Məcburi köçkünün dövlət başçısına müraciəti: «Sizdən xahiş və tələb edirəm»
Füzuli rayonundan məcburi köçkün, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, X.Məlikaslanov küçəsində yaşayan Saday Isaq oğlu Rüstəmov dövlət başçısı Ilham Əliyevə və baş nazirin müavini Dövlət “Qaçqınkom”unun sədri Əli Həsənova ünvanladığı müraciətin bir nüsxəsini də redaksiyamıza yollayıb.
Rövnəq Abdullayev tapşırıb ki…
“Mən məcburi köçkünəm. Bütün kommunal xərclərimi – qaz, elektrik, su, kanalizasiya – dövlət ”Qaçqınkom”u vasitəsilə ödənilir. Bütün bunlara baxmayaraq hər il təzələnəndə, yəni hər yeni ildə bütün məcburi köçkünlər məskunlaşdığı rayonlarda icra nümayəndələrindən arayış alaraq həmin rayonun qaçqınkomuna arayış aparıb, qeydiyyatdan keçirməlidir. Bu minvalla məcburi köçkünlər hər ilin yanvar və fevral aylarının əksəriyyətini özləri öz çörək pullarından əlavə ödəyirlər. Çünki əksəriyyətinə “Smart-kart” tipli sayğaclar qoyulub. Limit qurtaran kimi təzə arayışsız qaz yükləmək mümkün deyil. Təbii ki, Bakının rayonlarında yüz minlərlə məcburi köçkün yaşayır. Bu səbəbdən həm rayon icra nümayəndələrində, həm də eyni vaxtda həmin rayonun “Qaçqınkom”unda qeydiyyatdan keçmək mümkün deyil. Belə olan halda, demək olar, məcburi köçkünlərin çoxu müvəqqəti olaraq qazpulunu ən azı bir ay ciblərindən ödəyirlər. Çünki tək Bakı şəhərində 500 mindən artıq məcburi köçkün məskunlaşıb və heç cür mümkün deyil ki, hər ilin birinci ayında onlara arayış hazırlasınlar.
Bu azmış kimi Dövlət Neft Şirkəti və “Azəriqaz” Səhmdar Cəmiyyəti məcburi köçkünləri çox incidir. Belə ki, Bakı şəhərinin 11 rayonunda yaşayanların hamısının konstutision hüquqları pozulur. Bakının 11 rayonunda qazla bağlı hüquqları pozulmuş vətəndaşlar nə üçün ancaq Xətai Rayon Məhkəməsinə müraciət etməlidir. Niyə 10 rayonun məhkəmələri qazdan şikayətə baxmır, ərizələri qəbul etmir və bildirirlər ki, qaz şikayəti ancaq Xətai Rayon Məhkəməsinə getmək gərəkdir. Əksəriyyəti şifahi olaraq bildirirlər ki, bunu Rövnəq Abdullayev tapşırıb.
Hər il ən azı 10 milyon mənimsənilir
Cənab dövlət başçısı, bir milyon məcburi köçkünün il ərzində bir ay öz ciblərindən qaz pulu ödəməsi adicə 10 manatdan götürsək, bu da 10 milyon əlavə pul mənimsəmək deməkdir. Hər bir məcburi köçkün dövlətdən verilən limitdən artıq istifadə etsə, dərhal pulunu ödəyirlər. Lakin məcburi köçkünlərin il ərzində qənaət etdiyi qazın pulu vətəndaşa verilmir. Məmur işbazlar bildirir ki, bu, dövlətə qalır. Bununla razıyam. Çünki ölkəmiz müharibə şəraitindədir. Torpaqlarımızın 20%-i işğal olunub. Odur ki, bütün Azərbaycan xalqı bir olub, əl- ələ verib hamımız bir-birimizə kömək etməliyik. Lakin bu, Bakıda, 11 rayonda, qaz idarəsində belə deyil. Maraqlansanız, görərsiniz ki, Bakı şəhərində məcburi köçkünlər ancaq qazdan şikayətçidir.
Qənaətə görə… borc
Mən məcburi köçkünəm. Binəqədi rayon, Biləcəri qəsəbəsində məskunlaşmışam. Işıq, qaz, su, kanalizasiyadan istifadə edirəm. Ali təhsilli iqtisadçıyam. Bakıda məskunlaşdığımız gündən bu günə kimi kommunal xərclərdən heç birinə borcum yoxdur. Həmişə qənaətlə işlətmişəm. Həmişə qaza, işığa, suya və digərinə borcum olmayıb. Həmişə həmin təşkilatların mənə borcu olub. Hazırda 4 ay qabağa qənaətim var. Lakin 04.08.2012-ci ildə Binəqədi rayon Qaz Istismar sahəsi əvvəlki sayğacımızı dəyişib, “Smart-kart” tipli sayğacla əvəzlədi. Həmin dövrdə sayğacımızı özləri, yəni qaz idarəsi dəyişib. Mənə və ailə üzvlərimə qol çəkdirmədən, heç bir bildiriş vermədən özbaşına dəyişiblər və 2 ildən sonra mənə bildirirlər ki, sənin Binəqədi Qaz Idarəsinə borcun var. Mənimsə bundan xəbərim olmayıb. Idarəyə getdim, metrologiya şöbəsinin müdiri Vahid Şirinov və Sənan adlı şöbə müdiri dedi ki, bu işə Xətai Rayon Məhkəməsi baxır, ora müraciət edə bilərsən. Mənsə bildirdim ki, niyə Binəqədi Rayon Məhkəməsinə verməyim, Vahid Şirinov və Sənan bildirdilər ki, Rövnəq müəllimin tapşırığıdır, qaz iişinə ancaq Xətai Rayon Məhkəməsi baxa bilər.
Xətai Rayon Məhkəməsinə müraciət etdim. Iş hakim Raziyyə Ataşovanın icraatındadır. 3 dəfə məhkəmə olub. “Azəriqaz”dan hüquqşünas, mütəxəssis Pərviz Əliyev iştirak edib, bunlar mənə bildirirlər ki, məhkəmə borcunu silsin, qurtaraq. Mənsə hakimə bildirirəm ki, mənim dövlətə borcum yoxdur. Var idisə, bu gün niyə bildirirlər bunu. 2 il əvvəl bildirərdilər. Odur ki, mən bütün sənədlərin hamısını sizə təqdim edəcəm. 11/2012-ci ildə sayğac dəyişdiriləndə mənə 744,7 manat pul yazıblar. Ondan indiyə kimi qənaət etdiyim qazın pulunu, indi iddia 268 manatla gedir.
Cənab Prezident!
Mən hər ay qənaətlə işlətmişəm. Indi necə ola bilər ki, bir ayda bu qədər işlədək. Odur ki, Sizdən xahiş və tələb edirəm, ya baş prokurora tapşırın və ya məni vəkillə təmin etməyə göstəriş verin. Buradakı cinayəti araşdıra bilək. Mən bu işlə əlaqədar 3 dəfə Xətai Rayon Məhkəməsində olmuşam. Raziyyə Ataşovaya bildirirəm ki, Binəqədi Qaz Istismar Idarəsi akt tərtib edib, mənim sayğacımı dəyişib, evdə olduğumuz halda yerimə özləri qol çəkib. Hakim Raziyyə Ataşova deyir, mənlik deyil. Mən adam tutan deyiləm. Mən isə ona bildirirəm ki, ya mən, ya qaz idarəsi həbs olunmalıdır. Əvvəla, saxta rəqəm yazaraq mənim qənaət etdiyim qazın pulunu götürüblər və cinayət edərək mənim əvəzimdən qol çəkiblər. Ona görə işi ibtidai istintaqa göndərməyiniz xahiş edirəm.
Bağ briqadiri, necə qaz mütəxəssisi oldu?!
Cənab Prezident! Nəzərinizə çatdırım ki, Binəqədi rayon qaz istismar idarəsinin metallurgiya, (yəni sayğac dəyişmədə) şöbəsinin müdiri Vahid Şirinov Füzuli rayonunda bağ briqadiri olub. Indi isə qaz mütəxəssisidir?!. Xahiş edirəm Sizin və mənim iştirakımla araşdırılsın və onu bu işə götürənlər, sizin və qanun qarşınızda cavab versin.
Dəfələrlə Xətai Rayon Məhkəməsinin sədri Nazim Hüsü oğlu Tağıyevin qəbuluna getdim ki, Raziyyə Ataşova ilə bağlı vəziyyəti bildirim. O məni qəbul etmədi. Dedilər Rövnəq Abdullayevin tapşırığıdır, qəbul etməz. Odur ki, sizə müraciət edirəm və xahiş edirəm nəzarətə götürüb təcili tədbir görəsiniz”.
Məktublar şöbəsi