Hacıbala Abutalıbov tərəfindən obyekti sökülən Əli Hüseynov əlində olan faktları ölkə başçısına təqdim etməyə başladı
Bakı meri Hacıbala Abutalıbov tərəfindən obyekti sökülən Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov növbəti dəfə ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a yollayıb. Əli Hüseynov bu dəfəki müraciətində Hacıbala Abutalıbovun qanunsuz əməlləri ilə bağlı fotofakt da təqdim edib. Qeyd edək ki, Əli Hüseynov ona məxsus avtodayanacağın Hacıbala Abutalıbov tərəfindən qanunsuz olaraq söküldüyünü deyir. Şəhid atasının sözlərinə görə, bu avtodayanacaq ona bələdiyyə qərarı əsasında verilib:” 15 ildir ki, bu avtodayanacaq fəaliyyət göstərir. Mən oranı abadlaşdırmışam, ağac əkib yaşıllıq yaratmışam. Amma Hacıbala Abutalıbov tutduğu vəzifədən sui-istifadə edərək həmin avtodayanacağı yerlə-yeksan edib, buranın bir şəhid atasına məxsus olduğunu nəzərə almayıb və beləliklə, sizin, həmçinin mərhum atanızın şəhid ailələrinə qayğı göstərdiyini “unudub”, faktiki olaraq həm şəhid ailələrinə, həm də sizə hörmətsizlik edib. Mən yaşlı və xəstə adamam. Məcburiyyət qarşısında qalaraq fotoaparat vasitəsilə qanunsuz fəaliyyət göstərən obyektlərin şəkillərini çəkdim. Bu şəkillərdən birini sizə göndərirəm. Belə şəkillər məndə onlarladır.
Fotodan da görünür ki, Hacıbala Abutalıbovun qanunsuz sərəncamı ilə piyadalar üçün nəzərdə tutulan səki zəbt olunub. Bu nə deməkdir? Bu o deməkdir ki, Hacıbala Abutalıbov vətəndaşları nəzərə almır, onların yolunu kəsir. Buradan keçənlər arasında yaşlılar, qadınlar, uşaqlar da var. Amma Hacıbala Abutalıbov bunu düşünmür.
Cənab prezident, Allah bunu götürməz. Bundan başqa inanıram ki, sizin vicdanınız da bunu qəbul eləməz.
Mən Hacıbala Abğutalıbova sual verirəm: Hacıbala Abutalıbov sən yüzlərlə belə qanunsuz obyektləri görmürsən? Görürsənsə, niyə tədbir tədbir niyə görmürsən? Deməli, ortada böyük maraqlar var.
Cənab prezident, şəhid atası kimi Sizi and verirəm Allaha ki, məni qəbul edəsiniz ki, çəkdiyim şəkillərin hamısını sizə təqdim edim. Sizdən xahiş edirəm ki, Hacıbala Abutalıbov barəsində ölçü götürəsiniz və mənim şikayətimi təmin edəsiniz”.