86 yaşlı zərərçəkmiş də hökmün dəyişdirilməsini istəyir: «Günahdır mənim üçün, bu gün varam, sabah yoxam. Niyə Allahsız danışım?!»
Cəmil Həsənli: «Bu qondarma cinayət işində saxtakarlığa yol verilməyən bircə abzas da yoxdur»
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin barəsində Yasamal Rayon Məhkəməsinin 20 fevral tarixli hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Bu işə Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə baxılır.
Ilkin baxış iclasında Günel Həsənlinin vəkilləri Adil Ismayılov və Fəxrəddin Mehdiyev çıxış edərək, ibtidai istintaq, eləcə də birinci instansiya məhkəməsində yol verilmiş qanun pozuntularını məhkəmənin nəzərinə çatdırıb. Adil Ismayılov apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıb. Bu iş üzrə keçirilmiş ekspertizalar zamanı ciddi qanun pozuntularına yol verildiyini vurğulayan vəkil təkrar ekspertiza təyin olunmasını istəyib. Adil Ismayılov qeyd edib ki, rəylərdə işə aidiyyəti olmayan digər ekspertlərə istinad olunub. Bundan başqa, ekspertlərin müstəqil şəkildə sübut toplaması hallarına rast gəlinir ki, bu da qanunverciliyin tələblərinin kobud şəkildə pozulmasıdır: “Ekspert heç bir halda öz rəyində başqa ekspertə istinad edə və ya özü müstəqil şəkildə sübutlar toplaya bilməz. Bu, qanunvericiliyə ziddir. Mən ilk dəfədir ki, belə halla qarşılaşıram. Rəy tərtib edilərkən işin halları nəzərə alınmayıb, ziddiyyətli və natamam tərtib edilib. Məhkəmədən bu iş üzrə yenidən ekspertiza keçirilməsini, prosesdə müdafiə tərəfinin də ekspertinin iştirakının təmin olunmasını xahiş edirəm”.
Digər vəkil Fəxrəddin Mehdiyev də Adil Ismayılovun vəsatətini dəstəkləyərək, onun hüquqi cəhətdən kifayət qədər əsaslandırıldığını bildirib. Fəxrəddin Mehdiyev çıxışında həmçinin prosesin ziddiyyətli və qərəzli aparılmasına, hadisənin tamamilə təhrif olunmasına diqqət çəkib: “Baş verən hadisə, işin halları tamamilə təhrif olunub və ekspertlər buna göz yumub, həqiqətə uyğun olmayan, natamam məlumatlar əsasında rəy verilib. Bu hallarla bağlı vəsatətlərimiz isə araşdırılmadan, yoxlanılmadan rədd edilib. Bizim üçün ekspertlərin dindirilməsi müstəsna əhəmiyyət daşıyır. Bu qədərÿbərbad rəylər əsasında hökm çıxarmaq ədalət mühakiməsi adına ciddi ləkədir. Eyni zamanda, zərərçəkmiş Səlimova Ədilə Ismayıl qızı da işə xitam verilməsi barədə vəsatət qaldırıb, göstərib ki, heç bir şikayəti yoxdur. Hesab edirəm ki, işin obyektiv aparılması və ədalətli qərar çıxarılması üçün mütləq apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır”.
Dövlət ittihamçısı müdafiə tərəfin məhkəmə istintaqının keçirilməsi haqda vəsatətinin əleyhinə çıxıb. O, apellyasiya şikayətinə məhkəmə istintaqı keçirilmədən baxılmasını istəyib. Məhkəmənin vəsatətlə bağlı qərarı da prokurorun mövqeyinə uyğun olub – apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib. Bu, ilkin baxış iclasının qərarında öz əksini tapıb.
Bu iş üzrə növbəti məhkəmə iclası isə aprelin 24-nə təyin olunub.
Vəkil Adil Ismayılov “Azadlıq”a açıqlamasında bildirib ki, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
“Maşın mənə bərk dəysəydi, çoxdan o dünyada olardım…”
Məhkəmədən sonra mediaya açıqlama verən 86 yaşlı Ədilə Səlimova bir daha bəyan edib ki, Günel Həsənlidən heç bir şikayəti yoxdur. Bu üzdən onun barəsindəki hökmün dəyişdirilməsini istəyir: “Allaha şükür, sağ-salamatam, ölməmişəm. Mənim şikayətim yoxdur. Ayıbdır! Cavan uşaqdır, başımın üstündə Allah var. Günahdır mənim üçün, bu gün varam, sabah yoxam. Niyə Allahsız danışım? Əgər mənə bərk dəysəydi, çoxdan o dünyada olardım. Mən gedəndə baxmadım ki, maşın gəlir, o da bilməyib, yüngülvari dəyib mənə. Mənim təzyiqim var, ona görə yıxılmışam. Yenə də mənə köməklik eləyib, poliklinikaya aparıb, rentgenə saldırıb, hər əziyyətimi çəkib. Mən ona nə deyə bilərəm?!”
“Mənim siyasi fəaliyyətimə görə övladımı cəzalandırırlar”
Cəmil Həsənli də ortada cinayət hadisəsi olmadığını, sadəcə, cinayət işi qondarıldığını bildirib: “Burada cinayət hadisəsi yoxdur. Bu, siyasi prosesdir. Mənim siyasi fəaliyyətimə görə övladımı cəzalandırırlar. Üstəlik, cəza da heç bir hüquqa söykənmir. Tamamilə saxtalaşdırılmış, bilavasitə ölkə rəhbərliyinin sifarişilə keçirilən bir məhkəmə prosesidir. Vəkillərin verdiyi vəsatətlərdən də göründü ki, bu qondarma cinayət işində saxtakarlığa yol verilməyən bircə abzas da yoxdur”.
“Bu birbaşa Cəmil Həsənlidən qisas almaq cəhdidir”
Yeri gəlmişkən, dünənki məhkəmə iclasında AXCP sədri Əli Kərimli və partiyanın bir sıra funksionerləri də iştirak edib. Məhkəmədən sonra mediaya açıqlama verən Əli Kərimli vurğulayıb ki, Günel Həsənli ətrafında baş verənlər birmənalı şəkildə onun atasından qisas almaq cəhdidir: “Azərbaycanda belə hal yoxdur ki, heç bir ciddi xəsarət olmayan yol-nəqliyyat hadisəsinə görə kimsə belə ağır cəzalandırılsın. Baş verənlər ümumi şəkildə birlikdə apardığımız mübarizəyə görədir. Burada birmənalı olaraq, siyasi sifarişdən söhbət gedir. Bu, birbaşa Cəmil Həsənlidən qisas almaq cəhdidir. Eyni zamanda, Azərbaycandakı rejimin öz rəqiblərinə qarşı münasibətinin göstəricisidir. Çox təəssüf ki, Cəmil müəllimin heç bir günahı olmayan övladı əzab çəkir”.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin 20 fevral tarixli hökmü ilə Günel Həsənli 1 il 6 ay məntəqə tipli müəssisədə cəza çəkməyə məhkum edilməklə yanaşı, sürücülük hüququndan da məhrum olunub.
Aytən Məmmədova