Qeyri-neft sektoruna investisiya qoyuluşu ötən illə müqayisədə 45 faiz azalıb
Nemət Əliyev: «Hökumətin əsas fəaliyyətini qeyri-neft sektorunun inkişafına yönəldəcəyi ilə bağlı fikirlər təsdiqini tapmır»
Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% azalaraq 2015-ci ilin yanvar ayında 245,3 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin 25,1 mln. manatı (ümumi sərmayənin 3,7%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib, 81,9%-i dövlət müəssisə və təşkilatlarının payına düşüb.
Qeyd edək ki, hesabat ayındaÿ ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 682,7 mln. manat yönəldilib, onun 73,6%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəllki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,9%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 16,8% artıb.
Məhsul istehsalı obyektlərinin inşasına 585,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 97,1 mln. manat yönəldilib, ümumi sərmayənin 35,1%-i dövlət, 64,9%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.ÿDaxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 38,0%-ni təşkil edib, onun 79,1%-i dövlət bölməsinin payına düşüb.
Bu ilin yanvar ayında Azərbaycanda xarici mənbələrdən əsas kapitala 423,3 mln. manat vəsait yönəldilib ki, bu da ölkə iqtisadiyyatına qoyulan məcmu investisiyaların 62%-nə bərabərdir. Ölkəyə xarici investisiya yatırımında 2014-cü ilin eyni dövrü ilə müqayisədə kəskin, 95,6% artım müşahidə edilib (Report.az)
Artıq yanvar aynın xərclərində iqtisadiyyatdakı böhranın əlamətləri hiss olunur. Çünki qeyri-neft sektoruna investisiya qoyluşunda 45 faiz azalıb. Amma böhranlı durumun yaranmasına baxmayaraq yenə də iqtisadi və sosial sahələrinin inkişafı üçün ayrılan 682,7 mln. manat kapitalın 73,6%-i tikinti-quraşdırma işlərinə yönəldilib.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, yanvarda həqiqətən də ölkənin qeyri-neft sektoruna investisiya qoyluşu 45 faiz azalıb. Konkret halda emal sənayesi üzrə kapital yatırımı 80, aqrar sektora 93 faiz azalıb. N.Əliyev vurğuladı ki, tikinti sektorunda da azalma nəzərə çarpır: “Yanvar ayı ərzində ümumiyyətlə kapital yatırımı üzrə həm əhalinin, həm bank sektorunun, həm də dövlət büdcəsinin kapital qoyluşu istiqamətində fəaliyyətinin kəskin şəkildə zəifləməsinin şahidi oluruq. Biz bunu sektorlarla ifadə etsək bank sektorundan ayrılan xərclər qırx faiz azalıb. Əhalinin isə bu istiqamətdəki 15 faizdən çox azalıb. Hökumətin isə kapital qoyluşu istiqamətindəki fəaliyyəti 2.3 dəfə zəifləyib. Yalnız xarici müəssisə və təşkilatların kapital qoyuluşu istiqamətində bir cüzi canlanma hiss olunur ki, bu da yalnız neft sektorundakı fəaliyyətlə bağlıdır. Burada da məqsəd neftin hasilatı sahəsində enmələrin qarşısını almağa xidmət edir”.
N.Əliyev bildirdi ki, ortada olan rəqəmlər onu göstərir ki, hökumətin əsas fəaliyyətini qeyri-neft sektorunun inkişafı istiqamətinə yönəldəcəyi ilə bağlı fikirlər öz təsdiqini tapa bilməyib. Bundan sonrakı dövrdə, fevral ayında qeyri-neft sektorundakı vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdıran N.Əliyev vurğuladı ki, o zaman əhalinin sosial vəziyyətinin yaxşılaşacağına güman yoxdur: “Bir halda ki, kapital qoyuluşu azalıb, istehsal göstəriciləri aşağı düşüb. Ona görə əhalinin də gəlirləri aşağı düşəcək, alıcılıq qabiliyyəti çətinləşəcək. Hökumət son on il ərzində kapital qoyuluşu adı altında 180 milyard manatdan artıq vəsait xərcləyib. O zaman sual çıxır yatırılan 180 milyard vəsait hara xərclənib? Nəyə görə bir balaca külək əsməklə bu boyda kapital qoyuluşu dağılıb. Nəticələrin bu cür ortaya çıxması hökumətin fəaliyyətinin yanlış istiqamətdə olmasının göstəricisidir. Bu qədər kəskin vəziyyətin yaranması hökuməti düşündürməlidir. Heç olmasa bundan sonrakı dövrdə bu nəzərə alınmalıdır”.
Manatın devalvasiyasının əlavə problemlər yaratdığını deyən N.Əliyev bildirdi ki, sosial və iqtisadi həyatdakı problemlərin miqyası o qədər böyükdür ki, bunun necə qarşılanacağı sual doğurur: “Ciddi şəkildə fəaliyyət göstərilməlidir. Korrupsiya, inhisarçılıq, haqsız rəqabətin aradan qaldırılması hökumətin birinci vəzifəsi olmalıdır. Heç olmasa bundan sonra bu istiqamətdəki fəaliyyətə son qoyulsun. Dövlətin maliyyə vəsaitlərini bu qədər dağıtmaq olmaz. Tikinti quraşdırma adı altında ayrılan vəsaitlərin bir xeyli hissəsi təyinatından yayındırılıb. Ölkənin müxtəlif sahələrində tikinti, quraşdırma işləri vacibdir. Bu edilməsə olmaz. Amma təəssüflər olsun ki, hökumət uzun müddət ərzində tikinti, quraşdırma işlərinə ayrılan vəsaitləri qeyri-istehsal sahələrinin inkişafına yönəldib. Yollar, körpülər, əyləncə kompleksləri buna misaldır. Halbuki normal inkişaf etmiş ölkələr tikinti, quraşdırma məqsədlərinə ayrılan vəsaitləri maddi istehsal sferasına, daimi iqtisadi sahələrinə yönəldirlər. Əgər bunu belə etməsən ölkəni daimi maliyyə vəsaitləri ilə təmin etmək mümkün olmayacaq”.
Xəyal