Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist və siyasətçi Seymur Həzinin atası Məşğul Həziyev “Media forum” saytına açıqlama verib. O, oğlu ilə görüşə bilmədiyini deyib: “Seymurla ancaq telefon əlaqəsi saxlayırıq. Görüş üçün müraciət etsək də, razılıq ala bilmirik. Seymurla son dəfə oktyabrın 20-də danışmışam. Saxlanma şəraiti, səhhəti normaldır, şikayəti yoxdur. Məhkəmənin nə vaxt olacağı isə bilinmir”.
Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Abşeron Rayon Polis Şöbəsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Məhərrəm Həsənov isə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. 32 yaşlı Seymur Həzi “Azadlıq” qəzetinin əməkdaşı, AXCP-nin öncül şəxslərindəndir.