Bu ölkədəki böhranın Azərbaycan ailəsinə təsiri nə qədər olacaq?
Nemət Əliyev: «Rusiyadan göndərilən vəsaitlər sadə azərbaycanlının dolanışığında müstəsna rol oynayır»
Qərbin tətbiq etdiyi sanksiyalar qarşısında Rusiya iqtisadiyyatı hər ötən gün daha da zəifləməkdədir. Rublun məzənnəsinin düşməsi, neftin qiymətinin ucuzlaşması Rusiyadakı sosial-iqtisadi problemləri daha da qabardıb.
Yaranan başqa bir problem isə rublun sürətlə dəyərdən düşməsinə görə bu valyuta ilə xarici ölkələrə göndərilən vəsaitin də həcminin azalması ilə bağlıdır. Elə Azərbaycana da Rusiyadan göndərilən vəsaitin həcmində müəyyən azalmalar qeydə alınır və bu prosesin davam edəcəyi gözlənir.
Rusiyanın defolta getməsi ticarət tərəfdaşı kimi Azərbaycana da mənfi nəticələr vəd edir. Xüsusilə nəzərə alsaq ki, Rusiya bazarı azərbaycanlılar üçün iş yeridir, həmyerlilərimizin köçürmələrinin həcminin sürətlə azalacağı, hətta onların geri qayıdacaqları istisna olunmur. Iqtisadçı-ekspert Samir Əliyev mətbuata açıqlamasında bildirib ki, Rusiya iqtisadiyyatının düşdüyü vəziyyət, hələ ki, pul köçürmələrinin həcminə ciddi təsir göstərməyib: “Ümumilikdə, Rusiyadan pul köçürmələri azalıb. Rusiya Mərkəzi Bankının məlumatına görə, ötən ilin 9 ayında köçürmənin həcmi 17,1 milyard dollar olduğu halda, bu il 16,5 milyard dollara düşüb. Azalma əsasən bu ilin üçüncü rübündə baş verib. Bu rüb 6,9 milyard dollar pul göndərilib. Halbuki, 2013-cü ildə həmin rəqəm 7,2 milyard dollar təşkil edirdi. Güman ki, əsas pul azalması dördüncü rübdə olacaq. Çünki rublun ən çox dəyərsizləşdiyi dövr oktyabr-dekabr aylarına təsadüf edir”.
Xatırladaq ki, rublun ucuzlaşması ilə yanaşı, Rusiyada bəzi ödəniş sistemlərində yaranan problemlərlə əlaqədar artıq bir sıra Azərbaycan bankları Rusiyadan pul köçürmələrinə ehtiyatla yanaşır, köçürmələrə əlavə etibarlı təminat istəyirlər. Bunu Rusiya maliyyə sisteminin təmsilçiləri də təsdiq edir və belə təminatın, Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan tərəfindən tələb olunduğunu da vurğulayırlar. Ümumiyyətlə, Rusiyada mövcud böhran şəraiti insanları, eləcə də burada çalışan soydaşlarımızı təşvişə salıb. Bu gün Rusiyada baş verən böhran oradakı azərbaycanlılarda vəsaitlərinin qorunması ilə bağlı bir narahatlıq yaradır. Həmçinin, qeyd olunduğu kimi, bu hal Rusiyadan göndərilən pulların da miqdarına təsir edir. Məlumat üçün bildirək ki, ötən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26% azdır.
Rusiyadan göndərilən pulların azalmasının bir neçə başqa səbəbi də var. Birinci səbəb bankların Rusiyadan başqa ölkəyə valyuta göndərməsinə məhdudiyyət qoymasıdır. Yəni Rusiyadan başqa ölkəyə dollar və avronu göndərmək elə də asan deyil. Digər tərəfdən, rublun stabil valyuta olmaması ona gətirib çıxarıb ki, Rusiyada evlərə görə alınan kirayə haqqı dollarda yığılır. Bu isə kirayələrin qiymətinin sürətlə artmasına gətirib çıxarır. Ekspertlərin hesablamalarına görə, bu faktorlar ölkəmizə göndərilən miqrant pullarının aşağı düşməsinə səbəb olacaq. Bu isə iqtisadiyyata da təsir edir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Rusiyada hazırda 3 milyona yaxın soydaşımız yaşamaqdadır. Bu göstəricinin böyük rəqəm olduğunu deyən N.Əliyev hesab edir ki, Azərbaycanda ailə tərkibi 4-5 nəfərdən götürülərsə, Rusiyadan göndərilən maliyyənin əhəmiyyəti görünər: “Azərbaycandan Rusiyaya işləməyə gedən soydaşlarımız ora istəkləri ilə getməyiblər. Azərbaycandakı mövcud işsizlik onları bu addımı atmağa vadar edib. Azərbaycanlılar da Rusiyada qazandıqlarını ailələrinə, qohumlarına göndərirlər. Azərbaycanda sosial-iqtisadi durumun ağır olması nəzərə alınarsa, Rusiyadan göndərilən vəsaitlər sadə vətəndaşların dolanışığında müstəsna rol oynayır”.
Rusiyada baş verənlərin bu ölkədə çalışan azərbaycanlıların gəlirlərinə mənfi təsir etdiyini deyən N.Əliyev vurğuladı ki, bu şəxslərin heç olmasa sabit iş yerləri var idi. Amma artıq bu sabitlikdən də əsər-əlamət qalmayıb.
Xəyal