(danışıq tərzimiz haqqında)
Əlbəttə, bizdə böyük-kiçik yeri var. Bu, ən yaxşı cəhətlərimizdəndir. Böyük yanında “yüz ölç, bir biç” prinsipilə hərəkət edir, düşünür, danışırıq… Ancaq bəzən ifrata varır, özümüzü qədərindən artıq ədəb-ərkanlı göstəririk. Bu da səmimi alınmır, bayağı görünür.
Xüsusilə, danışarkən “böyük-kiçik var” deyə elə ifadələr işlədirik ki, guya bununla mərifətli olduğumuzu ortaya qoyuruq. Məsələn, söhbətimizin intim hesab etdiyimiz məqamında yerli-yersiz “üzr istəyirəm”, yaxud “ayıb olmasın” kimi ifadələrlə əttökənlik edirik.
Dost-tanış yanında belə “mənim arvadım”, “mənim ərim”, “mənim uşaqlarım” kimi sözləri sıxılaraq dilə gətiririk. Mütləq bu sözlərin qarşısında “üzr istəyirəm” ifadəsini işlədib, sanki ayıbımızı örtürük… Axı, niyə? Utanılacaq nə var ki? O zaman evlənmək də, övlad sahibi olmaq da ayıb sayılsın gərək?!
Hətta televiziya aparıcılarımız da bu stereotipdən qurtula bilmir, ya da bu cür davranışla tərbiyəli göründüklərini zənn edirlər. Məsələn, uşaqlar mövzusunda bir verilişin xanım aparıcısının öz övladından misal çəkərkən “üzr istəyirəm, mənim qızım…” deməsi nə dərəcədə xoş təsir bağışlayır? Əksinə, etikadan uzaq görünür. Bu cür çatışmazlıqları ilk növbədə elə media işçiləri, xüsusilə telecurnalistlər aradan qaldırmalıdırlar. Yoxsa, atalar da “mənim övladım” ifadəsinin əvvəlində “üzr istəyir”, analar da…
Kişilər isə daha çox arvadlarının hamiləlik dövrü ilə əlaqədar söhbətlərdə xəcalət təri tökürlər. Hətta həkim yanında arvadının doğuş problemlərindən danışmalı olanda, söhbətə “üzr istəyirəm”siz başlaya bilmirlər… Onlara elə gəlir ki, “arvadım hamilə olanda” və ya “uşağımız doğulanda” kimi ifadələr işlədəndə başqasının gözü önündə yataq səhnələri canlanır?! Bir deyim var, nə təbiidirsə, o ayıb deyil! Biz də bu mədəniyyəti əvvəl-axır formalaşdırmalıyıq, axı!
Iş o yerə çatır ki, bəzən kişilər “arvadım”, “həyat yoldaşım” sözlərinin əvəzinə “uşaqlarımın anası” ifadəsini işlədir və bununla da xanımlarını guya naməhrəm nəzərindən yayındırdıqlarını düşünürlər… Amma əksinə, hamının diqqətiniÿ özlərinə çəkirlər. Axı, misal var, soğan yeməmisən, için niyə göynəyir?
“Üzr istəyirəm” problemi təkcə ailə ilə bağlı deyil. Məişət-təsərrüfat həyatımızda da bu anormallığa rast gəlinir. Məsələn, “soxmaq”, “deşmək”, “salmaq” kimi sözlərin qarşısında guya “türkün sözü” və ya “türk demişkən” kimi ifadələri işlətməklə qanacaqlı-qabiliyyətli oluruq. Əvvəla, bu sözlər niyə ədəbsiz sayılmalıdır və niyə məsuliyyəti “türkün” üzərinə yıxmalıyıq? “Türkün sözü” olmadan, məsələn, “sox bura”, “bunu deş”, “bura sal” desək, tərbiyəsizlik etmiş oluruq?!
Bizdə küçədə, ictimai yerdə tualetin yerini soruşmaq da ayıb sayılır. Yəqin, onda da başqasının gözü önündə adamın unitazdakı halı canlanır və adam hörmətdən düşür… Problem bununla da bitmir, hətta heyvanlara münasibətdə də belə hallar özünü göstərir. Dükan-bazarda ət satılan yerlərdə satıcıdan üzr istəyib… döş ətindən bir-iki kilo çəkməsini xahiş edənlər də olur. Bir neçə il öncə isə telekanalların birində, mal-qaraya hücum edən canavarlarla bağlı süjetdə kənd sakini olan qadın elə bu cür də demişdi: “Ayıb olmasın, canavar inəyin quyruq tərəfindən yeyib…”
Ümumiyyətlə, biz danışığımızda çox loruyuq, guya bununla sadə və səmimi görünürük. Hətta ziyalılarımız, alimlərimiz də bu tərzdə danışır və mənfi nümunələr yaradırlar. Uşaqlar, gənclər də görüb-götürürlər. Belə davam etsə, nə müasirləşərik, nə də mədəni olarıq. Ya dilimizə, ya da özümüzə islahat lazımdır…
Şövkət Məmməd