Oqtay Güləliyev: «Siyasi məhbuslarsız Azərbaycan ideyası uğrunda mübarizəni davam etdirəcəyik»
Xəbər verildiyi kimi, ölkə hakimiyyəti Avropa Oyunlarına hazırlaşdığı bir məqamda siyasi məhbuslar bu yarış öncəsi aclıq aksiyası keçirmək niyyətindədir. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, məhbuslar Avropa Oyunlarını boykot etmək məsələsində razılığa gəliblər.
Artıq 13-cü kolon və digər cəzaçəkmə müəssisələrində istintaqı başa çatmış, hökmü verilmiş məhbuslar Avropa Oyunlarına 10 gün qalmış aclıq aksiyası keçirəcək. Məlumatda bildirilir ki, bu aksiya əvvəlkilərdən fərqlənəcək və bütün dünyaya səs salacaq. Məhbusların konkret olaraq nə planlaşdırdıqları deyilməsə də onların orijinal bir boykot aksiyası keçirəcəkləri bildirilir.
Məhbuslar hesab edirlər ki, insanların şərlənərək həbs olunduğu, müstəqil məhkəmənin olmadığı, həbsxanalarda bütün problemlərin pulla həll edildiyi bir reallıqda Avropa Oyunları keçirmək absurddur. Onlar bu aksiya ilə tələb edəcəklər ki, hakimiyyət öz vətəndaşına da hörmətlə yanaşsın.
Məlumat verən mənbə bildirir ki, müxtəlif həbsxanalarda olan məhbuslar öz aralarında razılıq əldə ediblər və eyni vaxtda aclıq aksiyasına başlayaraq prosesi davam etdirəcəklər.
“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oqtay Güləliyev söyləyir ki, siyasi məhbusların hüquqlarını müdafiə edərək siyasi məhbuslarsız Azərbaycan ideyasına nail olmaq məqsədi daşıyan təşkilat kimi mübarizənin önündə olacaqlar:
“Bu amal uğrunda mübarizə aparan təşkilatımız siyasi məhbusların hüquqlarının müdafiəsi istiqamətində gərəkən addımları atır və bundan sonra da belə olacaq. Siyasi məhbuslar Avropa Oyunları ərəfəsində və ondan sonra hansı addımları atsa, biz həmin addımları daim dəstəkləyəcəyik. Biz Avropa Oyunları ərəfəsində müəyyən tədbirlərin baş tutmasını planlaşdırırıq”.
Nigar