildirirlər.
Qeyd edək ki, bu məsələdə hakimiyyətin narahatçılığı problemin beynəlxalq mətbuata yol tapa biləcəyilə də bağlıdır. Iş burasındadır ki, zərərçəkmiş Maqsud Mirzəyev dünya çapında bir şirkətin Azərbaycanda rəhbər nümayəndəsidir. Belə ki, sonuncu məhkəmə iclasında Maqsud Mirzəyevin “bu məhkəmə prosesi obyektiv getməsə, mən geniş mətbuat konfransı keçirib, həm yerli, həm də xarici jurnalistləri çağırıb hər şeyi açıqlayacam” – xəbərdarlığı diqqətdən yayınmayıb. Açıqlanacaq həqiqətlər isə Azərbaycandakı cəzasızlıq və korrupsiya mühiti, ədalətli məhkəmə araşdırması və insan hüquqlarının təmin edilməməsi məsələlərini yenidən gündəmə gətirərdi. Avropa Oyunları ərəfəsində isə onsuz da dünya mətbuatının sərt tənqidi ilə üzləşən hakimiyyət üçün daha bir qalmaqal əlavə başağrısı olardı.
Sonda xüsusi olaraq onu da xatırladaq ki, yol qəzasında həyatını itirən 16 yaşlı Sənan Mirzəyev onun ölümündə təqsirli bilinən Ilham Əsgərli ilə bir məktəbdə oxuyub, sinif yoldaşı olub…
Informasiya şöbəsi