“Zərərçəkən” və şahidlər prosesə çağırılmır, hadisə yerindən videoçəkilişə baxılmır, heç bir dəlil-sübut araşdırılmır
Martın 3-də Bakı Apelliyasiya Məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyevin oğlu Əli Gülalıyevun şikayətinə baxılıb. Apelyasiya şikayəti Əli Gülalıyev barsəində Xətai rayon məhkəməsinin qərarından verilib.
Məhkəmədə müdafiə tərəfi bir neçə vəsatət qaldırıb:
– Birinci instansiya məhkəməsinin protokollarında bilərəkdən ciddi nöqsanlara və saxtakarlıqlara yol verildiyi üçün eyni halın Apelliyasiya Məhkəməsində də təkrarlanma ehtimalına qarşı proseslərdə video çəkilişin aparılması təmin edilsin.
– Həm birinci instansiya məhkəməsində, həm də Apelliyasiya Məhkəməsində "zərərçəkən" iştirak etmir, proseslər onun iştirakı ilə aparılsın.
– İstintaqın şahid kimi tanıdığı şəxslərin proseslərdə iştirakı təmin edilsin.
– Hadisə yerində quraşdırılmış müşahidə kamerasının yaddaşında hadisənin baş verdiyi zaman lentə alınmış video görüntülərə baxış keçirilsin.
Vəsatətlərin heç biri təmin edilməyib.
Proses martın 11-nə təxirə salınıb.
Oktay Gülalıyev məhkəmənin bu cür gedişinə özünün facebook səhifəsində münasibət bildirib.
“Təsəvvür edirsinizmi, məhkəmə heç bir şahidi dinləmədən, "zərərçəkən"in özünü görmədən və "şikayəti"nə qulaq asmadan, baş verdiyi iddia olunan hadisə ilə bağlı əsas və yeganə tutarlı fakta – videogörüntüyə baxmadan, azyaşlı məktəbli uşaqlardan polis bölməsində valideynlərinin iştirakı olmadan zorla alınmış ifadələri incələmədən, eləcə də digər sübut və dəlilləri araşdırmadan məhkəməni yekunlaşdırıb, tələm-tələsik qərar vermək istəyirdi.
Etiraf edim ki, mən Azərbaycanda məhkəmələrin bu qədər aciz, rəzil və yazıq durumda olduğunu bilmirdim. Söhbət onların övladım Əli ilə bağlı çıxartdığı və çıxaracağı saxta qərarlardan getmir. Söhbət yüzlərlə, minlərlə, on minlərlə vətəndaşımızın haqqında çıxarılan ədalətsiz qərarlardan gedir. Azərbaycanda məhkəmələr o qədər aşağılanıb, hörmətdən, nüfuzdan salınıb cılızlaşdırılıb ki, artıq məhkəmələrə inam qalmayıb. Sifarişlərlə qərar qəbul edən məhkəmələr icra qurumlarının ən kiçik bölmələrinə çevrilib.
İnanıram ki, avtoritar rejimlərə xas olan məhkəmələrimizin sifarişə və ələ baxan durumu ötüb keçəcək. Azərbaycan məhkəmələrində haqqın öz yerini tutacağı, ədalətin zəfər çalacağı gün uzaqda deyil. O gün mütləq gələcək. Heç kim inamını itirməsin. Azərbaycan insanının həqiqi ədaləti məhkəmələrdə axtaracağı və tapacağı gün uzaqda deyil.
Biz hamımız bir yerdə ölkəmizdə ədalətli, demokratik bir cəmiyyətin qurulmasına nail olacayıq. Onda məhkəmələrimizin sifarişlə işləməsinə, saxta, ədalətsiz qərarlar qəbul etməsinə ehtiyac qalmayacaq! Çünki ədalətli məhkəmələr ədalətli cəmiyyətlərdə olar…”, – deyə o, qeyd edib.