Etibar Əliyev, fəlsəfə doktoru
Iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərdə Rafael Hüseynov da akademik seçildi. Rafael müəllim Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır. Onun Milli Məclisə seçilməsi siyasi mövzudur, amma onun akademik seçilməsi Azərbaycan Respublikasının Prezidentinin 15 may 2001-ci il tarixli 484 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnamə”sinin 16-cı maddəsi ilə ziddiyyət təşkil edir: “Akademiyanın həqiqi üzvləri (akademiklər) bir qayda olaraq Azərbaycan Respublikası vətəndaşları olan, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Akademiyanın müxbir üzvlərinin içərisindən seçilirlər”.
AMEA-nın saytında (“www.science.gov.az”) akademik Rafael Hüseynovun elmi fəaliyyəti bölümündə əsas elmi əsərlərinin adı göstərilib: Vaxtdan uca. Bakı, “Işıq”, 1987; Min ikinci gecə. Bakı, “Yazıçı”, 1988; Millətin zərrəsi. Bakı, “Azərbaycan”, 2001; Məshəti Gəncəvi – özü, sözü, izi. Bakı, “Nurlan”, 2005; Əbədi Cavid. Bakı, “Nurlan”, 2007; Qospoja Luna-Mexseti Qendjevi. Baku, “Elm”, 2010; Yurdun adındakı can. Bakı, “Elm”, 2010.
Göründüyü kimi adı çəkilən əsərlərin tam əksəriyyəti elmi tədqiqatdan çox, publisistika və bədii ədəbiyyatdır. Onun nitqlərində və əsərlərində elmdən əsər-əlamət olmur. Bəlkə də olur, ancaq xətti təfəkkürü bunu büruzə verməyə maneçilik törədir. Nizamnamədən görünür ki, seçilmək üçün publisistika və bədii əsərlər yetərli sayılmır. Tanınmış elmi məktəblərə gəldikdə isə Rafael müəllim barədə bundan danışmağa dəyməz. Hansı elmi məktəbi yaradıb? Nədir olmayan elmi məktəbin adı?
Azərbaycan cəmiyyəti bu alimi tərifçi, zəmanənin nəbzini tutan insan kimi tanıyır. Onun siyasi fəaliyyəti elmi fəaliyyətini qat-qat üstələyir. Elə məhz siyasi fəaliyyəti ucbatından 1987-ci ildə yazdığı Hüseyn Cavid haqqında “Vaxtdan uca” kitabında yaxın tarixi bilərəkdən təhrif etmişdir. Hamıya məlumdur ki, 1982-ci il oktyabrın 3-də Heydər Əliyev Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə göstəriş verir. Bununla da dahi ədibin cənazə qalıqları qısa bir vaxtda Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırılır. Rafael Hüseynovun adı çəkilən kitabında Heydər Əliyevin bu mühüm fəaliyyəti barədə bir cümlə də olsun yazılmayıb. Çünki o zaman Azərbaycanda başqa zaman idi. Amma bunun müqabilində hamının gözləmədiyi baş verdi: bu saxtakarlıq Rafael müəllimə düşdü…
O, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyini sanki özəlləşdirib. Muzey onun iqamətgahına bənzəyir. Bu insan ilk dəfə deputat seçilməyinə necə çox sevinmişdisə, indi də akademik seçilməyinə o qədər sevinir. Niyə də sevinməsin! Indi bir an təsəvvür edin, 1945-ci ildə yaranmış və ilk həqiqi üzvləri Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə Ibrahimov, Yusuf Məmmədəliyev, Mirəli Qaşqay, Aleksandr Qrossheym, Sadiq Dadaşov, Iosif Yesman, Mir Əsədulla Mirqasımov, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Mustafa Topçubaşov, Mikayıl Hüseynov, Heydər Hüseynov və Ivan Şiroqorov seçilən akademiyaya seçilmişdir bu adam.
Rafael Hüseynovun sevinci o qədər şiddətli olub ki, o, hamını qabaqlamaq məqsədilə seçkilərlə bağlı “41-ci kreslo” adlı iri həcmli bir məqalə yazıb və həmin yazını Azərbaycan Milli Elmlər Akademiyasının saytında yerləşdirib. Məncə ona səs verənlər bunu oxuduqdan sonra dərin peşmançılıq hissi keçirəcəklər.
Görün nə yazır: “Akademiya yarandığı vaxtdan burada seçkilər keçirilib. Yaddaşlarda Akademiya üzvlüyünə seçkilərdəki əyintilərin, intriqaların, dəstəbazlığın xoşagəlməz söhbətləri də qalmaqdadır”.
Bu ifadə əslində daha öncə keçirilmiş seçkilərə kölgə salır. Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaranıb. Aydın məsələdir ki, bu quruma seçkilər Mircəfər Bağırov və Vəli Axundovun 24 illik hakimiyyəti, Heydər Əliyevin 28 illik hakimiyyəti, Ilham Əliyevin 11 illik hakimiyyəti, Əbdürrəhman Vəzirovun 2 illik hakimiyyəti dövrünə təsadüf edir. Əvvəlcə Akademiyanın Prezidentlərinə diqqət edək:
Musa Əliyev 1950-ci ildə həqiqi üzv seçilib;
Rüstəm Ismayılov 1962-ci ildə həqiqi üzv seçilib;
Həsən Abdullayev 1955-ci ildə müxbir üzv, 1967-ci ildə həqiqi üzv seçilib;
Eldar Salayev 1980-ci ildə müxbir üzv, 1983-cü ildə həqiqi üzv seçilib;
Fəraməz Maqsudov 1976-cı ildə müxbir üzv, 1980-ci ildə həqiqi üzv seçilib;
Mahmud Kərimov 2001-ci ildə akademik seçilib;
Akif Əlizadə (indiki prezident) 1980-ci ildə müxbir üzv, 1989-cu ildə həqiqi üzv seçilib.
Böyük alimlərimizdən;
Həsən Əliyev 1952-ci ildə həqiqi üzv seçilib:
Əbdüləzəl Dəmirçizadə 1955-ci ildə müxbir üzv seçilib;
Abbas Zamanov 1983-cü ildə müxbir üzv seçilib;
Qoşqar Əhmədov 1969-cu ildə müxbir üzv (riyaziyyat üzrə) seçilib;
Yəhya Məmmədov 1983-cü ildə müxbir üzv (riyaziyyat üzrə) seçilib;.
Həmişə tənqidi fikirləri ilə diqqəti cəlb edən riyaziyyatçı akademik Cəlal Allahverdiyev 1972-ci ildə müxbir üzv, 2001-ci ildə həqiqi üzv seçilib;
Cəlal Əliyev 1976-cı ildə müxbir üzv, 1980-ci ildə həqiqi üzv seçilib;
Böyükkişi Ağayev 1980-ci ildə müxbir üzv, 1989-cu ildə həqiqi üzv seçilib;
Adilə Namazova 1971-ci ildə müxbir üzv, 1983-cü ildə həqiqi üzv seçilib;
Tofiq Nağıyev 1989-cu ildə müxbir üzv, 2001-ci ildə həqiqi üzv seçilib;
Məhərrəm Məmmədyarov 1989-cu ildə müxbir üzv, 2001-ci ildə həqiqi üzv seçilib;
Məcid Rəsulov 1983-cü ildə akademik seçilib;
Arif Babayev 1976-cı ildə müxbir üzv seçilib.
Siyahını davam etmək olar. Diqqət edin, indiki prezident də daxil olmaqla böyük alimlərimizin bir neçəsi Vəzirovun vaxtında, tam əksəriyyəti isə Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə seçiliblər. Məsələn, yaşlı akademiklərimiz Məhərrəm Məmmədyarov (90 yaş), Maqsud Əliyev (90 yaş), Musa Rüstəmov (84 yaş), Cəlal Allahverdiyev (83 yaş), Böyükkişi Ağayev (86 yaş), Adilə Namazova (88 yaş), Ağamusa Axundov (82 yaş), Telman Əliyev (79 yaş) və başqaları Heydər Əliyevin dövründə akademiyaya üzv seçiliblər. Başqa sözlə, 1969-cu ilə qədər üzv olanlardan demək olar ki, həyatda olanı yoxdur. Seçkilərdəki əyintiləri, intriqaları, dəstəbazlığı xoşagəlməz söhbətləri kimə aid edirsən, cənab Hüseynov? Bəlkə elə özünüzə uyğundur bu yanaşma?
Rafael Hüseynov seçki vaxtı akademiklərlə söhbətini belə qələmə alıb: “Keçmişdən epizodları yada salırdılar ki, alimlərin, Akademiyanın iradəsi qalırdı bir tərəfdə, Mərkəzi Komitədən hazır siyahı yollayırdılar ki, bunları seçməlisiniz. Təəssüflə xatırlayırdılar ki, bir dəfə, guya, iradə göstərmək istəyiblər, öz aralarında dilbir olublar və üzərində təkid olunanı yox, daha layiqli olanı seçiblər. Sonra da sadədilliklə yuxarıya hesabat veriblər ki, bəs tapşırdığınız şəxs qutudan çıxmadı, bu da bülletenlər, filankəs qalib gəldi. Bülletenləri cırıb atıblar və bununla da alimlərə başa salıblar ki, sizin sözünüz heçdir, nə demişik, o da olacaq”.
Məncə Akademiya rəhbərliyi ondan konkret ad çəkməyi tələb etməlidir.
Bir daha ərz edirəm ki, Rafael müəllimə səs verən akademiklərin tam əksəriyyəti elə Heydər Əliyevin vaxtında seçilənlərdir. Sual olunur, səsvermə hüquqlu akademiklər onda sizin bülletenləri niyə cırıb atmayıblar, sizin səslərinizi nədən ləğv etməyiblər?
Muzey direktoru və deputat olan bu akademikin “41-ci kreslo” başlıqlı yazısı dəhşətli dərəcədə qüsurludur. Hətta pis oxuyan bakalavr pilləsinin tələbəsinin yazısı səviyyəsindədir. Tarixi faktlardakı ciddi yanlışlıqlar, müqayisələrin primitivliyi, sistemsizlik dərhal görünür.
Əslində, Rafael müəllim özünün akademik tituluna layiq olmadığını çox gözəl bilir. Bu səbəbdən də o, ötən seçkilərə də səsverən akademiklərin adından ləkə yaxmağa çalışır.