Eldəniz Ağayev: «Hökumətə səslənirəm, məni övladlarımın yanında başıaşağı etməyin; iki uşağın ahını almayın!»
Paytaxt sakini, iki azyaşlı uşaq atası olan Eldəniz Ağayev ailəsinin uzun illərdir yeganə qazanc mənbəyi olan kiçik köşk ticarətindən də məhrum edilib.
Bu barədə “Azadlıq”a göndərdiyi şikayət məktubunda Eldəniz Ağayev özü məlumat verərək bildirib ki, Bakı Ticarət Departamenti faktiki onun ailəsini çörəksiz qoyub. Çörəksiz qalan ailənin başçısı məktubunda yazır:
“20 ilə yaxındır ki, Azərbaycan Texniki Universitetinin yaxınlığında, Məmməd Rahim küçəsində kiçik köşk ticarətilə məşğul olurdum. Təxminən bir ildən artıqdır ki, Bakı Ticarət Departamentininÿ əməkdaşları məndən qısa müddətdə ərazini tərk etməyimi istəyirdilər, əks halda, işə polisi də qoşacaqlarıyla hədələyirdilər. Mən isə deyirdim ki, ailəmi dolandırmaq üçün başqa əlacım yoxdur. Xahiş edirdim ki, əgər o köşklərin götürülməsi haqda rəsmi qərar varsa, o zaman məni yeni köşklə təmin etsinlər.
Bilirəm ki, bu göstərişi Bakı Ticarət Departamentinin rəisi Ramiz Hacıyev verib.ÿOnlar bir vətəndaş kimi məni dinləmədilər. Aprelin 10-da işlədiyim ünvana gəlib, üstü mallarla dolu piştaxtanı dağıtdılar və üstəlik, “bir daha səni bu ərazidə ticarətlə məşğul olan görməyək” deyə hədələdilər.
Buradan hökumətə səslənərək demək istəyirəm ki, iki uşaqlı bir ailənin çörəyinə bais olmasınlar. Övladlarımı, ailəmi dolandırmaq üçün yeganə işimi əlimdən alıb, məni uşaqların yanında başıaşağı etdilər. Əgər dövlət öz vətəndaşının qayğısına qalırsa, buyursunlar, məni başqa bir ərazidə işlə təmin etsinlər, iki uşağın ahını almasınlar".
Informasiya şöbəsi