Məhəmməd Talıblı
Elə insanlar var ki, onlar haqqında düşünməmək və yazmamaq qeyri-mümkündür. Ona münasibətinin ifadə zərurəti səni hər addımda təqib edir. Sanki sənin ona böyük bir mənəvi borcun var. Mən şəxsən hesab edirəm ki, təkcə mənim və ya onun dostlarının deyil, böyük mənada bizim cəmiyyət olaraq Intiqam bəyə böyük mənəvi borcumuz var. Bütün mənalarda onu yada salmağımız və həbsdən çıxması üçün etdiklərimiz bu mənəvi borcdan çıxmaq cəhdidir. Məni bəzən pislərin zülmü deyil, yaxşıların səssizliyi qorxudur.
Elə insanlar var ki, onlar haqqında ümumi və yalnız xoş sözlər deməklə onun mahiyyətini tam ifadə edə bilmirsən. Onun haqqında düşündükcə yazmaq istəyi, yazdıqca isə yenidən düşünmək istəyi keçir qəlbindən və beynindən. Yazmağı Psixi-Neyro-mühərrik adlandırırlar. Bu hal bizi düşünməklə diqqətimizi bir daha konsentrasiya etməyə imkan verir. Intiqam bəy, düşündükcə yazmaq, yazdıqca düşünmək imkanını açmaq həvəsi yarada bilən şəxsiyyətdir.
Elə insanlar var ki, onların şəxsiyyətinin portreti və davranışları hansısa ifadələrlə həmahəng səslənir. Həmin şəxsi görəndə oxşar ifadələr yadımıza düşür. Bəzən isə təxəyyülün o qədər irəli gedir və bizə elə gəlir ki, həmin şəxsə görə bu ifadə “kəşf” olunub. Intiqam bəy həmin şəxslərdəndir. Intiqam bəyi həmişə görəndə intiqam və qisasdan uzaq humanist dəyərlərin daşıyıcısı kimi bir canlı obraz göz önümdə canlanıb. Bunu onun bütün davranışları, mülahizələri və kübar xüsusiyyətləri mesajla insana çatdırır. Onun çıxışlarının çəkici olması onun hüquqi mühakimələrinin sanbalından bəzən daha çox onun çatdırılma forması və mədəni izhar üsulunun oricenallığı daha çox cəlb edir. O, danışdıqca zəngin kulturoloji keyfiyyətləri özündə cəmləşdirən şəxsiyyətin kimliyini görürsən. Hətta nəcib keyfiyyətli insan olduğu o qədər aşkar ifadə olunur ki, insana elə gəlir bu INSAN qarışqanı belə ayaqlamaz. Vaxtilə Həzrət Əli kiçik zülmə razı olmamağı belə ifadə etmişdi: “Bütün dünyanı versələr və buna qarşılıq qarışqanın ağzından yemini almağımı istəsələr, bu zülmü etmərəm”. Intiqam müəllim, belə zülmlə heç zaman razı olmamaq vicdanına və dürüstülüyünə sahib insandır. Ona görə də Intiqam müəllimin hərəkətləri sanki bütün insanlar üçün qanun hökmündə qəbul olunurdu.
Girişdə qeyd etdiyim məqamın üzərinə yenidən gəlmək istəyirəm. Hər bir şəxsin davranışı və kimliyi ətrafda onunla bağlı bir neçə ifadəni göz önündə canlandırır. Mənim üçün Intiqam müəllimi bu sözlər daha səciyyələndirir: əqidəli, kübar, şəxsiyyət, peşəkar, etibarlı, vicdanlı.
Əqidəli. Onu tanıyanlar sabit əqidəyə və dönməz iradəyə sahib insan kimi xarakteriza edirlər. O, əqidəyə mövsümi paltar kimi baxmadığı üçün onu dəyişmirdi. Elə insanlarla da təmaslardan qaçırdı. Onun öz dünyagörüşü və əqidəsi var idi. Populizm naminə ondan tez-tez dəm vurmağı xoşlamırdı. O, heç kimin yox, yalnız öz dünyagörüşü və vicdanı qarşısında hesabat verirdi. Insanın əqidə üstünlüyü və onun əvəzolunmazlığı haqqında mütəfəkkir Kalvin Kolidc yazır: “Dünyada heç bir şey əqidənin yerin tuta bilməz. Nə qabiliyyət, nə təhsil, nə dahilik. Çünki, yer üzündə qabiliyyətli, lakin uğursuz olan çoxlu sayda insanlar var. Aşkar olunmamış dahilərin hekayəsi isə demək olar ki, insanlıq tarixi qədər köhnədir. Dünya təhsilli olub, heç bir işə yaramayan insanlarla doludur. Yalnız, əqidəli və əzmkar insan səbrli və səyləri sayəsində sonsuz bir gücə sahib olur”. Ona görə Intiqam bəy əqidənin hansı gücə sahib olmasını yaxşı bildiyi üçün ona bir dəyər kimi baxırdı və ona sadiq qaldığını hər addımda isbatlayırdı.
Kübar. Bizim cəmiyyətdə insanlar çox zaman mədəni və mehriban münasibətlərin olmamasından əziyyət çəkir. Özündənrazılıq, təkəbbür və idbar davranışlar cəmiyyətdə statuslu insanın komponentinə çevrilib. Belə mənəvi-psixoloji böhran içərisində alicənab xasiyyətli insan görəndə dəryada su tapan kimi sevinirik. Intiqam bəy, cəmiyyətdə defisiti yaşanan kübar insan nüsxəsi olaraq bizlərin “su tapmasına” vəsilə olub. Onu çoxsaylı insanların doğmasına çevirən keyfiyyətlərdən biri də kübar olması idi.
Şəxsiyyət. Insanın şəxsiyyətli olması hamı üçün yaxşı görünməsində deyil. Şəxsiyyətli insan o insan hesab olunmalıdır ki, yanında heç kimin olmadığı vaxtda da həmin davranışı etsin və aşkarlıqla onu özünə layiq bilsin. Bu keyfiyyət haqq-ədalət axtaran hüquqşünas üçün çox vacib keyfiyyətdir. Bu cəmiyyətdə, ola bilsin, Intiqam müəllimdən də daha dərin peşəkarlıq keyfiyyətinə görə seçilən hüquqşünaslar var. Mən onların peşə keyfiyyətinə qiymət vermək imkanında deyiləm. Amma Intiqam müəllim, həm də ona görə şəxsiyyət kimi qəbul olunur ki, yüksək peşəkarlığı ilə yanaşı onun elan etdikləri prinsiplər arasında uçurum yoxdur. Əslində, insanın hərəkəti ilə dəyərləri və elan etdikləri prinsiplər üst-üstə düşəndə şəxsiyyəti parlaq görünür. Hər dəfə prinsiplərini güzəştə gedən insan isə ilk olaraq mənəvi-psixoloji, sonra isə şəxsiyyət tipi olaraq çox zəifləyir. Intiqam müəllim bu baxımdan şəxsiyyətini möhkəmləndirən və onun daimi qayğısına qalan hüquqşünas kimi cəmiyyətdə böyük hörmətə sahibdir.
Peşəkar. Intiqam müəllimin peşəkarlıq keyfiyyəti çoxdan ölkə sərhədlərini keçib. Bir sıra beynəlxalq təşkilatların insan hüquqları üzrə ekspertidir. Çoxlu sayda kitabların, populyar nəşrlərin və hüquq komentariyalarının müəllifidir. Dünyada çox nüfuzlu insan haqları sahəsi üzrə beynəlxalq mükafata layiq görülüb. Indiyə qədər Avropa Insan Haqları Məhkəməsinə 300-dən çox iş onun köməkliyi ilə göndərib. Onların içərisində xeyli sayda udduğu işlər var. Bu onun beynəlxalq hüquq dilində danışmağının və güclü məntiqinin təsdiqidir. Universitetdə hüquq müəllimliyindən çoxlu sayda qanun layihəsinin müəllifliyinə qədər peşəkarlığı təsdiq edən mənalı bir həyat yolu keçib. Indi Azərbaycanda üzdə olan prinsipial hüquqşünaslar ordusu onu özünə müəllim bilir. O, ölkəmizdə uzunmüddətli fəaliyyəti ilə sanballı bir hüquq məktəbi yaradıb. Onun hər addımda belə məzunlarını görmək olur.
Etibarlı. Vətəndaş üçün yaxşı vəkilə güvəninin olması üçün həmin insana inanmalıdır. Onun taleyi ilə sonradan oynamaması üçün etibarlı vəkil axtarır. Intiqam müəllimin adını ucqar rayondan eşidən insan Bakıya bu məqsədlə gəlirdi və onu görcək sevinirdi. Müasir dövrümüzün daha çox oxunan müəllifi və mənim də çox sevdiyim müəllif Brayan Treysi yazır ki, etibar insan münasibətləri üçün yağlayıcı maddədir. Bütün münasibətin mərkəzində etibar dayananda insan ucada dayanır. Intiqam müəllimi ucalara qaldıran keyfiyyətlərdən biri də bu idi. O, inandığı doğruları əsla dəyişmədi, inandığı bəzi insanlar doğrudan da dəyişdi.
Vicdanlı. Tam səmimiyyətlə deyirəm ki, o, bu ölkənin beş vicdanlı insanından biridir. Onu təkcə onun dostları deyil, rəqibləri də etiraf edər. Onun bir insan olaraq ləyaqətinin bir üstünlüyü də ondan ibarətdir ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdurlar. Onu isə ittiham etməyə hazır olan məhkəmə ittihamçıları gərək məhkəmə çəkişməsinə qədər vicdanları ilə o vaxta qədər məsələhətləşsinlər. Çünki, onlar Azərbaycanın VICDANINA – vicdanlı bir şəxsiyyətlə bağlı qərar verəcəklər. Vicdan isə əxlaqı tərbiyə edən ən nadir kitabdır (Paskal). Kitabınızı bağlamayın!
ardı var