Əli Hüseynovdan Hacıbala Abutalıbova ilginc ittihamlar
Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında qalmaqal davam edir. Əli Hüseynov deyir ki, Bakı meri ona məxsus 15 ildir fəaliyyət göstərən avtodayanacağı qanunsuz olaraq söküb. Şəhid atasının sözlərinə görə, avtodayacağın ona bələdiyyə qərarı əsasında verilib. “Mənə verilən həmin ərazini abadlaşdırmışam, su çəkmişəm. 15 ildir fəaliyyət göstərir, bütün sənədləri də qaydasında. Amma Hacıbala Abutalıbov heç bir əsas olmadan avtodayanacağı yerlə-yeksan edib”, – deyə Əli Hüseynov bildirib.
Şəhid atası olayla bağlı iki dəfə ölkə başçısı İlham Əliyevə müraciət edib. İkinci müraciətdə İlham Əliyevə Hacıbala Abutalıbovun qanunsuzluğunu əks etdirən fotofakt da təqdim edib. Dünən Əli Hüseynov növbəti dəfə ölkə başçısına müraciət ünvanlayıb. Müraciəti təqdim edirik: “Söhbət avtodayanacaqdan getmir. Söhbət Hacıbala Abutalıbovun şəhid ailəsinə hörmətsizliyindən gedir. Bu gün şəhid ailəsinə məxsus qanuni obyekti uçuran sabah şəhid ailəsinin evini başına uçurar. Hacıbala Abutalıbov həmişə çıxışlarında mərhum Heydər Əliyevdən sitatlar gətirir. Bəs Heydər Əliyevin şəhid ailələri barədə dedikləri niyə onun yadına düşmür? Yoxsa məqsədli şəkildə şəhid ailələrilə düşmənçilik edir? Hacıbala Abutalıbovun oğlu Azərbaycanın bütövlüyü uğrunda döyüşüb şəhid olsaydı, onun mövqeyi necə olardı?
Mənim oğlu şəhid olub. Ona görə də dövlət mənə müəyyən imtiyazlar tanıyıb, çörək pulu qazanmaq üçün obyekt verib. İndi Hacıbala Abutalıbov hansı haqla həmin obyekti sökür? Yoxsa qəsdən dövlətə təxribat törətmək istəyir? Mətbuatda məlumat yayılmışdı ki, onun oğlu da dövlətə təxribat törədərkən həbs ediləcəkmiş. Ona görə də qaçıb ölkədən.
Yəqin onun oğlu Qarabağda yox, gedib Suriyada döyüşməyi, orada şəhid olmağı arzulayır. Ona görə də Qarabağda şəhid olanların Hacıbala Abutalıbov üçün qiyməti yoxdur.
Cənab prezident, sizdən bir şəhid atası kimi xahiş edirəm ki, məni qəbul edib dinləyəsəniz. Mənim əlimdə sənədlər var, Hacıbala Abutalıbovun qanunsuz əməllərilə bağlı fotofaktlar var. Onları sizə təqdim edim, siz də qərar verin”.