ABŞ-da təhsil alan Fariz Hüseynli öz “facebook” səhifəsində bu məsələyə münasibət bildirib
Amerika universitetlerində bakalavr səviyyəsində oxuyanda çox vaxt ilk iki il ümumi təhsil dərsləri və bəzi ixtisas dərsləri alırsan, sonrakı iki ildə isə daha çox ixtisas dərsləri alırsan. Hər pillədə seçməli və məcburi dərslər olur. İndi bizim universitetdə tələbələrin ilk iki ildə alınan dərslər modelini dəyişmək istəyirlər, 4-5 ildi bunun müzakirəsi gedir, artıq yeni modeli hazırlayıblar, müəllimlər səs verməlidir. Yeni model dərslər üzərində yox, daha çox ayrı-ayrı sahələrdə "tələbələrin nə öyrənməyini istəyirik" sualları və məqsədləri əsasında qurulub. Dəyişikliyə zərurət haradan yaranır? Getdikcə məlum olur ki, tələbələrə həm critical thinking (tənqidi düşünmə) həm də kommunikasiya bacarıqları çox vacibdi və indiki məzunlarda bu kifayət qədər yaxşı deyil. Kurikulumdakı dəyişikliklərin də kökü buradadır, çıxarılan fənnlərin yerinə ixtisasla bağlı, amma bu dediyim bacarıqları artıracaq dərsləri gətirmək istəyirlər. Amma dünyanın harasında olursa olsun, dəyişiklik etmək istəyənlər həmişə müqavimətlə qarşılaşırlar, indi bu yeni modeli hazırlayan komissiya da bəzi müəllimlərin müqavimətinə rast gəlib. Əsas müzakirə olunan iki mövzu var.
Birincisi, bu iki ildə bütün tələbələrin götürəcəyi tətbiqi elmlər-təbiət elmləri və texnologiya dərslərinə nə qədər yer (kredit – dərs saatı) ayrılmalıdır. Əvvəl daha çox idi, indi bu sahədə məcburi dərsləri azaldıblar. Həm də 1 saatlıq laboratoriya dərsini məcburi dərslər siyahısından çıxardıblar. Yəni, bir maliyyə tələbəsi əvvəlki modelə görə birinci ya ikinci kursda həftədə bir saat laboratoriya dərsi götürməli idisə, indi artıq bu məcburiyyət yoxdur.
İkinci dəyişiklik də odur ki, daha çox ixtisasa uyğun dərslər seçmə tələbi gətirilib. Bu da “bakalavr tələbəsi öz ixtisasından əlavə ümumi fənnlərdən də dərs götürməlidi” fikrinə uyğun gəlmir. Azərbaycanda çox eşitmişəm deyirlər ABŞ-da tələbələr ancaq öz ixtisasından olan dərsləri götürməlidirlər, amma belə deyil. Bunun nə qədər yaxşı vəya pis olması da ayrı bir müzakirə mövzusudur.
Göründüyü kimi, inkişaf etmək üçün gərək daim özünü yeniləyəsən, sistemin əyrilərini tapıb, problemləri dilə gətirəsən, onları həll etmək üçün plan qurasan, sərbəst müzakirəyə imkan yaradasan, hamının təkliflərini nəzərə alıb adekvat dəyişikliklər edəsən və sonda hamının rəyini verə biləcəyi bir mexanizm qurasan. Bu prosesin sonunda hamı bir nəfər kimi razı qalmayacaq, amma yenə də hamının öz narazılığını vaxtında bildirmə imkanı olacaq. Bizdə də yaxşı olan odur ki, neçə aydır komissiya bütün fakültələrin, müəllimlərin rəylərini (həm birbaşa görüşlərlə, həm də anonim sorğularla) alır və rektor prosesdən kənarda durur. Sonra model Müəllimlər Senatında (mən də üzvüyəm) seçkiyə qoyulacaq, keçsə tətbiq ediləcək. Lazımı şərait və mexanim yaradanda dəyişikliklər də sivil qaydada olur, hamı nəticədən olmasa da, prosesdən razı qalır. Yaratmayanda bunların heç biri olmur, ortada ancaq narazılıq qalır…