Oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasına görə 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Media forum” saytına açıqlamasında deyib ki, Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə saxlanılan 74 şəxsdən 32-si barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: “14 nəfərə inzibati həbs cəzası verilib, 28 nəfərə xəbərdarlıq edilib”.
Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin dindarların 5 oktyabr aksiyası ilə bağlı rəsmi məlumatında deyilir ki, Təhsil Nazirliyinin qarşısında keçirilən razılaşdırılmamış aksiyası zamanı nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub. Aksiya iştirakçılarının 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, 65 nəfərin saxlandığı bildirilir.
Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlayıb. Prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.