Məlahət Babayeva: «Etibar Hüseynovun bakılılar adından danışmağa ixtiyarı yoxdur»
ANS-də efirə gedən “Bazar səhəri Rövşanə ilə” verilişində deputat Etibar Hüseynovun çıxışı böyük səs-küyə səbəb oldu və deputatın üzr istəməsi ilə yekunlaşdı. Qeyd edək ki, Etibar Hüseynov Bakıda ötən əsrin 60-70-ci illərində şəhər mədəniyyətinin indikindən üstünlüyünü və bu mədəniyyətin qaymağını ermənilər, ruslar, yəhudilərin təşkil etdiyini vurğulayaraq, bu ortamın Qarabağ problemindən sonra Bakıya axışan qaçqın və məcburi köçkünlər sayəsində dağıldığını bildirmişdi. Onun sözlərinə görə, şəhər mədəniyyətində boşluğun, problemlərin yaranmasının kökündə “radio, televiziya olmayan mühitdən çıxmış, etikaya, müasirliyə aidiyyəti olmayan, öz yaxınlarını itirib psixi gərginlik içində şəhərə axışan ac-yalavac məcburi köçkünlər və qaçqınlar” dayanır.
Etibar Hüseynovun səsləndirdiyi fikirlərə Bakı Kəndlər Birliyi MNTK-nın sədri Məlahət Babayeva da münasibət bildirdi və bu fikirlərin yanlış olduğunu söylədi: “Etibar Hüseynov çox nahaq yerə bakılıların adından danışır. Bakılılar heç vaxt Etibar Hüseynova bu səlahiyyəti verməyib. Bütün bölgələrin səviyyəli və səviyyəsiz nümayəndələri var. Qarabağdan kifayət qədər tanınmış alimlər, ziyalılar çıxıb. Heç kimin vətəndaşları təhqir etməyə və regional ayrı-seçkilik yaratmağa ixtiyarı yoxdur. Bu adam Qərbi Azərbaycandandır və Bakıya aidiyyəti yoxdur. Təbii ki, əyalətlə şəhər adamları arasında müəyyən fərqlər var. Ancaq Bakıda yaşayanların hamısı yüksək səviyyəyə sahib deyil və rayonda olanların da hamısı savadsız deyil. Ona görə də belə hörmətsiz ifadələr işlətmək yersizdir”.
Məlahət Babayeva həmçinin “Azadlıq”ın köşə yazarı Xaqani Əliyevin məqaləsindən məyus olduğunu və bu məqalədə bakılalara qarşı fikirlərin yer aldığını söylədi: “Xaqani Əliyev bildirir ki, onun təhsil aldığı qrupda bakılı yox imiş. Mənim də oxuduğum qrupda cəbrayıllı olmayıb. Bakılıların ziyalılığına heç kim şübhə edə bilməz. Bakıdan kifayət qədər görkəmli akademiklər, alimlər çıxıb. Ona görə də Xaqani Əliyevin belə mövqe sərgiləməsini qəbul etmirəm və bu fikirlərə etiraz edirəm”.