Vahid Məhərrəmov: «Inhisarda olan idxalla məşğul olan məmurlara heç kimin gücü çatmaz»
Xəbər verildiyi kimi, Milli Məclisin dünən keçirilən iclasında Cinayət və Inzibati Xətalar məcəlləsinə ediləcək əlavələr müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlıdır.
O, əvvəlcə Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci – genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloci və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi maddəsi barədə məlumat verib.
Bəlli olub ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməllərini törədənlər 3 mindən 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eləcə də elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloci və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etməyə görə 4 mindən 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunacaq.
Həmin əməllər külli miqdarda törədildikdə 7 mindən 9 min manata qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Göstərilən əməllər bu maddəylə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə onun 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacağı göstərilib.
Inzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov məsələni şərh edərək GMO-nun qarşısını almağı, yəni dünya ölkələrindən təcrid olunmağımızı mümkünsüz hesab edir. Ekspert istehlak etdiyimiz məhsulların əsas hissəsinin genetik modifikasiya olunan orqanizmlərin istifadəsindən əldə olunduğunu söyləyir. Belə olan halda isə daxili istehsalda istifadə olunan toxumların genetik modifikasiya olunan orqanizmlərdən alınan toxumlar olmaması mümkün deyil:
“Bu gün ölkəyə gətirilən tərəvəz toxumunun 90 faizi genetik modifikasiya olunan orqanizmlərdən alınıb. Xiyar, pomidor və digər tərəvəz toxmlarını misal göstərmək olar. GMO-lu kartof bitkisindən alınan yumruların modifikasiya olunduğunu laboratoriya şəraitində müəyyən etmək olmur. Istehlak etdiyimiz və xaricdən gətirilən bitkilərlə qidalanan heyvanlardan əldə olunan ət məhsullarını da əlavə edə bilərəm. Soya yağı və s. də genetik modifikasiya olunmuş məhsuldur. Ölkəyə 100 min tondan çox qarğıdalı idxal olunur ki, onun konservləşdirilmiş forması və alınan yağ da eyni tərkiblidir. Ölkədəki ərzaq məhsullarının əsas hissəsi genetik modifikasiyalı orqanizmlərindən alınıb. Sözügedən qanun görünür, sifarişlə qəbul olunub. Məqsəd ondan ibarətdir ki, gələcəkdə hansısa formada idxalla bağlı müəyyən yumşalmalar olarsa, bu qanunu əsas gətirib bəzi məhsulların idxalına qadağa qoyulsun. Idxal inhisardadır və onunla məşğul olan məmurlara bu ölkədə heç kimin gücü çatmaz”.
Nigar