Bakının Müşviqabad qəsəbə sakini İŞİD-ə qoşulmaq üçün Suriyaya, ordan da Mosula yollanıb. Bu barədə “İslamazeri.az” saytı adını açıqlamadığı mənbəyə istinadla xəbər yayıb.
Xəbərdə deyilir ki, 21 yaşlı Cəbiyev Sadiq Yadigar oğlu 1 ay bundan öncə İŞİD-ə qoşulmaq üçün Azərbaycanı tərk edib. Onun vəhhabi təriqətinə mənsub olduğu deyilir. Bildirilir ki, S.Cəbiyev təxminən 1 ay əvvəl qəsəbədə qonşulara yaxın zamanlarda şəhid olacağını deyib və hallaşıb. Sonra o, qəsəbədə görünməyib və bir gün sorağı Mosuldan gəlib. O, evlərinə zəng vuraraq, şəhid olacağını bildirib. Azərbaycandakı əqidədaşlarına isə İŞİD sıralarında çəkdirdiyi şəkilləri göndərib. Məlumatda qeyd edilir ki, onun anası Sevgi Cəbiyeva Müşviqabad qəsəbəsində yerləşən 320 saylı orta məktəbin müəlliməsidir. S.Cəbiyev evin tək oğludur, onun iki bacısı var.