«Məhkəmə prosesindən də göründü ki, ittihamlar əsassız və sifarişlidir»
Ötən gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) bank hesablarına həbs qoyulması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinin 08.07.2014-cü il tarixli qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Apelyasiya məhkəməsi Nəsimi məhkməsinin qərarını qüvvədə saxalyıb.
NHMT-nin rəhbəri Mirvari Qəhrəmanlı baş verənlərlə bağlı “Azadlıq”a açıqlamasında bildirdi ki, ailəsinin depozit hesabına və NHMT-nin bank hesabına həbs qoyulması siyasi sifarişdir və tezliklə bu qanunsuz qərarla bağlı Avropa Məhkəməsinə müraciət edəcəklər: “Məhkəmə prosesindən də aydın göründü ki, ittihamlar əsassız və sifarişlidir. Biz məhkəmədə 3 məsələylə bağlı etirazımızı bildirdik və suallar ünvanladıq. Ancaq dövlət itihamçısı bu suallara cavab verə bilmədi. Əvvəla, biz Nəsimi Rayon Məhkəməsinin 8 iyul tarixli qərarını qanunsuz hesab edirik. Çünki, bu məhkəmə prosesi bizim iştirakımız olmadan keçirilib, bizim xəbərimiz olmadan qərar qəbul olunub və banka göndərilib. Ikincisi, qanunda göstərilir ki, təqsirləndirilən şəxsin əmlakına həbs qoyula bilər. Bizim təşkilat isə heç bir qanunsuz əməldə təqsirləndirilmir. Yəni biz bilmirik ki, şübhəliyik, şahidik, yoxsa cinayətkarıq. Üçüncüsü isə, mənim ailəmin depozit hesabına həbs qoyulub. Uzun illərdi bu hesabdan nə pul çıxarılır, nə də pul daxil edilir. Yəni heç bir əsas olmadan ailənin şəxsi hesabına həbs qoyulur. Bütün bu məsələlərə münasibət bildirilmədi və Nəsimi Rayon Məhkəməsinin qanunsuz qərarı qüvvədə saxlanıldı”.
Mirvari Qəhrəmanlı onu da əlavə etdi ki, bank hesabına həbs qoyulduğu üçün işçilərin əmək haqlarını vermək mümkün deyil: “Artıq Leyla Əliyeva, Əsabəli Mustafayev və digər QHT rəhbərləri apelyasiya şikayəti veriblər. Biz hamımız hakimlərin ədalətsiz qərarları ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcəyik və əminəm ki, bu məhkəmədə qalib gələcəyik. Bu işdə qanunsuzluq həm də ondan ibarətdir ki, may ayından bugünə qədər əmək haqqı alacaq işçilər pulsuz qalıb. Bu insanların nə günahı var ki, zəhmətlərinin haqqını almasınlar? Ümumiyyətlə, fəaliyyətimizdəki hər hansı qeyri-qanuni halların olması ilə bağlı heç bir sənəd təqdim edilməyib. Əslində, baş verənlərin arxasında nəyin dayandığı sirr deyil”.
Akif