Bakı Metropoliteninin “Bakmil” stansiyası yaxınlığında, depo ərazisində Məmməd Əmin Rəsulzadənin 1992-93-cü illərdə qoyulmuş büstünün dağıdılmasına içtimai qınaq səngimək bilmir. Rəsulzadə irsinin fundamental araşdırıcılarından olan professor Şirməmməd Hüseynov da bu hərəkəti edənləri qınayır.
Ş.Hüseynov “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, Rəsulzadənin büstünün dağıdılması alçaqlıqdır: “Bu millətə Azərbaycan adında bir dövlət bəxş edən, islam-türk aləmində ilk cümhuriyyət yaradan, bu milləti xilas edən bir şəxsiyyətə qarşı bu cür münasibət ən böyük alçaqlıqdır. Hökumət Rəsulzadənin 130 illiyi ilə bağlı fərman verərkən biz bunu təqdirəlayiq bir addım kimi qəbul etdik və Dövlət Dram teatrında Resulzadənin yubileyini qeyd etdik. Hesab edirəm ki, bu gün baş verənlər Rəsulzadın ruhunu təhqir etmək deməkdir. Bu, təkcə mənim mövqeyim sayılmaz. Milli qeyrəti olan hər bir kəsin bu məsələyə münasibəti eyni olar”.