Penitensiar Xidmət ziddiyyətli açıqlama verdi; Elçin Behbudov Zakir Qaralova müraciət etməyə hazırlaşır
Xəbər verildiyi kimi, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Quliyeva övlad dünyaya gətirib. Bu barədə xəbər gündəmə gələndən sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti qadın məhkumların saxlanıldığı cəzaçəkmə müəssisəsindəki məsələylə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Penitensiar Xidmət mətbuat xidmətinin rəhbəri Yaşar Isakov APA-ya açıqlamasında adıçəkilən məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib. Xidmət rəhbəri bildirib ki, ona qarşı hər hansı zorakılıq faktı qeydə alınmayıb, cəzaçəkən şəxs özü ilə bağlı məlumatların ictimailəşməsini istəməyib və nəhayət, Azərbaycan qadını olduğu nəzərə alınaraq Lamiyə Quliyevanın şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşıldığı üçün bu məsələ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən qabardılmayıb: “Təəssüf ki, vətəndaş cəmiyyəti təşkilatları içərisində səmərəsiz fəaliyyəti ilə seçilən, ictimaiyyətə heç bir töhfə verməyən və yalnız görülən işlərə ikrah hissi ilə yanaşaraq ictimai fikri özünə cəlb etməyə çalışan bir sıra QHT rəhbərləri və KIV nümayəndələri məhkum Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi xəbərindən şou yaratmağa cəhd edirlər”.
Mətbuat xidlmətinin məlumatında həmçinin bildirilir ki, məhkum hamilə olduğu müəyyən edildiyi vaxtdan Tibb Baş Idarəsi tərəfindən həkim nəzarətinə götürülüb və onun zəruri tibbi qayğı ilə əhatə olunması təmin olunub. Lamiyə Quliyeva ötən il oktyabrın 16-da Bakı şəhəri 2 saylı Doğum Evində oğlan uşağı dünyaya gətirib: “Cəza çəkdiyi müddətdə ana olmuş digər məhkumlar kimi Lamiyə Quliyevaya da xəstəxanadan çıxdıqdan sonra qanunun tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsindəki uşaqlı analar üçün nəzərdə tutulmuş yataqxanada xüsusi şərait yaradılıb.
Onun dünyaya gətirdiyi uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır. Məhkum həbsdə olduğu müddətdə istər 4 saylı cəzaçəkmə müəssisəsində, istərsə də Istintaq təcridxanasında, məhkəmədə və müalicə müəssisəsində dəfələrlə qohumları, yaxınları və dostları ilə görüşüb, həmçinin qısa və uzunmüddətli görüşlərdə olub. Məsələ ilə bağlı hazırda tibbi ekspertiza tədbirləri həyata keçirilir”.
Penitensiar Xidmət bildirir ki, övlad dünyaya gətirmək bütün qadınlar kimi törətdikləri cinayətə görə cəza çəkən qadınların da haqqıdır: “Azadlıqdan məhrum edilmələrinə baxmayaraq, ölkə qanunvericiliyinə görə, bu şəxslər ana olmağa hazırlaşdıqları müddət ərzində və övlad dünyaya gətirdikdən sonra tam dövlət qayğısı ilə əhatə olunur, müvafiq recimdən azad edilir və cəzaçəkmə müəssisəsində yaradılmış hərtərəfli şəraitlə təmin olunurlar”.
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddələrinə əsasən təqsirləndirilən Lamiyə Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir.
Xatırladaq ki, Penitensiar Xidmətin məlumatındakı iddianın əksinə olaraq, mətbuat və bir sıra QHT nümayəndələri heç də Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi və analıq hissini yaşamasına qarşı deyil. Bu məsələnin ictimailəşməsi və müzakirə obyektinə çevrilməsi məhkumənin ailəli və kiminləsə nikahda olmaması, eləcə də nişanlasının ömürlük həbsdə olmasıdır. Cəzaçəkmə müəssisəsində saxlanılan Lamiyə Quliyevanın hansı şəraitdə ana olmasının açıqlanmaması məsələni gündəmə gətirib.
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, əslində, həmin şəxs qapalı yerdə saxlanıldığı və orada olarkən övlad dünyaya gətirdiyi üçün bu məsələ mütləq araşdırılmalıdır. Müzəffər Baxışov Penitensiar Xidmət əməkdaşlarının vəzifəsindən sui-istifadə etməsi fonunda həmin qadına qarşı təcavüz ehtimalına görə də məsələnin dərindən araşdırılmasına zərurət olduğunu deyir: “Təcavüz nəticəsində qadın hamilə vəziyyətinə düşübsə, məsələ bu nöqteyi-nəzərdən mütləq araşdırılmalıdır. Yox əgər, bu xanım könüllü şəkildə kiminləsə əlaqədə olaraq övlad dünyaya gətiribsə, bu məqamda Penitensar Xidməti və həmin qadını günahlandırmaq olmaz. Çünki yetkin yaşına çatmış şəxs kiminləsə əlaqədə olmaq məsələsini özü müəyyən edə bilər. Bununla bağlı kimsə ona məhdudiyyət qoya bilməz. Yəni həmin xanım elə bir yerdə saxlanıla bilər ki, recimin imkanlarından istifadə edə bilər. O, həbsxana rejimində saxlanılırsa, belə məlum olur ki, yalnız Penitensar Xidmətin əməkdaşları onun yanına gedib-gələ bilər və bu əlaqə zamanı qadın hamilə ola bilər. Belə olan halda, təcavüz faktı aşkarlanarsa, hətta zorlama və vəzifəsindən sui-istifadəyə görə cinayət işi başlamaq olar”.ÿ
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov “Azadlıq”a bildirib ki, bu biabırçı hadisədir: “Penitensiar Xidmət bu olayı ciddi-cəhdlə gizlətməyə çalışıb. Lakin təsadüf nəticəsində mən bu hadisə barədə xəbər tutdum. Indi aydınlıq gətirilməlidir ki, bu hadisə necə baş verib. Axı Lamiyə Quliyeva məhkumdur və onun yanına gedib-gələn yoxdur. Nişanlısı Vüqar Əliyev də ömürlük azadlıqdan məhrum edilib, Qobustan həbsxanasında cəza çəkir”.
Komitə sədri bir maraqlı da faktı açıqlayıb: “Mənim yanıma gələn məhkumların valideynləri deyir ki, əvvəllər oranın rəisi Müzəffər müəllim işdən çıxandan sonra bir neçə dəfə cəzaçəkmə müəssisəsinə Lamiyə Quliyevaya baş çəkməyə gəlib. Bu məsələ ciddi araşdırılmalıdır və aydın olmalıdır ki, Lamiyə Quliyeva necə uşaq dünyaya gətirib və Penitensiar Xidmət niyə bunu gizlədib?!”.
Elçin Behbudov əlavə edib ki, məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcək: “Şəxsən cənab Zakir Qaralova yazacam ki, bu məsələ araşdırılsın. Özüm də məsələni araşdırmağa çalışacam”.