“Azadlıq” qəzetinin ötən saylarından birində Hesablama Palatasının hesabatına istinadən “Hüseynqulu Bağırov çətin vəziyyətdə” başlıqlı məqalə dərc olunub.
Məqalədə Hesablama Palatasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində apardığı yoxlamanın nəticələrilə bağlı hesabatdakı faktlar yer alıb. Nazirlik bu yazıya cavab verib. Cavab məktubunu bəzi ixtisarlarla təqdim edirik: “Reallıq odur ki, yoxlama aparılan Departamentlərin hamısı büdcəyə vəsait qaytarıb. Məsələn, audit aparılan dövr üzrə Meşələrin Inkişafı Departamenti tərəfindən 161634,65 manat büdcə vəsaitinə, Dövlət Ekpertiza Idarəsi tərəfindən real tələbat daxilində 65476,30 manata, Milli Hidrometeorologiya Departamenti büdcə vəsaitlərinin məqsədyönlü istifadə edilməsi nəticəsində 795160, 54 manata, Xəzər Kompleks Ekoloji Monitorinq Idarəsində 124844 manat dövlət vəsaitinə qənaət edilib və dövlət büdcəsinə qaytarılıb. Göründüyü kimi dövlət büdcəsindən Nazirliyə ayrılan milyonlarla vəsait istifadə olunmadan, yəni xərclənmədən büdcəyə geri qaytarılıb. Əslində Hesablama Palatası bunu qüsur sayırsa bu, həqiqətən qüsurdur. Əgər vəsait ayrılıbsa, təyinatı üzrə xərclənməlidir. Lakin ETSN-nin qurumları bir sıra hallarda təyinatı üzrə xərcləmək mümkün olmadıqda bir yol tapıb, min bir fırıldaqla qalmış vəsaiti xərcləməyə cəhd göstərməyib, 1 milyon 147 min 115 manat vəsaiti dövlətə geri qaytarıb. Xalqın malı talan olunmayıb, büdcəyə qaytarılıb.
Yoxlamalar Nazirliyin heç bir qurumunda, hətta vəzifəli şəxslərin işdən çıxarılması ilə nəticələnməyib. Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlardır. Misal üçün, belə bir qüsur göstərilib ki, meşə təsərrüfatları üzrə büdcə vəsaitinin cari və əsaslı təmir üzrə müvafiq xərc maddəsində vəsait kifayət etməyib və Meşələrin Əlaqələndirmə Mərkəzinin bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına təsərrüfatlarda təmir işləri aparılıb. Əslində bu, meşə departamentinin birbaşa vəzifəsidir ki, hansısa idarənin binası ağır leysan yağışları, Kürün daşması və ya zəlzələ nəticəsində zərər çəkirsə, onun təmirinə ehtiyac yaranırsa, onlara kömək göstərsin. Bəli, ola bilər ki, bunu etməzdən əvvəl Maliyyə Nazirliyi ilə hansısa məqamlar razılaşdırılmalı idi və bunu inzibati qüsur saymaq olar, amma burada hansı yeyintidən söhbət gedə bilər?"