Məhkəmələrin səhvlərinə görə hüquqa qadağa qoyulur
“Azərbaycan saatı” proqramında Avropaya girişinə qadağa qoyulan “məhkəmə-hüquq məmurları”nın içində Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun da yer alması onun cinayət qanunvericiliyinə misilsiz “xidmətlərindən” qaynaqlanır.
Fikir verin, inzibati xətalarla bağlı işlərdə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakını qanun məcburi etsə də, Vaqif Mursaqulov nəinki buna əməl edib, əksinə, şəxs xəstəxanada müalicədə olduğu halda iştirakını belə təmin etmədən onun 400 manat cərimə olunmasına qərar verib. Məhkəmə-hüquq sisteminə (oxu:özbaşınalığına) azacıq bələd olanlar hakim(lər)in cinayət qanunvericiliyinə verdiyi “töhfələr”dən də yetərincə bilgilidirlər, çoxları “yararlanıblar” da. Məhkəmə Hüquq Şurası(MHŞ), Ədliyyə Nazirliyi(ƏN) və başqa bağlantılı qurumlar da ən azı vətəndaşların şikayətləri əsasında bu “töhfələr”dən bilgisiz deyil. Amma, neyləsinlər, “məhkəmələrin işinə qarışmaq səlahiyyətləri yoxdur”!(??). Bir də Ramiz Rövşənin sözü olmasın, üzə tutmağa başqa hakimimiz yox…
…Beş-on gün öncə Nizami RIH-in vəzifəli şəxslərinə qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtinadan xüsusi ittihamçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov, Mirpaşa Hüseynov və Həsən Əhmədovdan ibarət üçlüyü baxıb və qərara gəlib ki, şikayətvermə müddəti üzrsüz səbəbdən ötürülüb. Deyə bilərsiniz ki, burada cinayət qanunvericiliyinə hansı “töhfə”dən söz gedə bilər? Bilirsiniz, Vaqif Mursaqulov və K. iş materiallarından 27 oktyabr 2014 tarixli qərarı xüsusi ittihamçının 25 noyabr 2014-cü ildə qəbzə imza etməklə aldığını görüblər. Bununla da onlara aydın olub ki, “ən geci 16 noyabr 2014-cü il tarixdə apelyasiya şikayəti verilməli olduğu halda,.. 26 noyabr 2014-cü ildə apelyasiya şikayəti verilməklə, şikayət vermə müddəti 10 gün ötürülüb”. Yuxarı instansiya hakimlərinin cinayət qanunvericiliyinə verdiyi “töhfə” bax budur! VƏTƏNDAŞDAN QƏRARI ALANDAN 10 GÜN QABAQ ŞIKAYƏT VERMƏSINI TƏLƏB ETMƏK! Belə çıxır, məhkəmənin özbaşınalığından, qərarı vaxtında verməməsindən vətəndaş ziyan çəkməlidir?! Niyə məhkəməyə ancaq belə şikayət vermə müddətinin “üzrsüz” ötürülməsi aydın olur, amma CPM-yə görə qərarın tərəflərə 3 günə göndərilməsi barədə tələbi aydın olmur? Elə “xiyar da buna görə əyri bitir”, Avropanın “qara siyahısı” Azərbaycanın qara paltarlı “hökmdarlarının” hesabına daha da qaralanır.
Vaqif Mursaqulov və K. sözügedən xüsusi itthamçının Nizami RIH başçısına qarşı 2 il öncəki apelyasiya şikayətinə də baxmağa hələ vaxt tapmayıb. Amma vətəndaşın çoxsaylı şikayətlərinə cavab olaraq 1 il sonra guya 11.07.2013-də iclas keçirilərək, elə həmin gündə xüsusi ittihamçının qərarı aldığı bildirilib. MHŞ, ƏN rəhbərliyi də soruşmur ki, bəyəm qərar elə həmin gün də imzalanıb, möhürlənib verilir? Saxtalığı edəndə də elə edin ki, səsi Avropadan gəlməsin də!
M.Ağsu