Oqtay Gülalıyev: «Bu istiqamətdə böyük vəsait ayrılsa da, biz lazımi tədbirlərin şahidi olmadıq»
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki çaylarda aprel, may, iyun ayları üçün yaz gursululuğu və daşqın hadisələri proqnozlaşdırıb. Başqa sözlə, baş verə biləcək təbii fəlakət haqda bəri başdan xəbərdarlıq edilib. Maraqlıdır, hökumət buna hazırdırmı? Müvafiq dövlət strukturlarının qabaqlayıcı tədbirlər planı varmı?
Xatırladaq ki, 2010-cu ilin may-iyun aylarında Kür və Araz çaylarında baş vermiş daşqınlar və qrunt sularının səviyyəsinin qalxması nəticəsində 11 rayon ərazisində minlərlə fərdi yaşayış evi su altında qalmış, onminlərlə insan xeyli ziyana düşmüşdü.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daşqın proqnozu ilə bağlı fikirlərini bölüşən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının rəhbəri Oqtay Gülaliyev “Azadlıq”a açıqlamasında bildirib ki, Kür və Araz çayları ətrafında bəndsalma işləri aparılsa da, bu, yarana biləcək hər hansı təhlükənin qarşısını almaq üçün yetərli deyil: “2010-cu ilin yazında Mərkəzi Aran bölgəsində Kür-Araz daşqınları baş verərkən xeyli sakinin təsərrüfatına, evlərə, obyektlərə ziyan dəymişdi. O zaman hökumət bu daşqını adıçəkilən çayların daşması ilə əlaqələndirsə də, sonradan məlum oldu ki, bu fəlakətin baş verməsinin əsas səbəbi Mingəçevir su anbarının düzgün idarə olunmaması, Kür-Araz çayları ətrafında sahilbərkitmə işlərinin qaydasında aparılmamasıdır. Zamanındaÿbu istiqamətdə böyük vəsait ayrılsa da, biz lazımi tədbirlərin şahidi olmadıq. Amma ötən müddətdə bu tip hadisələrə qarşı qabaqlayıcı tədbirlərÿgörülüb. Məlumatlara görə, Mingəçevir su anbarına nəzarət müəyyən qədər gücləndirilib. Eyni zamanda, Kür və Araz çayları ətrafında bəndvurma işləri aparılıb. Amma biz hesab edirik ki, bu tədbirlər yetərli deyil”.
Ekspert qeyd edir ki, Kür və Araz çayları lildən təmizlənməlidir. “Kür” Vətəncaş Cəmiyyəti Qərargahı bu barədə təkliflərini də müvafiq qurumlara göndərib: “Xüsusən Kür çayının Arazla qovuşduğu ərazidəki deltanın səviyyəsi yüksək olaraq qalır. Bundan başqa, Kür çayında gəmilərin hərəkətinə dövlət səviyyəsində nəzarət edilməlidir, amma təəssüf ki, belə deyil. Hökumət əlavə olaraq, Hollandiya şirkətlərini dəvət edib, problemin həllilə bağlı təkliflər əldə etməyə çalışır. Amma bu istiqamətdə də işlər yarımçıq qalıb. Sözügedən ərazidə yaşayanların daha təhlükəsiz yerə köçürülməsi, orada ciddi qabaqlayıcı tədbirlərin görülməsinə dair göstərişlər verilsə də, bu işlər də həyata keçirilmədi.ÿVə nəhayət, baş vermiş təbii fəlakət nəticəsində ziyan çəkən sakinlərin mülklərinin təmirə ehtiyacı olsa da, bu istiqamətdə də ciddi addımlar atılmayıb. Həmin qəzalı evlərin kiçicik bir təzyiq nəticəsində yararsız vəziyyətə düşəcəyi qaçılmazdır”.
Oqtay Gülalıyev vurğulayır ki, Kür-Araz daşqınlarından 5 il keçməsinə baxmayaraq, təbii fəlakətin yaratdığı fəsadlar hələ də tam aradan qaldırılmayıb: “Əgər bu ərazidə yenidən daşqınlar baş versə, indiyədək görülən qabaqlayıcı tədbirlər yetərli deyil”.
Emil