Iri vergi ödəyiciləri dövlət büdcəsinə borclu qalmaqda davam edir
Bəlli olduğu kimi, bu gün dövlət büdcəsinin vergi yığımlarında müəyyən problemlər mövcuddur. Vergi daxilolmalarında yaranan problemlər ölkədə nizamlı vergi yığımının olmaması ilə bağlıdır. Dövlətin iri vergi ödəyiciləri, böyük şirkətlərin büdcəyə olan külli miqdarda borcları ildən-ilə də artmaqda davam edir.
Bu sırada “Azərenerji”nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manatlıq borcunu, Dövlət Neft Şirkətinə isə qaza görə 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manatlıq borcunu misal göstərmək olar. Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərsu”, “Azərbaycan Hava Yolları”, Xəzər Dəniz Gəmiçiliyi, “Bakıelektrikşəbəkə”, “Bakı Metropoliten”i iri vergi ödəyiciləri olsalar da, reallıqda bunun görüntüsü yoxdur.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 2014-cü ildə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılması proqnozlaşdırılan 5 milyon manatdan savayı, Dövlət Neft Fondundan “fiber-optika” layihəsi üçün 100 milyon manat yönəldilməlidir. Bu vəsaitin ilin dördüncü rübündə ayrılacağı bildirilir.
“Bakı Metropoliten” QSC-yə 224 milyon manat, “Azərenerci” ASC-yə 92.3 milyon manat, “Bakıelektrikşəbəkə” ASC-yə 89.3 milyon manat, “Azərbaycan Hava Yolları”na 20 milyon manat, “Azərsu” Səhmdar Cəmiyyətinə 390.4 milyon manat pay düşməlidir.
Iqtisadçı-ekspert Natiq Cəfərli söyləyir ki, borcu olan şirkətlərin böyük əksəriyyəti təbii inhisarçıdır. Ölkədə onlardan başqa bu sahədə fəaliyyət göstərən şirkət yoxdur. Təbii inhisarçılıq mövqeyindən istifadə edərək resursların qeyri-şəffaf xərclənməsi prosesi baş verir. Onların idarəetməsində ciddi problemlərin olduğunu qeyd edən ekspert, həmin qurumların şəffaf idarəetmə sisteminə keçə bilmədiklərini bildirir: “Həmin şirkətlər beynəlxalq auditlərdən kənarda qalıblar. Ona görə də ayrılan vəsaitləri də düzgün xərcləmirlər. Həmin şirkətlərin bir-birinə qarşılıqlı borcları yaranır, həm də vergi öhdəlikləriylə bağlı ciddi problemlər yaranır ki, sonradan bu vergi borclarının bir hissəsini hər il dövlət hissə-hissə silir. Bunun bir neçə dəfə şahidi olmuşuq”.
N.Cəfərli qeyd edir ki, iri holdinqlərin vergi hesabatları həddən artıq qeyri-şəffaf vəziyyətdədir. Onların dövriyyəsinin nə qədər olması, vergi borcunun yaranması və vergi ödəməsi barədə dürüst məlumat almaq mümkün deyil. N.Cəfərli Azərbaycanda iri hökumət və dövlət məmurlarına bağlı şirkətlərin siyasi əlaqələri və mövqelərindən istifadə edərək vergi öhdəliklərini düzgün yerinə yetirmədiklərini söyləyir. Ekspertin qənaətincə, büdcə ödəmələrində mövcud vəziyyətin yaranmasında bu iki səbəb əsas faktor kimi çıxış edir.
Nigar