“Bizim üçün insanların hansı əqidədə olması fərq etməz. Bizi narahat edən…”
“Qafqaz Müsəlmanları İdarəsi qurumun Qazılar Şurasının 28 yanvar 2014-cü il tarixdə verdiyi Fətvada əksini tapmış fikirlərin Modern.az saytında onun dilindən yeni bir bəyanat qismində və kontekstdən çıxarılmış şəkildə verilməsinə etirazını bildirir”.
Bunu “Azadlıq”a QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. R.Dadaşova vurgulayıb ki, QMİ heç bir dini təriqət əleyhinə çıxışlar etməyib.
“Bizim üçün insanların hansı əqidədə olması fərq etməz. İslamın hansı məzhəbinə aid olması hər kəsin öz şəxsi seçimidir. Bizi narahat edən bu və ya digər cərəyanın Azərbaycan ərazisində radikal şəkildə təbliğ edilməsidir. Biz din adından sui-istifadə edərək məzhəb ayrıseçkiliyi, qarşıdurma yaratmaq, nifaq salmaq istəyənlərə, bu zəmində məkrli məqsədlərə nail olmağa çalışanlara qarşıyıq. Bizim üçün fərq etməz – istər sünni, istər şiə, istər vəhhabi, xəvaric, təkfirçi, istər nurçu olsun – kim radikallıq təbliğ edirsə, xalqımızın milli, dini-mənəvi və dövlətçilik maraqlarına xələl gətirmək istəyirsə, QMİ onlara qarşı öz qətiyyətli və birmənalı mövqeyini hər zaman bildirir. Bu mövqe həm İdarənin Qazılar Şurasının məlum Fətvasında, həm də İdarə sədri Şeyxülislam Allahşükür Paşazadənin istər ölkəmizin bölgələrinə, istərsə Qafqaz regionuna səfərləri zamanı etdiyi çıxışlarında dəfələrlə vurğulanıb.
Bu birmənalı mövqenin qərəzli şəkildə interpretasiya olunmasını, təhrifini yolverilməz sayır və buna etirazımızı bildiririk”, – deyə mətbuat xidmətinin rəhbəri bildirib.