Ekspertlər Artur Rəsizadənin parlamentdəki çıxışının reallıqdan uzaq olduğunu deyir
Dünən Milli Məclisin toplantısında hökumətin hesabatı dinlənib. Hesabat barədə məlumat verən O.Əsədov bildirib ki, ötən il ölkə inkişafı yüksək templə davam edib, makro və mikro iqtisadi sabitlik qorunub saxlanıb, 2,8 faiz ümumi iqtisadi artım qeydə alınıb. A.Rəsizadə də bildirib ki, hökumət qarşısına qoyduğu məqsədlərə çatıb və ölkə iqtisadiyyatında inkişafa nail olunub.
Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin fonunda manatın devalivasiyası ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Ixraca yönümlü iqtisadiyyat yaratmağı hədəflədiklərini bəyan edən hakimiyyət əksinə ölkəyə idxalını artırır.
“Baş nazir biznesə və istehlakçılara deməlidir ki, dövlətin dəstəyini görəcəksiniz”
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, parlamentdə təqdim olunan hesabat reallıqları əks etdirmir və ölkənin iqtisadi durumu ilə bağlı həqiqəti kəskin şəkildə təhrif edir: “Nə qədər rəqəmlərə aludə olmalısan və bəsirət gözünü bağlamalıdır ki, ölkə reallığını görməyəsən? Anlamıram. Iqtisadi artım səviyyəmiz ABŞ və Avropa Birliyinə daxil olan ölkələrin səviyyəsinə düşüb. Neftin qiyməti və hasilat azacıq aşağı düşəndən hökumətimiz daha buna da sevinir. Bir ölkənin Baş naziri durub hesabat verməlidir ki, biz devalvasiyanın təsirləndirdiyi bazarlardan, yaranmış vəziyyətdən çıxış yollarını axtarırıq. Baş nazir biznesə və istehlakçılara deməlidir ki, yaxın dövrlər üçün dövlətin dəstəyini görəcəksiniz. Deməlidir ki, biz banklar və digər özəl sektorla bağlı bu işləri aparırıq ki, iqtisadiyyatda əvvəlki templəri saxlayaq, bərpa edək”.
M.Talıblının fikrincə, Baş nazir deməlidir ki, iqtisadi dinamizmin təmin olunması üçün bu qeyri-müəyyənlik və gözləntilər necə təmin olunacaq: “Gündəlik istehlak mallarının qiymət artımına inzibati yollarla imkan verilmir. Firmaları, mağaza sahiblərini təhdid edirlər, maliyyə sankisyaları tətbiq edirlər. Əgər baş verəcək ziyanlarını qarşılamaqdan imtina edəcəkləri və müəssisələrini bağlayacaqları halda isə onları cinayət məsuliyyəti ilə hədələyirlər. Burada da məqsəd odur ki, bazardakı çöküşü çox insan hiss etməsin. Belə vəziyyətlərdə dövlətlər biznesin yanında olurlar. Bizdə biznes qurumları üzərində dövlət qurumlarının patronaclığı hiss olunur. Deyilməlidir ki, sizdən gələn narazılıqla dövlət məşğul olur. Narahat olmayın Bütün bunlar deyilirmi? Xeyr. Əslində bütün bunlar deyilməldir”.
“Hökumət dayanıqlı inkişaf edən iqtisadiyyat qura bilməyib”
Ekspert Vahid Məhərrəmov bildirdi ki, hakimiyyət həmişə ictimaiyyətə müəyyən iqtisadi nailiyyətlər əldə etdiyini açıqlayır. Artıq hakimiyyətin söyləməyə başqa arqumentinin qalmadığını deyən V.Məhərrəmov vurğuladı ki, şişirdilmiş rəqəmləri hakimiyyət gerçəklik kimi təqdim etməyə çalışır. Amma reallıq tam başqa cürdür: “Məsələn, kənd təsərrüfatında hər hansı bir nailiyyətin olduğunu demək, ümumiyyətlə, ağılsızlıqdır. Bunu rəqəmlər də sübut edir. Taxıl istehsalı üçün uzun müddət büdcədən iri maliyyə vəsaiti ayrıldı. Biz əgər ölkəyə əvvəllər 700 min ton taxıl idxal edirdiksə, indi bu rəqəm iki dəfə artıb. Hazırda bu göstərici bir milyon 600 min tondur. Bura həm qarğıdalı, həm də buğda daxildir. Bu nailiyyətdirmi? Özü də əkin hissəsinin 65-70 faizi taxılın altındadır. Biz südə olan ehtiyacımızı əvvəlkindən də daha artıq idxaldan ödəyirik. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycandakı indiki hökumət dayanıqlı inkişaf edən iqtisadiyyat qura bilməyib”.
V.Məhərrəmov bildirdi ki, bu gün ölkədə vəziyyət olduqca gərgindir. Azərbaycanın hər hansı məhsulun istehsalına görə dünyada ad qazanmadığını vurğulayan V.Məhərrəmov bildirdi ki, Azərbaycan dünyada tanınmış brendlə fəxr edə bilməz. “Baş nazir heç olmasa vəziyyətin bu cür gərgin hal aldığı zamanda reallıqdan danışmalı idi. Bunlar yerlərdə olmurlar, onlar istehsaldan uzaqlaşıb. Bakı şəhərində öz biznesləri ilə məşğuldurlar”, deyə ekspert vurğuladı.
Xəyal