Əliyevlər, Dadaşovlar niyə Acun Ilıcalı ola bilmirlər
Azərbaycanda siyasi, iqtisadi monopoliya olduğu qədər mədəni monopoliya da var. Mədəniyyəti bu sahədən pul qazanmağı bacaran kəslər yönləndirirlər. Filmlər onların ciblərindən keçən ssenarilər üzrə çəkilir, konsertlər kimlərinsə cibindən çıxıb saraylara yol tapır, təqaüdlər yaradıcılıq səviyyəsinə uyğun deyil, xidmətlərə görə verilir. Belədə “Bu şəhərdə” mədəniyyət göstəricisinə çevrilir. Mədəniyyət naziri mədəniyyət evlərinin fəaliyyətini gücləndirmək yerinə onları ixtisar edir, kitabxanalar ölüxanaya çevrilir, Avroviziya, Avropa Oyunları milli mədəniyyəti “yeyir”. Televiziyalar mədəniyyətsizlik sindromuna çevrilir. Bütün bunlar bizlərin susqun şahidliyi ilə baş verir.
Büdcənin pulu dövlətin təbliği üçündür
Indiki məqamda Azərbaycan efirindən yaltaqlığı, siyasi hakimiyyətin yalan üstündə qurulan təbliğatını yığışdırmaq mümkün olmayacaq, burası hamıya bəlli. Hakimiyyət hakimiyyətini televiziyalar sayəsində yürüdür, televiziyalar hakimiyyətin qanadı altında pul qazanırlar. Siyasətdə, iqtisadiyyatda olduğu kimi burda da vətəndaş kimsənin umurunda deyil. Hakimiyyətin vecinə deyil dövlət büdcəsindən maliyyələşən dörd televiziyanı (AzTV, ITV, Idman Azərbaycan, Mədəniyyət) maliyyəçi deputat Arif Alışanov hansı əsaslarla quldarlıq prinsipləri ilə idarə edir, jurnalistə kölə kimi baxır. MTRŞ nəzarət etmir – niyə bu dörd kanalın dördünün xəbər proqramında eyni gündə eyni süjetlər efirə gedə bilir. Hətta zəhmət çəkib Idmanda, Mədəniyyətdə təkrarlanan süjetin sonundan “Firuzə, Nadir, Xəbərlər” kimi ünvan sözlər də çıxarılmır. Pula qənaət üçün bayram və anım günlərində müxtəlif verilişlər hazırlamağa əməkdaş olmadığına görə (AzTV, Idman, Mədəniyyətin verilişləri əsasən eyni adamların əlindən keçir) Idmanla Mədəniyyət AzTV-yə qoşulur. Gecə saat ikidən sonra hər üç kanalda AzTV-nin loqosu olur. “Imperator” A.Alışanov teleimperiyasını get-gedə gücləndirir, Elsevər müəllimdən “Qəmlo”luq gözləyir. Əlində deputat-sədrin istədiyi an dövlət çevrilişi edə biləcək qədər imkanları və əlaqələri var. ITV onun idarəçiliyi altındadır. Hətta ITV direktorunun Alışanovun göstərişləri ilə işləməkdən bezib istefa etmək arzusuna belə icazə verilmir. Bataqlıqdan könüllü çıxmaq fəlakətə gətirər. Dörd telekanal bir nəfərin idarəçiliyinə verilməklə zombiləşdirilib. Bu telekanallarda çalışanların senzurası onların beynində, şüurunda, ürəyindəki qorxudadır. Kəhnələr, təzələr alternativ fikirdən dar ağacından qorxan qədər qorxurlar. Ən azı işsiz, pulsuz qalmaq qorxusu var. Bu dörd televiziyada əsas amil hakimiyyətin Əli Həsənovun əlindən, dilindən keçən sifarişini yüksək səviyyədə yerinə yetirmək, aybaay kimlərəsə ödənən haqqı – konverti gecikdirməməkdir. Əslində Azərbaycan hökuməti ildə büdcədən 70 milyon manat vəsaiti dörd televiziyanın peşəkar fəaliyyəti üçün deyil, özünün təbliğatı və bu təbliğatı aparanların sadiqliyi üçün ayırır. Lider prezidentin əmisi oğlunun, Space prezidentin bacısının əlindədir. Yerdə qalan dörd televiziyaya büdcədən pul ayrılmasa da, məmurların əli, hakimiyyətin gözü onların üstündədir. Telekanallar ətraflarında çəkilmiş cızıqdan qırağa çıxa bilməzlər, başları ağrıyar. Baş ağrıdan qurum – MTRŞ onları başa salmağın çeşidli yolllarını bilir. Bütün bunlar işin siyasi və iqtisadi tərəfidir, yazmaqla düzələn deyil. Mədəniyyətsiz tərəfi isə yaza-yaza, deyə-deyə abıra salmaq olar.
“Gülə-Gülə”ni döyə-döyə…
Siyasi məsələləri çıxsaq, Azərbaycan televiziyalarının cəmiyyətə vurduğu ən böyük zərbə onun mədəni səviyyəsini düşürmək, kriminal aləmə doğru yönəltməkdir. Iki cümlə ilə deyim, kriminal xəbərlər ictimai qınaq yox, ictimai maraq, fərdi yönləndirmə yaradır. Kriminal verilişləri, kriminal xəbərləri azaltmaq, onları araşdırma proqramları ilə əvəz etmək, “Rezonans”ları artırmaq gərəkdir.
Azərbaycanda səviyyəli əyləncəli veriliş hazırlamaq təcrübəsi yoxdur. Çünki əyləncənin kökündə istedad yox, qazanc marağı durur. ATV, Space, ANS-in səviyyəsiz yumoristik verilişlərindən gələn qazanc müəlliflərinin başını gicəlləndirib. Qazanc xatirinə şit, bayağı, tərbiyəsiz verilişlərlə insanları zövqsüzləşdirməyə, bir növ təhqir etməyə kimsənin haqqı yoxdur. Qurama şoular, insan taleləri üzərində saxta emosiyalarla yığılan reytinqlərdən qazanan şəxslər pul üçün insanlıqdan çıxmasınlar gərək. Məni kimsə Elgizin gündəlik təəccübünün, Zaurun aşırı gərginliyinin, Xoşqədəm xanımın göz yaşlarının həqiqiliyinə inandıra bilməz. Bunlar əksər halda şouya xidmət edir, tamaşaçını tovlamaq üçündür. Əslində sadəcə səmimi, doğrusul olmaq yetər. Baxın, Azərbaycan teleefiri nə qədər səviyyəsizləşib ki, Space-nin “Gülə-Gülə”sində səbri daşırılan qonaq-müğənni Tacir Şahmalıoğlu aktyoru döymək həddinə çatdırılır. Tacir bəyin “əlinə sağlıq”, televiziya efirini bazara çevirənlərə həddini hər cür yolla bildirməkdə haqlıdır. Bu, zorakılıq deyil, şəxsiyyətin alçaldılmasının qarşılığı, üzünümüdafiədir. Belə bir gün “obiri uşaqları” da gözləyir. Televiziyada çalışmaq hər zaman haqlı olmaq deyil. Bəzi telejurnalistlər efir mədəniyyəti deyilən həddi çox aşıblar. Televiziya rəhbərləri belələrini efirdən uzaqlaşdırmalıdır. Kimsə rejissor Vaqif Mustafayevə istedadsız deyə bilməz. Bu istedadı vəzifəyə, ad-sana dəyişmək onun öz işidir, “Gülə-gülə”lərdən gələn qazanca əyilmək yaraşmaz.
Siyasətsiz Acun Ilıcalı modeli
Televiziya yüksək gəlirli biznes sahəsidir. Burada keyfiyytəli məhsulu satmaq imkanı var. Qiyməti özün müəyyənləşdirirsən. Amma bu elə biznesdir ki, orda fərdi maraqlar ictimai maraqlardan sonra gəlir. Uzun illərdir Türkiyə telekanallarında yüksək reytinqli verilişləri ilə tanınan Acun Ilıcalının fəaliyyətini izləyirəm. Adam əsl televiziya adamıdır. Bacarıqlı, dürüst, əliaçıq. Kimlərsə onun hakimiyyətə yaxın olduğunu deyir, bəlkə də. Bu işin bir tərəfi ola bilər, ancaq onu tamaşaçıya sevdirməz, reytinq qazandırmaz. Fikrimcə, Azərbaycanın Acun Ilıcalı modelinə, mədəniyyətin təbliği üçün siyasi gündəmsiz televiziya kanalına ehtiyac var. Bu işdə şans qazana biləcək şəxslər də tapmaq olar. Azərbaycan Türkiyə deyil, orda televiziyaların gəlirləri burdakı ilə müqayisə olunmaz. Dövlət televiziyaları əsirinə çevirməyib. Yeni telekanalların açılıına əngəl törətmir. Amma telebiznes qurmaq üçün istedad, bacarıq və insanlıq, ləyaqət tələb olunduğu qədər də istək olmalı, buna cəhd edilməlidir. Ölkədə “215 KL”-dən sonra yaranan uğurlu telelayihə Siyavuş, Oqtay, Yaşar bəylərin “SOY” kompaniyasıdır. Siyasi dönəmlərin məhsulu olan “215 KL”dən fərqli olaraq bir çox əyər-əskiklikləri ilə yanaşı “SOY” indiyəcən mədəniyyət, incəsənətlə bağlı maraqlı layihələr gerçəkləşdirib. Amma genişlənə, möhkəmlənə bilməyiblər. Niyə? Pul qazanmaq üçün pul yatırılmalıdır. Azərbaycanda televiziyaçılıq etmək istəyənlər – “SOY”, KVN-şiklər, Murad Dadaşov (Mərc-şou, Maşın şou) siyasətdənkənar, reytinqli bir-iki verilişdən gələn qazancları bahalı evlərə, maşınlara, səyahətlərə, geyimlərə, yeyib-içmələrə xərclədiklərindən gələn puldan çox gedən pul olur. Bizdə AzTV-nin əlaltısı yox, səviyyəli mədəniyyət kanalına tələbat var. Türkiyənin “Tv8" kanalı ilkin nümunə ola bilər. Acun Ilıcalı bu kanalı sanki ailə kanalına çevirib. Müxtəlif verilişlər eyni adamların üzərində, onların iştirakı ilə qurulur. Az xərclə çox iş görülür, amma peşəkarlıq o qədər yüksək, seçim o qədər doğrudur ki, tamaşaçı gördüyündən bezmir. SOY, Imanov qardaşları, M.Dadaşovun belə bir modelə bacarıqları yetər, pulları yetərmi, yuxarılara əlləri çatarmı, bilmirəm. Hər halda ipucu bizdən.
Sənubər