Məhəmməd Talıblı
Intiqam bəy başda olmaqla çoxsaylı hüquq müdafiəçiləri vaxtilə müxtəlif vətəndaşların hüquqlarını müdafiə edirdilər. Indi onların özlərinin müdafiə olunması təzadı ilə üz-üzədirlər. Axı biz paradokslar və analoqu olmayan ölkədə yaşayırıq… Intiqam bəy, haqqı-hüququ tapdanmış və ümidləri puç olmuş faciəvi insanlar görüb. O, həmin şəxslərin talelərini heç olmasa bir neçə günlük də olsa, yaşayıb.
başlanğıcı ötən sayımızda
Ona görə onun indi rastlaşdığı haqsızlıq ona inanıram ki, çoxda ağır gəlmir. “Acı çəkməmiş bir ruh mutluluktan nə anlar ”(George Sand). Bütün bu haqsızlıqlar insanın ürəyini sızladır. Amma bütün bunlara görə ağlamırıq da. Tərəddüd etmirik və özünütəftişdən uzağıq. Güclü cəmiyyəti və müdrik insanı digərlərindən fərqləndirən odur ki, o heç vaxt itkisinə, ölüsünə və keçmişinə görə ağlamır. Inanıram ki, Intiqam bəy yenə də həmin vəziyyətdə və oxşar statusda olsaydı, yenə də indi etdiyini edərdi. Həqiqətini dərk etmiş insan təkmil insandır və o, asanlıqla ədalət yuvasını tərk etməz.
Intiqam bəyi kim qınayır? Azərbaycanda mürtəce qanun layihələrinin laboratoriyası olan MM-in dövlət quruculuğu və hüquq komissiyasının sədri Ə.Hüseynli Intiqam bəy başda olmaqla digər hüquq müdafiəçilərini görün nədə ittiham edir: “Əslində onları ”tanınmış” edən elə həmin beynəlxalq təşkilatlardır. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər?”. Qaydasız küçə döyüşündə kimin yaxşı idmançı olması heç nəyi həll etmir, cənablar! Intiqam müəllim nümunəvi QHT rəhbəri olaraq intizamlı vergi ödəyicisi və nümunəvi hesabatlılığı olan ölkənin 3-5 nəfər örnək olacaq şəxslərindən idi. Deputat və YAP üzvü Əli Hüseynli isə o statusda ola-ola USAID-dən aldığı 1,5 mln. dollarlıq layihəni donor təşkilat sonradan geri aldı. Bu yerdə yadıma Bob Marleyin bir fikri düşür: “Siz kimsiniz ki, mənim yaşadığım həyatı mühakimə edirsiniz?! Mən mükəmməl deyiləm və olmağa məcbur da deyiləm. Barmağınız ilə məni göstərməmişdən əvvəl əllərinizin təmiz olduğundan əmin olun!”. Intiqam müəllim axı heç zaman məşhurluğa can atmayıb və liderlik iddiası olmayan şəxs olub. Intiqam müəllimin heç zaman tədbirlərdə ön sırada oturmaq kimi vərdişi olmayıb. Intiqam müəllimin heç zaman cəmiyyətə xilaskar obrazında təqdim etmək iddiası olmayıb. Əksinə, çoxsaylı insanlar onu çox lazım olduğundan daha çox təvazökarlıq göstərməkdə və mütəvazilikdə qınayıblar.
Onu necə ittiham etmək olar? Onu ittiham etməyə hazırlaşan hüquqşünasların və siyasi qərar verən şəxslərin durumu mənə çox qəribə gəlir. Onu necə qınamaq və nədə ittiham etmək olar? Cinayət işinə əlavə olunacaq hansı qurama faktlara konsproloji fon vermək olar? Bu prosesdə ancaq hakim öz üstünlüyünə inanıb nələrisə deyə bilər. Əslində burnundan uzağı görən ittihamçı bu riski etməz. Hələ kimin kimi yeyəcəyinə “suların axını” qərar verə bilər.
Intiqam müəllimin gücü təkcə hüquqşünas keyfiyyətində deyil. Onun daxilindəki zənginliklər onu parlaq bir şəxsiyyət olaraq cəmiyyətdə xeyli populyar edib. Rix From özünün “Sevmə sənəti”ndə yazırdı: “Çox şeyi olan deyil, çox şeyini paylaşan zəngindir. Bir şeyi itirməkdən qorxan biri nə qədər çox şeyi olursa olsun, ruhən yoxsul və məhrum bir adamdır. Ancaq özündən bir şeyləri verə bilən və paylaşan adam zəngindir”. Intiqam müəllim təkcə başını aşağı salıb öz peşəsi ilə məşğul olmurdu. Cəmiyyəti ayıldıb vəziyyəti ilə tanış olması üçün sosial şəbəkələrdə müxtəlif mövzularda paylaşımlar edirdi. Geniş auditoriyası və xitab edəcəyi böyük dinləyici ordusu var idi. Hər dəfə cəmiyyəti ayıldacaq elə həssas mövzulara toxunurdu ki, insan gerçəkliyə baxıb dəhşətə də gələ bilirdi. Bu üslub keyfiyyəti və hüquqi məntiqi ona cəmiyyətdə marağı çox artırırdı.
Hər şey bitdimi? Həmişə toplumun ümidverici şəxsləri zərbə altında qalanda və təmiz insanlar natəmiz əllə tora salınanda insanların içindən cəsur qışqırıqlar gəlir: “Hər şey bitdi!”. Yəni cəmiyyətə pessimist ovqat hakim kəsilir. Lakin sonradan proseslərin dinamikasına uyğun olaraq hadisələr başqa bir fazaya daxil olur. Orada da ağır sınaqlar və itkilər olur. Cəmiyyəti depressiyadan oyatmaq çətinləşir. Çünki, ümid də ölür. Əslində, bir dağın zirvəsi o biri dağın ətəyidir. “Hər şey bitdi” deyə fikirləşdiyiniz yerdə, əslində, yeni bir həyat başlayır (Robin Şarma). Intiqam bəyin həbsi gerçəkdən yeni bir dalğanı başlatdı. Düzdür, bunu barmaq toxundurmaqla və gözlə görmək olmur. Amma sentimental, gözü bağlı gəzməyən və məlumatlı insanın bunları yaxın aylarda görməməsi mümkün olmayacaq.
Bizdə, adətən, belə bir sadəlövh təəssürat formalaşıb ki, sən xeyirxah və dürüst insansansa, bu səni ömürlük olaraq bütün təhlükələrdən sığortalayır. Normal cəmiyyətlərdə və qanunun aliliyi olan ölkələrdə bu belədir. Tamamilə razı! Amma qanunun şah yox, şahın qanun olduğu ölkələrdə bu qanunauyğunluq pozulur. Belə sadəlövh gözlənti bizi hər zaman xəyal qırıqlılığına uğradır. Məşhur filosof Fridrix Nitsşe çox haqlı olaraq qeyd edirdi: “Yaxşı insan olduğun üçün insanların sənə yaxşı davranmasını gözləmək, vegeterian olana öküzün hücum etməyəcəyini düşünmək qədər səfehlikdir”. Intiqam müəllim ona təhlükələri yəqin ki, həmişə real sayıb. Çünki, hansı ölkədə risk sayılacaq bir fəaliyyətlə məşğul olduğunu yaxşı bilirdi. Hər dəfə Strasburqda onun çıxışlarının sərtliyi və prinsipiallığı hakimiyyət dairələrini dərindən narahat edirdi. Onu yumşalda bilmirdilər. Neçə ildə bunun heç yolunu da tapa bilmədilər. Müayinənin nəticə verməyəcəyini görüb “cərrahiyə əməliyyatına” start verdilər.