Nardarandakı mitinqin gedişində 4 ölkənin – Fransa, ABŞ, İsrail və Ermənistanın bayraqları yandırıldı. Mitinq iştirakçıları bu ölkələrin İslam əleyhinə fəaliyyət göstərdiyini bildirərək onların siyasətini sərt tənqid etdilər. Bundan sonra mitinq iştirakçıları adından bəyanat qəbul olundu. Bununla da aksiya başa çatdı.
***
Kəndin axundu Hacı Nuhbala çıxışında qeyd etdi ki, dövlətimizin bayrağında olan rənglərindən biri İslam rəmzidir: “Biz İslamın təhqir olunmasına etiraz etməliyik”.
Axund çəkilişə gələn xanım jurnalistlərdən növbəti gəlişlərində başlarını bağlamağı da xahiş etdi: “Biz burada peyğəmbərimizi yad edirik. Xahiş edirik ki, xanım jurnalistlər də bunu nəzərə alsın”.
Kənd ağsaqqalı Hacı Hikmət çıxışında İslama qarşı çıxan ölkələri tənqid etdi.
***
Nardarandakı “İmam Hüseyn” meydanında aksiya artıq başlayıb. Hazırda Nardaranda olan müxbiri xəbər verir ki, aksiyada 500-dək adam iştirak edir. Çıxışçılar İslam dininə səlib yürüşünü pisləyirlər. Aksiyada “Fransa İslamdan qorxur!”, “Ölüm olsun zalımlara!”, “İslam sahibsiz deyil!” məzmunlu şüarlar və plakatalar var.
***
Bu gün saat 14:30-da Bakının Nardaran qəsəbəsində etiraz mitinqi keçiriləcək.
Aksiyada məqsəd Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin (s.ə.v.) karikaturlarla təhqir edilməsidir. Nardaran sakinləri həmçinin terror hadisələrinə etirazlarını bildirəcəklər.
Aksiya təşkilatçılarının sözlərinə görə, onlar İslama olan hücumlara biganə deyillər.
Mitinqdə Fransa, ABŞ, İsrail və Ermənistan bayraqlarının yandırılacağı deyilir.
Virtualaz.org saytının hazırda Nardaranın “İmam Hüseyn” meydanında olan müxbiri xəbər verir ki, artıq xeyli insan meydana toplaşıb aksiyanın başlanma vaxtını gözləyirlər. İnsanların meydana axını davam edir.
Xatırladaq ki, yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı hücum zamanı 12-si jurnalist olmaqla 14 nəfər öldürülmüşdü. Qətliamı törədənlər özlərini islamçı adlandırmış və bu hücumun İslam peyğəmbərinin təhqir edilməsinə cavab addımı olduğunu bəyan etmişdilər.
Bu hadisədən sonra dünyanın ayrı-ayrı region və ölkələrində müxtəlif motivlərlə etiraz aksiyaları keçirildi. Qərb ölkələrində keçirilən mitinq və yürüşlər islamçı terrorçulara qarşı idisə, Şərq ölkələrində keçirilən analoji aksiyalarda isə İslam peyğəmbərinin təhqir olunmasına etiraz ifadə olunurdu.