«Mən bu məktubla bir çox anaların fəryadını çatdırdım, gerisi bir ölkə rəhbəri kimi Sizin üzərinizdə qalır»
Dövlət başçısı Ilham Əliyevə üz tutan Zərnişan Vəlixanlı müraciətin surətini “Azadlıq”a da göndərib. Zərnişan xanım müraciətdə yazır: “2012-ci ildən bu günə kimi dövlət başçısına və səlahiyyəti olan bütün hüquq-mühafizə orqanlarına məktublar göndərsəm də, heç bir cavab almamışam.
Binəqədi rayonu, 4-cü polis bölməsi Natiq Qasımov başda olmaqla, onun komandası, Nərimanov rayonunda Nadir Məmmədov, Hikmət Qasımov, Pərviz Quliyev öz komandası ilə millətin günahsız balalarının başına olmazın bəlalar açırlar. 2012-ci ildən polis idarələrində özbaşınalıq baş alıb gedir. Daxili Işlər Nazirliyinə məktub göndərməkdən artıq çörək pulu tapmıram. Lakin onlar heç bir tədbir görmürlər. Belə başa düşürəm ki, adlarını çəkdiyim adamlar da elə onlara güvənib istədiklərini edir.
Mən Abşeronda baş vermiş hadisədən bəhs etmək istəyirəm. Teymur Mahmudovu 2014-cü il yanvar ayının 11-də sübh tezdən evindən çılpaq vəziyyətdə polis şöbəsinə gətiriblər. Teymurun şikəst anası ağlayaraq yalvarıb ki, barı oğlu paltar geyinsin, soyuqdur, şaxtadır, lakin polislər buna da imkan verməyib. Polis şöbəsində həmin çılpaq adamın cibindən iki büküm narkotik maddə çıxırsa, bu hansı məntiqə uyğundur? Bir başqasını polis əməkdaşları 3 sutka ərzində döyüblər, cibindən çıxan pulunu da ailəsinə verməyib, hal şahidi adı altında iki nəfəri üzünə qoyublar. Bu azmış kimi, narkoloji dispanserdə heç bir qan analizi götürülmədən, guya, qanında narkotikin aşkarlandığı bildirilir. Təqsirləndirilən şəxs özünü yerə-göyə çırpır ki, heç olmasa, mənim xəttimi ekspertizaya göndərin, onu da təmin etmirlər. 5 aydan sonra iş gəlir Abşeron məhkəməsinə, orada da Əhəd Ibrahimov yalnız 5 məhkəmə prosesindən sonra guya humanistlik edərək xətti ekspertizaya göndərir. Lakin Azərbaycanda müstəqil ekspertiza nə gəzir? Onlar xətti müəyyən edə bilmirlər. Xətt vətəndaşa, təqsirləndirilən şəxsə aid olsaydı, onu mütləq böyük hərflərlə yazardılar. Polisə aid olduğu üçün onu təyin edə “bilmirlər”. Həmin şəxsə iki il həbs cəzası verilib. Məhkəmənin hakimi Şövkət Nəcəfova işi təqsirləndirilən şəxsin əleyhinə bağlayıb. Görünür, onun üçün fərqi yoxdur ki, məhkum elədiyi adamın günahı var, yoxsa yox.
Bütün bu proseslər artıq 8 aydır ki davam edir, günahsız övladlar nahaq yerə evindən didərgin salınır. Bu işlərin axırı necə olacaq, onu bilmirəm. Amma onu bilirəm ki, günahsız övladların əziyyəti, anaların göz yaşları bir gün böhtançıları, insanlara şər yaxıb, evindən, ailəsindən uzaqlaşdıranları qan selində boğacaq. Mən bu məktubla bir çox anaların fəryadını, üsyanını çatdırdım, gerisi bir ölkə rəhbəri kimi Sizin üzərinizə qalır”.
Şikayət məktubunda adıçəkilən şəxslərin də mövqeyini dərc edə bilərik.
Sosial şöbə