Yaxud, qətlə yetirilən mətbuat üçün ad günü törəni
Milli mətbuatımız 140-cı ilini bircə “sağ qalmış”la yola salası oldu
Azərbaycan mətbuatının 140 illiyi münasibətilə İlham Əliyev Mətbuat Şurasının üzvləri ilə görüş keçirdi. Sonda isə mətbuat Şurasının sədri Əflatun Amaşov, İdarə Heyətinin üzvləri Rauf Arifoğlu, Azər Həsrət və Vüqar Səfərli medalla təltif olundu.
Bəli, azad mətbuatı öldürənlər bu qətliamda iştirak edənləri mükafatlandırdı. Əslində, bu, azad mətbuatın yas mərasimi idi. Rauf Arifoğlu, Azər Həsrətin hansı dərələrdən süzülüb gəldiyi, hansı missiyanı yerinə yetirdiyi hamıya aydındır. Yaxud, Əflatun Amaşov, Vüqar Səfərli mətbuata hansı töhfəni verib? Bu adamlar müstəqil mətbuatın sıradan çıxarılmasına əl çalıblar, müsətqil jurnalsitləri, qəzetləri hədəf seçiblər.
Raufun, Azər Həsərətin “əməkdar jurnalist” adı alması Həsən Zərdabinin ruhuna hörmətsizlikdir. Bu gün Azərbaycanda ən iyrənc proseslər gedir və Rauflar, Azər Həsrətlər bu prosesə nəfəs verməklə məşğuldular. Bəli, İlham Əliyev sözə xəyanətə görə bu adamları mükafatlandırdı.
Ümumiyyətlə, Əliyevlər hakimiyyəti dövründə azad mətbuata qarşı soyqırım siyasəti həyata keçirilib. Bu ölkədə jurnalistin öldürülməsi, döyülməsi, şərlənərək həbs olunması təcrübəsi var. Bu gün də ölkənin ən tanımış, tirajlı jurnalsitləri həbsxana həyatı yaşayır. Onlarla jurnalist ölkədən qaçmağa məcbur olub. Təzyiqlər nəticəsində 100-lərlə jurnalist öz peşəsindən imtina edib. Vəziyyət o həddə çatdı ki, qələmlər yaltaqlanmağa, şər-böhtan yazmağa, həqiqətləri gizlətməyə xidmət etdi.
Bu gün 100-lərlə qəzet işıq üzü görür. Amma bu qəzetlərə heç bir təlabat yoxdur. Milyonlarla vəsait ona görə xərclənir ki, bu qəzetlər cəmiyyəti yalnla örtə bilsin. Eyni zamanda hakimiyyət yazı adamlarını gözükölgəli etmək üçün müxtəlif mükafatlar verir, KİVDF vasitəsilə qəzetlərə maliyyə yardımı ayırır və azad sözü iyrənc vəziyyətə salmaq üçün bütün vasitələrdən istifadə edir. Və bütün bunlardan sonra ölkə başçısı “Jurnalistlərin dostu” seçilir.
Bu dəfə də “Mətbuat günü” ilə bağlı jurnalistlərə müəyyən fəxri adlar verildi. Əslində, bu mərasim mətbuat adına utanc idi. Çünki, təltif olunanların əksətiyyəti hakimiyyətin sözçüsünə çevrildiyi üçün qiymətləndirildi. Bəli, hakimiyyət sözəbaxanları qiymətləndirdi ki, “missiya”nı uğurla davam etdirsinlər.
Azərbaycanda avtoritar bir idarəçilik hökm sürdüyü üçün heç bir sahədə müstəqillik yoxdur. Məhz buna görə də iri məmurlar KİV-i öz təsir dairələrinə salıblar. Milli mətbuatın 140 illiyi azad mətbuatın qətlə yetirildiyi vaxta təsadüf etdi. Diqqət etsəniz, görərsiz ki, həmin mərasimdə çağdaş mətbuatın əsas nümayəndələri iştirak etmirdi. Daha doğrusu, bu adamlar tədbirə dəvət olunmamışdı. Çünki həqiqətən də mətbuata, qəzetçiliyə, azad sözə xidmət edənlər bu hakimiyyətə lazım deyil. Talançılığa, yaltaqlığa, ədalətsizliyə haqq qazandıran “yazar”lar lazımdır.
Baş verənlər bir daha təsdiqlədi ki, bu ölkədə yeganə müstəqil mətbuat “Azadlıq”dır. Qəzetmiz 2 ildir KİVDF-nin layihələrindən kənarda qalıb, heç bir mətbuatla əlaqəli tədbirlərə dəvət almır, qəzetin əməkdaşları dəflərlə həbs olunub, bu gün də aparacı əməkdaşımız Seymur Həzi həbsxana həyatı yaşayır, hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs qəzetə olan 70 min manat borcunu ödəmir və əməkdaşlar 5 aydır əmək haqqı ala bilmir…
Təbii ki, bizim nə KİVDF-dən umacağımız var, nə də hansısa dəvətə ehtiyacımız. “Azadlıq” KİVDF-dən layihələrinə maliyyə dəstəyi alanda da prinsiplərinə sadiq qaldı, hakimiyyətə qarşı loyallıq nümayiş etdirmədi. Ona görə də KİVDF qəzetlə əməkdaşlıqdan imtina etdi.
Demək istəyirik ki, “Azadlıq” qəzetinin bu vəziyyətə düşməsinin yeganə səbəbi prinsipial olması və azad sözə xəyanət etməməsidir. Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat bu gün Əliyev hakimiyətinin siyasəti nəticəsində sıradan çıxarılıb. Uzun illər müxalifət mətbuatı kimi çıxış edən “Yeni Müsavat” da rejim qarşısında “ağ bayraq” qaldırdı. Bu gün müstəqil mətbuatın səngərində “Azadlıq” tək qalıb. Bizim üçün hakimiyyətin mükafatı yox, xalqın münasibəti önəmlidir. Tam səmimiyyətlə deyirik ki, bir təqaüdçünün öz məhdud büdcəsindən “Azadlıq”a yardım etməsi, bir siyasi məhbusun həbsdən dəstək olması, azadlıqlara düşmən hakimiyyətin ayırdığı yarımlardan, verdiyi medallardan daha üstündür. Bu gün azad sözə xəyanət edənlər maddi cəhətdən varlana bilərlər, amma mənəvi yoxsulluqdan xilas ola bilməzlər.
Mətbuatın 140 illiyinə “Azadlıq” ağır şəraitdə, maddi imkanlardan məhrum olmuş vəziyyətdə, külli miqdarda borcla qədəm qoyur. Amma vicdanı təmiz, alnı açıqdır. Çünki heç bir halda həqiqətin ifadəsindən imtina etmədi, heç zaman sadəcə mövcud olmaq barədə düşünmədi, söz azadlığına qənim kəsilmiş bir hakimiyyətin “mərhəmətinə” sığınmadı…
Sevinirik ki, bu ağır illəri şərəflə yaşamışıq. Bundan sonra da öz prinsiplərimizə sadiq qalacağıq, haqqı tapdananın yanında olacağıq və heç bir günahkara güzəşt etməyəcəyik. Bilirik ki, vəziyyətimiz daha da ağırlaşa, daha çətin sınaqlara çəkilə bilərik. Amma xalqın son ümidi olduğumuzun fərqindəyik, bilirik ki, təslim olmağa haqqımız yoxdur. Hansısa ad naminə, kimlərinsə “nəmər”ini almaq üçün prinsiplərimizə xəyanət etməyəcəyik.
Missiyamız həm də azad sözün sonuncu qalasını qorumaqdır. Xalqın dəstəyi ilə bütün çətinliklərə sinə gərəcəyik. Bahalı villalarda yaşamaqdansa, xalqın qəlbində yaşamağı üstün tuturuq.
İlham